Neçə vaxtdır ki, Binəqədi-38 MMMC-də baş verən qanunazid fəaliyyətlə bağlı aləmə car çəkirəm. Hələ ki, heç bir dövlət qurumunun diqqətini özünə çəkmir. Elə bil, heç kimin vecinə deyil.
Adıçəkilən MMMC-nin hazırki İdarə Heyətinin binanın liftlərinə yapışdırdığı Bildirişdə yazılır: “İdarə Heyətinin iclasının qərarına əsasən, səsvermə bülleteninə daxil ediləcək yeni İdarə Heyəti üzvlüyünə namizədlərin ümumi sayı 5 (beş) nəfər, bundan əlavə yeni Təftiş Komissiyasının üzvlüyünə namizədlərin sayı isə 2 (iki) nəfər olaraq müəyyən edilmişdir. Daxil olan yazılı ərizələrin sayı tələb olunandan çox olarsa, bülletenə düşəcək ümumilikdə 7 (yeddi) namizəd 10 sentyabr 2026-cı il tarixində mülkiyyətçilərin iştirakı ilə şəffaf şəkildə püşkatma qaydasında müəyyən ediləcək və adları bülletenə daxil ediləcəkdir.”
Sanki XX əsrin 30-cu illəridir, kolxozda olan 5 inəyi püşkatma yolu ilə 20 kolxozçu arasından 5 kolxozçuya vermək istəyirlər. Yəqin unudublar ki, XXI əsrdə püşkatma üsulu hüquqi səsvermə prosedurunu əvəz etmir. Əvvəla, MMMC-lərdə İdarə Heyətinə namizədliklərin irəli sürülməsi sayı barədə qanunvericilikdə, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və Mülki Məcəlləsində maksimum namizəd sayı ilə bağlı hər hansı məhdudiyyət və ya limit nəzərdə tutan xüsusi bir maddə yoxdur. İdarə Heyətində cəmi 5 yer nəzərdə tutulmasına baxmayaraq, tələblərə cavab verən və cəmiyyətin üzvü olan limitsiz sayda hər bir şəxs öz namizədliyini irəli sürə bilər. Məsələn, 5 vakant yer üçün 10, 15, 20 və ya daha çox sakinin namizədliyinin qeydə alınması mümkündür. Və namizədlər arasında ən çox səs toplayan ilk 5 nəfər İdarə Heyətinin tərkibinə seçilmiş hesab olunur…
İndi gəl bunları Binəqədi-38 MMMC-nin sədri, əslində baş ofisi ABŞ-nin Hyuston şəhərində yerləşən qlobal mühəndislik, texnologiya, tikinti və xidmət şirkəti KBR-in meneceri Eldar Səfərova izah elə, mümkün deyil. Hər ay sakinlərdən yığılan kommunal haqqı ödənişlərindən ayırıb nəğd şəkildə 500 manat maaş verdiyi, MMMC-də digər işçilər kimi rəsmi əmək müqaviləsi olmadan çalışan Teymur adlı, guya maliyyə və inzibati işçi kimi qələmə verdiyi şəxsin məsləhətləri onun üçün Azərbaycan Qanunlarından irəlidir…
Eldar Səfərovun bu kimi qanunazid fəaliyyətindən haraya şikayət etsək də, şikayətimizə baxan yoxdur. Görəsən, bu problemin aradan qaldırılması üçün daha kimlərə şikayət etməliyik ki, səsimiz eşidilsin? Yəni Azərbaycan Respublikasının Qanunları Binəqədi-38 MMMC-də heç vaxt bərqərar olmayacaq?..
Elman Eldaroğlu




















