Zamanın rəngi və Lənkəranın ruhsal Palitrası: Rəssam Şöhrətdin Səbziyevin yaradıcılıq dünyası

Zamanın rəngi və Lənkəranın ruhsal Palitrası: Rəssam Şöhrətdin Səbziyevin yaradıcılıq dünyası

Sənət insan ruhunun zaman və məkan daxilində özünüifadə forması, daxili aləmin xarici mühitlə vizual dialoqudur. Hər bir rəssamın yaradıcılıq yolu, əslində, onun doğulduğu torpağın rənglərindən, gənclik illərinin axtarışlarından və ömür qatarının keçdiyi fərqli coğrafiyalardan süzülüb gələn bir işıq selidir. Azərbaycan rəngkarlıq sənətində özünəməxsus dəst-xətti, fərdi yaradıcılıq fəlsəfəsi ilə seçilən sənətkarlardan biri də Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Qalereyanın üzvü Şöhrətdin Bali oğlu Səbziyevdir. Rəssamın keçdiyi həyat və sənət yolu sənətşünaslıq baxımından həm regional kolorit, həm də universal bədii axtarışlar müstəvisində böyük maraq kəsb edir.

Şöhrətdin Səbziyev 1960-cı il iyunun 27-də Azərbaycanın füsunkar güşələrindən biri olan, yaşıllığı və dəniz ruzgarı ilə insanı sehrləyən Lənkəran rayonunun Vilvan kəndində dünyaya göz açmışdır. Lənkəranın təbiəti, onun payızının qızılı rəngləri, yazının bərəkətli,yaşılı gənc Şöhrətdinin estetik zövqünün formalaşmasında ilk təbii emalatxana rolunu oynamışdır.
1967–1977-ci illərdə Vilvan kənd orta məktəbində təhsil alan gələcək rəssam, hələ o illərdən ətrafındakı dünyanı sadəcə görmür, həm də onun cizgilərini hiss etməyə çalışırdı. Məktəb illərindən sonra, 1979–1981-ci illərdə ordu sıralarında xidmət edən Şöhrətdin Səbziyev üçün bu dövr,həm də bir həyat məktəbi, xarakterin bütövləşməsi dövrü idi. Lakin sənətə olan daxili ehtiyac, rənglərin cazibəsi onu daim özünə çəkirdi.
Rəssamlıq istedadının elmi və nəzəri əsaslarla möhkəmləndirilməsi məqsədilə Şöhrətdin Səbziyev 1982-ci ildə o, dövrün nüfuzlu təhsil ocaqlarından birinə Moskv İncəsənət Universitetinə (ZNUİ) daxil olur. Burada o,dəzgah qrafikası və rəngkarlıq kursu üzrə akademik biliklərə yiyələnir. 1987-ci ildə bu universiteti uğurla bitirən rəssam, qrafikanın ciddi xətt sistemini rəngkarlığın emosional zənginliyi ilə sintez etməyi bacarır. Moskva mühiti onun vizual dünyagörüşünü genişləndirsə də, ruhu həmişə doğma Lənkərana bağlı olur.
Şöhrətdin Səbziyevin dəzgah qrafikasındakı dəqiqlik və rəngkarlıq əsərlərindəki lirik duyğusallıq, onun akademik təhsillə milli ruhda elm və nənəviyyatın birləşdirməsinin bariz nümunəsidir.
1984–1996-cı illər rəssamın yaradıcılığının ən məhsuldar və ictimai fəallıq dövrlərindən biridir. O, Lənkəran şəhər mədəniyyət və istirahət parkında rəssam kimi çalışmaqla yanaşı, paralel olaraq Lənkəran şəhər Q. Vəliyev adına mədəniyyət evində bədii fəaliyyət göstərir. Bu illər ərzində rəssam nəinki fərdi yaradıcılıqla məşğul olur, həm də yerli mədəni mühitin canlanmasına öz töhfəsini verir. Onun əsərləri Lənkəran və Respublika miqyaslı sərgilərdə nümayiş etdirilərək sənətsevərlərin və tənqidçilərin rəğbətini qazanır
Həyatın dolanbac yolları Şöhrətdin Səbziyevi 1998-ci ildə Rusiyaya aparır və o, 2015-ci ilə qədər orada yaşayıb yaradır. Yaradıcı insan üçün qürbət həm çətin bir imtahan, həm də daxili monoloqların dərinləşdiyi bir mərhələdir. Rusiyada yaşadığı illərdə çəkdiyi tablolarda Lənkəranın istisi, Xəzərin mehi, doğma kəndinin torpaq qoxusu qürbət soyuqluğuna qarşı bir sipər kimi rəssamın fırçasından boylanır.
Nəhayət, vətənə, doğma ocağa qayıdış rəssamın yaradıcılığına yeni bir nəfəs, yeni bir coşğu gətirir.
Sənətə verilən dəyər və Beynəlxalq statuslar
Şöhrətdin Səbziyevin həyatında mühüm yer tutur. Fəaliyyətini hər zaman dövlət qurumları tərəfindən yüksək qiymətləndirilir. O, yaradıcılıq uğurlarına görə çoxsaylı təltiflərə,qramota və fəxri fərmanlara layiq görülmüşdür. Rəssamın sənətdəki çəkisi onun statusunda da özünü göstərir.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, milli təsviri sənət ənənələrinin daşıyıcısı kimi.
Beynəlxalq Qalereyanın üzvü,əsərlərinin ümumbəşəri dəyərlərə və qlobal sənət meyarlarına cavab verməsinin sübutu kimi görmək olur .
2022–2024-cü illərdə Lənkəranda rəssamın möhtəşəm fərdi yaradıcılıq sərgiləri təşkil olunur. Bu sərgilər sadəcə bir hesabat deyil, illərin sənət süzgəcindən keçmiş rənglərin bayramı, rəssamın doğma xalqı ilə vizual görüşü idi.
Şöhrətdin Səbziyevin yaradıcılığına verilən ən ali dəyərlərdən biridə 2024 cü ilin iyun ayının 6 da Azərbaycan təsviri sənətinin zirvəsi, Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illik yubileyi münasibətilə Lənkəranda təşkil olunan “Xəyallarımın rəngləri” adlı fərdi sərginin keçirilməsi, Şöhrətdin müəllimin yaradıcılığına verilən böyük qiymətin parlaq təzahürüdür.
Bu önəmli mədəniyyət hadisəsi Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə baş tutub və idarənin rəisi Bəxtiyar Qılıncov tərəfindən yüksək dəyərləndirilib. Cənab Qılıncovun və digər sənətsevərlərin bu tədbirdə şəxsən iştirakı, rəssamın fırçasına və milli rəngkarlıq ənənələrini davam etdirməsinə göstərilən xüsusi ehtiramın bariz sübutudur.
Bu sərgi Şöhrətdin müəllimin istedadının yerli mədəniyyət rəhbərliyi və ictimaiyyət tərəfindən nə qədər yüksək qiymətləndirildiyini bir daha ortaya qoymuş oldu.
Şöhrətdin Səbziyevin kətan üzərinə köçürdüyü hər bir rəng, hər bir cizgi onun keçdiyi 66 illik şərəfli ömür yolunun, Vilvandan başlayan və beynəlxalq arenalara ucalan sənət eşqinin tərcümeyi-halıdır. O, rənglərin dili ilə danışan bir şair, xətlərin fəlsəfəsini tapan bir alim və Lənkəranın ruhunu dünyaya tanıdan, bənzərsiz bir fırça ustasıdır. Onun fırçası hələ bundan sonra da Azərbaycan təsviri sənət xəzinəsinə yeni-yeni incilər bəxş etməyə qadirdir.
Əziz Şöhrətdin müəllim, Lənkəranın tarixini və təbiətini fırçanızla canlandıran sənətiniz, o cümlədən Dairəvi qala,Mayak ,Mirəhməd xanın sarayı,Kiçik Bazar məscidi kətan üzərində çəkdiyiniz rəsm əsərləri, yaradıcılığınızın qiymətli xəzinəsinə çevrilib. Muzeyə direktor təyin olunduğum gün gətirdiyiniz çayçılıq və təbiət mövzulu əsərlər bu gün ekspozisiyamızı bəzəyir. Yeni yaşınızda Sizi səmimi qəlbdən təbrik edir, can sağlığı və zehninizə daimi ilham arzulayıram,100 yaşayın,yaradın!

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru,dosent
Lənkəran Tarix Diyarşünaslıq Muzeyi nin direktoru
Məcidova Leyla Qadir qızı

Share: