RAFAEL HÜSEYNOV — BİR ÖMRÜN DƏRSLƏRİ, BİR ÖMRÜN İŞIĞI…

RAFAEL HÜSEYNOV — BİR ÖMRÜN DƏRSLƏRİ, BİR ÖMRÜN İŞIĞI…

AYNA ƏLİXAN

İctimai-siyasi elmlər üzrə təlimçi, tədqiqatçı ,      AMEA-nın dissertantı

Deyirlər insanların yaşadıqları illər sayla deyil, yaratdıqları dəyərlə ölçülür. Rafael Hüseynov da belə insanlardandır.

Bu gün görkəmli alim, akademik, ədəbiyyatşünas, publisist, tədqiqatçı və söz adamı Rafael Baba oğlu Hüseynovun doğum günüdür. 12 avqust 1954-cü ildə Kürdəmirdə dünyaya gələn Rafael Hüseynov ömrünün böyük hissəsini Azərbaycan sözünə, ədəbiyyatına, mədəniyyətinə və milli yaddaşına həsr edib. Onun yaradıcılıq və elmi fəaliyyətinin miqyası rəqəmlərlə ifadə edilə biləcək qədər sadə deyil. Çünki burada söhbət yalnız kitabların, məqalələrin, verilişlərin sayından getmir. Burada söhbət insanlara oxumağı, düşünməyi, xatırlamağı və öz milli-mənəvi dəyərlərinə başqa gözlə baxmağı öyrədən bir ziyalı məktəbindən gedir.

Rafael Hüseynov haqqında bu gün yazmaq istəyərkən düşündüm ki,  mənim üçün bu doğum günü bir qədər də fərqlidir.Çünki bu haqda fikirləşəndə ilk növbədə atam Vaqif Əlixanlının qələmə aldığı “Rafael Hüseynovun dərsləri” yazısı yadıma düşür.

18 may 2022-ci ildə yayımlanan həmin yazı mənim üçün adi bir publisistik məqalə deyil. Orada Rafael Hüseynovun yaradıcılığı ilə yanaşı, iki ziyalının bir-birinə olan hörmətinin, doğmalığının və illərdən keçib gələn mənəvi bağının izləri də var. Atam Rafael Hüseynovu yalnız tanınmış bir alim kimi təqdim etmirdi. O, onun əməyinə, zəhmətinə, sözə münasibətinə və ən əsası, yorulmadan çalışmağına xüsusi qiymət verirdi. Yazıda Rafael Hüseynovun gənclik illərindən, “Axşam görüşləri” ilə başlayan uzun radio yolundan söz açılır. Bu gün artıq həmin yolun neçə onilliklər ərzində necə böyük bir mədəniyyət məktəbinə çevrildiyini daha aydın görmək mümkündür.

Bəzən insanın həyatında elə işlər olur ki, onların əhəmiyyəti illər keçdikcə daha yaxşı anlaşılır.

Bir veriliş sadəcə veriliş olaraq qalmır…

Bir kitab sadəcə kitab olmur…

Bir söhbət sadəcə söhbət olmur…

Əgər bütün bunların arxasında böyük zəhmət, böyük sevgi və milli məsuliyyət dayanırsa, onlar zaman keçdikcə mədəni yaddaşın bir hissəsinə çevrilirlər.

Rafael Hüseynovun yaradıcılığında da məhz bunu görmək mümkündür.Atamın Rafael Hüseynovun dərsləri” yazısında xüsusi yer verdiyi üç kitab — Millətin zərrəsi”, “Əbədi Cavid” və “Söz heykəli” — bunun ən gözəl nümunələrindəndir. Bu kitabların adlarının özündə belə bir məna var.

Millətin zərrəsi…

Milləti böyük edən nədir? Bəzən bir insanın taleyi, bir sənətkarın sözü, bir şairin misrası, bir ailənin xatirəsi, bir dövrün ağrısı və ya bir ziyalının gördüyü həqiqət.

Əbədi Cavid…

Çünki böyük sənətkarların ömrü yalnız yaşadıqları illərlə ölçülmür. Onlar sözləri, düşüncələri, yaratdıqları mənəvi dünya ilə özlərindən sonra da özlərinə əbədiyyət qazanırlar.

Söz heykəli…

Bəlkə də Rafael Hüseynovun bütün yaradıcılıq yolunu ifadə edən ən gözəl anlayışlardan biridir. Çünki onun əsas silahı da, əsas sevgisi də sözdür.

