BELƏ YAŞAMAĞIN İÇİNƏ AZAR
Guya ki, gedirik zamanla yola,
Bir addım qabağa, üç addım dala.
Şükür də edirik hələ bu hala,
Belə yaşamağın içinə azar.
Bayramdan-bayrama ət yeyir çoxu,
Kasıbın başında turp əkir toxu.
Paylanır yadlalara xalqın var, yoxu ,
Belə yaşamağın içinə azar.
Limitlə verilir işığı, qazı,
Kim aldada bilər bu sehirbazı?
Gəlir xəbərlərdə yaxşı avazı,
Belə yaşamağın icinə azar.
Deməyin hər yeri dilənçi basıb,
Axı dilənməyib neynəsin kasıb?
Deməklə səsinə kim qulaq asıb?
Belə yaşamağın içinə azar.
Nə dözüm qalıbdır, nə də ki, səbir,
Dəyərlər yox olur hər gün birbəbir.
Ölənə pul ilə satılır qəbir,
Belə yaşamağın içinə azar.
15.04.2026.
Almaniya. Norden.
Şeirin Bədii Təhlili:
Əlövsət Tahirlinin bu şeiri müasir cəmiyyətin sosial mənzərəsini kəskin tənqidi-realist boyalarla tərənnüm edən bir etiraz nümunəsidir.
Müəllif sosial bərabərsizliyi, yoxsulluğu və mənəvi aşınmanı ön plana çəkir. Əsas ideya insanın layiqli yaşamaq hüququnun tapdanmasına qarşı duyulan narazılıq və çarəsizlik dolu üsyandır.
Şeir sadə, xalq dilinə yaxın və satirik bir üslubda yazılıb. Müəllif “içinə azar” kimi kəskin frazeoloji ifadəni rədif seçməklə poetik qəzəbini vurğulayır.
Şeirdə “tox” və “kasıb”, “yadlar” və “xalq”, “xəbərlərdəki xoş avaz” ilə “real həyatdakı ehtiyac” arasındakı təzadlar cəmiyyətin iki fərqli qütbünü əks etdirir.
“Zamanla yola getmək”, “başında turp əkmək”, “sehrbaz”, yəni aldadan tərəf kimi ifadələr şeirin bədii təsir gücünü artırır. Xüsusilə “ölənə pul ilə qəbir satılması” obrazı maddi dünyanın mənəviyyatı üstələməsinin ən pik nöqtəsi kimi təqdim olunur.
Şeirdə ümidsizliklə bərabər, bir “acı istehza” var. Bu, həm də xalqın səssiz fəryadının poeziyaya köçürülmüş variantıdır.
Qısacası, bu əsər sosial ağrıların poetik manifestidir və oxucuda dərin bir təəssüf hissi oyadır.
Sizə cansağlığı və bütün işlərinizdə uğurlar arzulayıram, Şair!

✍ Sevil Azadqızı Azərbaycan dili və ədəbiyyatı müəllimi.
Filoloq. Ədəbi təhlil-tənqidçi. AJB-nin üzvü.
Yazar-publisist
15.04.2026






















