Bəzən bir tədbir sadəcə tədbir olmur. O, keçmişlə bu gün arasında mənəvi körpü yaradır, yaddaşlarımızı təzələyir, qəhrəmanlarımızı yenidən xatırladır və gələcək nəsillərə ötürüləcək dəyərləri bir daha ön plana çıxarır. 24 iyun 2026-cı il tarixində keçirilən “Müharibə xatirələri qazilərin dilindən” kitabının təqdimat mərasimi də məhz belə yaddaqalan və mənalı tədbirlərdən biri oldu.

Bu görüş yalnız yeni bir kitabın təqdimatı deyil, həm də Vətən uğrunda canından, sağlamlığından keçmiş qəhrəmanlarımıza göstərilən ehtiramın, minnətdarlığın və hörmətin ifadəsi idi.
Kitabda 44 qazinin döyüş yolu və onların müharibə xatirələri toplanıb. Bu xatirələr sadəcə hadisələrin təsviri deyil, xalqımızın qəhrəmanlıq tarixinin canlı səlnaməsidir. Hər bir xatirədə Vətən sevgisi, fədəkarlıq, mübarizə əzmi, dostluq, birlik və qələbəyə inam hiss olunur. Bu gün qürurla yaşadığımız Zəfərin arxasında məhz belə igid Vətən oğulllarının göstərdiyi şücaət dayanır. Bu Zəfər eyni zamanda xalqımızın sarsılmaz birliyinin, dövlətimizin gücünün, Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin və rəşadətli Azərbaycan Ordusunun peşəkarlığının nəticəsidir. Bu gün qalib ölkənin vətəndaşları olaraq yaşadığımız qürur hissi şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və xalqımızın dəmir yumruq kimi birliyi sayəsində mümkün olmuşdur. Onların yaşadıqları, gördükləri və hiss etdikləri isə gələcək nəsillər üçün böyük mənəvi məktəbdir.

Tarix yalnız arxivlərdə qorunan sənədlərlə yazılmır. Tarix həm də onu yaşayan insanların yaddaşında, xatirələrində və həyat hekayələrində yaşayır. Məhz buna görə də “Müharibə xatirələri qazilərin dilindən” kitabı xüsusi əhəmiyyət daşıyır. Bu əsər gələcək nəsillərin müharibənin reallıqlarını, qəhrəmanlarımızın keçdiyi şərəfli yolu birbaşa onların öz dilindən öyrənməsinə imkan yaradır.

Eyni zamanda milli yaddaşımızın qorunmasına xidmət edən qiymətli bir mənbədir.
Təqdimat mərasimində iştirak etmək və öz fikirlərimi bölüşmək mənim üçün böyük məmnunluq idi. Tədbirin yüksək səviyyədə təşkili, zəngin proqramı, təsirli çıxışları və səmimi atmosferi hər bir iştirakçının qəlbində dərin iz buraxdı. Tədbir boyunca səsləndirilən fikirlər, nümayiş etdirilən kompozisiyalar və yaşanan duyğular bir daha göstərdi ki, xalqımız öz qəhrəmanlarını unutmur, onların xidmətlərini yüksək qiymətləndirir. Xüsusilə şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və ehtiram məni çox təsirləndirdi. Şəhid valideynlərinin çıxışlarını dinləmək həm qürurverici, həm də kövrək anlar yaşatdı. Onların övladları haqqında danışarkən hiss etdikləri qürur, eyni zamanda ürəklərində daşıdıqları ağrı hər kəsə qəhrəmanlarımızın hansı böyük fədakarlıqlar hesabına tarix yazdıqlarını bir daha xatırlatdı. Bu çıxışlar bir daha göstərdi ki, şəhidlərimizin və qazilərimizin adı xalqımızın yaddaşında daim yaşayacaq.
Bu gün qazilərimizə diqqət və qayğı göstərmək təkcə dövlətin deyil, bütövlükdə cəmiyyətin mənəvi borcudur. Çünki qazilərimiz Vətən uğrunda sağlamlıqlarını qurban vermiş insanlardır. Onların həyat yolu, mübarizə əzmi və vətənpərvərlik nümunəsi gənclərimiz üçün örnəkdir. Qazilərimizə göstərilən hər bir diqqət əslində Vətənə, dövlətə və milli dəyərlərimizə göstərilən hörmətin ifadəsidir. Belə layihələr və tədbirlər insanların bir araya gəlməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu cür təşəbbüslər cəmiyyətimizdə vətənpərvərlik ruhunu gücləndirir, birlik və həmrəyliyimizi möhkəmləndirir. Xüsusilə gənc nəslin qəhrəmanlarımızı tanıması, onların keçdiyi yolu öyrənməsi və bu dəyərlər üzərində formalaşması üçün belə layihələrin əhəmiyyəti danılmazdır.
Bu dəyərli layihənin ərsəyə gəlməsində böyük zəhməti olan layihə rəhbəri, Naxçıvan Muxtar Respublikası Qazilər İctimai Birliyinin sədri, İkinci Qarabağ müharibəsi qazisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Təbriz Zeynalova, eləcə də Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair- publisist, kitabın müəllifi Rəqsanə Tapdıqlıya səmimi təşəkkürümü bildirirəm. Onların gördüyü iş yalnız bir kitabın hazırlanması deyil, həm də qəhrəmanlarımızın xatirəsinin yaşadılmasına, onların gələcək nəsillərə çatdığılmasına verilən dəyərli töhfədir.
Əminəm ki, “Müharibə xatirələri qazilərin dilindən” kitabı yalnız bu günün deyil, gələcək nəsillərin də müraciət edəcəyi qiymətli mənbələrdən biri olacaq. Bu kitab qəhrəmanlarımızın keçdiyi şərəfli yolu yaşadacaq, onların xatirəsini daim diri saxlayacaq və gənclərimizdə vətənpərvərlik hissinin daha da güclənməsinə xidmət edəcəkdir.
Qəhrəmanlarımızın xatirəsini yaşatmaq, qazilərimizə və şəhid ailələrinə ehtiram göstərmək hər birimizin mənəvi məsuliyyətidir. Çünki Vətən üçün edilən fədakarlıq unudulmamalı, qəhrəmanlarımızın adı daim hörmət və ehtiramla anılmalıdır. Onların yazdığı qəhrəmanlıq dastanı xalqımızın qürurvmənbəyidir. Bu gün müstəqil, güclü və qalib ölkədə yaşamağımızın arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli iradəsi dayanır. Bu müqəddəs irsi qorumaq və gələcək nəsillərə çatdırmaq isə hər birimizin üzərinə düşən ən şərəfli vəzifələrdən biridir.
Məftunə Nur (Hüseynbəyli)






