Sözə qiymət vermək…

Sözü qorumaq…

Sözün arxasındakı insanı görmək…

Sözün içindəki tarixi, ağrını, sevgini, yaddaşı duymaq…

Bunların hər biri Rafael Hüseynov yaradıcılığının ayrılmaz cəhətləridir.Atam həmin yazısında bu kitablardan danışarkən onların oxucu yaddaşında yaratdığı təsirdən də bəhs edirdi. Mənim üçün isə bu gün həmin yazını yenidən oxumağın başqa bir mənası var.

Atam artıq aramızda yoxdur…

Amma onun qələmə aldığı, yazdığı sözlər var…

Rafael Hüseynov haqqında yazdığı fikirlər var…

Və illər sonra həmin sözlərə baxanda insan anlayır ki, yaxşı sözün də öz taleyi olur.

Bəzi yazılar yazıldığı gün üçün olur.Bəzi yazılar isə illər sonra yenidən oxunmaq üçün yazılır.“Rafael Hüseynovun dərsləri” mənim üçün məhz belə yazılardandır.Çünki orada yalnız Rafael Hüseynov haqqında düşüncələr yox, həm də atamın dostluğa, ziyalılığa, zəhmətə və söz adamına münasibəti var.Yazının sonunda Rafael müəllimə çox doğma bir ifadə ilə müraciət edirdi:

Maşallah olsun, qardaşım! Ardını görək!”

Bu cümlə mənim üçün bu gün xüsusi səslənir.Çünki “ardını görək” sadəcə bir arzudan daha böyükdür.Bu, görülən işlərin davamını arzulamaqdır.Bu, insanın yaratdığı dəyərlərin hələ qarşıda da artacağına inanmaqdır.Bu, təkcə bir ziyalının ömrünə deyil, onun yaratdığı işığın davamına xeyir-dua verməkdir.Bu gün Rafael müəllimin doğum günündə həmin cümləni mən də böyük səmimiyyətlə təkrar etmək istəyirəm:

Maşallah olsun, Rafael müəllim! Ardını görək!

İllər keçdikcə insan bir həqiqəti daha yaxşı anlayır: cəmiyyətə ən çox təsir edən insanlar bəzən ən yüksək səslə danışanlar deyil, sözünü illərlə səbr və təmkinlə söyləyənlər tarix səhifələrində xalqının yaddaşını daim canlı saxlayanlardı. Rafael Hüseynovun yolu da belə yollardandır. O, Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərinə, şəxsiyyətlərinə, sənət adamlarına, unudulmaq təhlükəsi ilə üz-üzə qalan xatirələrinə işıq salıb. Onun elmi və publisistik fəaliyyəti ilə yanaşı, televiziya və radio yaradıcılığı da böyük bir auditoriyanı Azərbaycan mədəniyyətinin zəngin dünyası ilə görüşdürüb. Milli Məclisin rəsmi məlumatında onun onlarla kitab və monoqrafiyanın, yüzlərlə elmi və publisistik əsərin, sənədli-publisistik filmlərin, minlərlə televiziya və radio proqramının müəllifi olduğu göstərilir.Bütün bunların fövqündə Rafael Hüseynovun böyük Vətən sevgisi ,vətəndaş mövqeyi dayanır.  Ən böyük qazancı isə məhz budur — onun adı ilə birlikdə çoxsaylı əsərlər, araşdırmalar, söhbətlər, verilişlər, xatirələr və öyrətdiyi mənəvi dəyərlər əsrlərlə yaşayacaq.“Vətənim” kimi müəllif proqramlarında da bunun izlərini görmək mümkündür. Vətən yalnız xəritədə göstərilən torpaq deyil. Vətən həm də onun dili, ədəbiyyatı, musiqisi, tarixi, insanları, xatirələri və milli yaddaşıdır.Rafael Hüseynov uzun illərdir bizə məhz bu Vətəni başqa bir pəncərədən göstərir. O, bu xalqın keçmişini  vərəqləyərkən yalnız dünənin mənəvi zirvələrini göstərmir, gələcəyə baxmağı da öyrədir.**Danışılacaq daha çox söz, araşdırılacaq çox tarix, xatırlanacaq çox insan, qorunacaq çox dəyər var…

Rafael müəllim, doğum gününüz mübarək!

Sizə möhkəm cansağlığı, uzun və mənalı ömür, yaradıcılıq enerjisi və qələminizin daim iti, sözünüzün daim dəyərli olmasını arzulayıram.

Bir daha “Maşallah olsun, Rafael müəllim!

Ardını görək!..

Share: