Sabir Rüstəmxanlı poeziyası İlhamə Adil qızının bəstəsində – “Səni vətənə bənzədirəm”

Sabir Rüstəmxanlı poeziyası İlhamə Adil qızının bəstəsində – “Səni vətənə bənzədirəm”

Sabir Rüstəmxanlı poeziyası İlhamə Adil qızının bəstəsində – “Səni vətənə bənzədirəm”

Bəzən bir şeir sadəcə misralardan ibarət olmur o, insanın iç dünyasına çevrilir, yaddaşda iz qoyur, ürəkdə yaşayır. Görkəmli Xalq şairi Sabir Rüstəmxanlının “Səni vətənə bənzədirəm” şeiri də məhz bu xüsusiyyətləri ilə seçilən poetik nümunələrdəndir. Şairin həyat yoldaşı Tənzilə Rüstəmxanlıya ithaf etdiyi bu əsər sevginin səmimi və dərin ifadəsi kimi yadda qalır.

“Səni vətənə bənzədirəm!
Hara getsəm, döndüyüm!”

Bu misralar artıq təkcə bir sevgi etirafı deyil, bir bağlılığın və sədaqətin poetik rəmzinə çevrilib.

Məhz bu duyğusal və obrazlı mətn bəstəkar İlhamə Adil qızının yaradıcılıq hissiyyatı ilə musiqidə yeni nəfəs qazanmışdır. O, şeirin ruhunu incəliklə duyaraq onu notlara köçürmüş, sözlə musiqinin ahəngində təsirli bir nəğmə yaratmışdır. Bu bəstə onun yaradıcılığında xüsusi yer tutur və ən dəyərli əsərlərindən biri kimi dəyərləndirilir.

Mahnının Aynur İsgəndərlinin ifasında səslənməsi isə onun daha geniş dinləyici kütləsinə çatmasına şərait yaratmışdır. İlhamə Adil qızının bu mahnını Sabir Rüstəmxanlının 80 illik yubileyinə hədiyyə etməsi isə sənətə və sözə verilən yüksək dəyərin ifadəsidir.

İlhamə Adil qızının yaradıcılığı ümumilikdə milli ruh, vətən sevgisi və insani duyğular üzərində formalaşıb. Xüsusilə II Qarabağ müharibəsində və ondan əvvəlki dövrlərdə bəstələdiyi əsərlər onun sənətinin vətənlə nə qədər sıx bağlı olduğunu bir daha göstərmişdir. Bu istiqamətdəki fəaliyyətinə görə o, müxtəlif mükafatlara layiq görülmüşdür.

Sabir Rüstəmxanlı isə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının sevilən və böyük ehtiramla qarşılanan şairlərindəndir. Onun poeziyası illər keçsə də dəyərini itirmir, nəsillər arasında körpü rolunu oynayaraq yaşayır.

“Səni vətənə bənzədirəm” şeirinə bəstələnmiş bu nəğmə sözlə musiqinin harmoniyasının ən gözəl nümunələrindən biri kimi yadda qalır. İlhamə Adil qızının bu əsəri onun yaradıcılığında xüsusi bir zirvə kimi seçilir.

Çünki bəzi əsərlər sadəcə yaranmır – onlar duyğudan doğulur, qəlbə köçür və orada əbədi yaşayır.

Aysel Nəsirzadə

(zərifkölgələr saytı)

Share: