Saday Şəkərlinin tərcümə və təqdim etdiyi alman şairi

Saday Şəkərlinin tərcümə və təqdim etdiyi alman şairi

Müstəqil.Az tanınmış alman şairi Boris Qreffin iki şeirini hazırda qürbətdə yaşayan ünlü şairimiz Saday Şəkərlinin tərcüməsində   ilk dəfə olaraq Azərbaycan d oxuculara təqdim edir:

 

 

Açıqdır

 

Narıncı izlər firuzəyə qarışır;
qaranlıq zindanda ağ işıq barmaqları;
isti çınqılın üstündə uzanan kölgələr.

Ulduzlarla taclanmış gecə dişlərini qıcayır;
dalğalar köpüklü yalları ilə əyilir;
xoşbəxtlik — özümü xoşbəxt sandığım andır.

Taxta lövhələrimdən qətran tozunu qaşı;
fikirlərimdən rədd edilmişləri alaq kimi təmizlə;
iti caynaqlarla kökləri kəs.

Zəif fırlanma gücü ilə nəhayət havaya qalx;
siqnal işıqları kimi yanıb-sönən uçuş zolaqları mənə gülümsəsin;
ölümə yaxın, ölümsüz həyatın içindən naviqasiya et.

Qanadlarını çılğınlıqla çırpma;
hər cavabı şübhə ilə sorğuya çəkmə;
qoy bundan sonra məni yalnız yüksələn hava axını aparsın.

 

 Məzar otu

 

Meyit itaəti, cənazə süfrəsi;
zəng düymələrindən bir dəniz,
qəbir daşları yerinə düzülmüş
zəng lövhələrindən bir ordu.

Anonimlik —
həyatın içində ölüm deməkdir.

Çoxları hələ də
ölə-ölə qalır,
boz beton libasına bürünmüş
vegetativ boşluqda.

Bir zəncirotu
daşı dişləyib yarır.

Alaq otu da
gözəl ola bilər.

Share: