Bizim çağda ədəbiyyatın, poeziyanın əsas özəlliklərindən biri də yaradıcı şəxsiyyətin fərdi duyğularını, təxəyyülünü, həyatı dərk elementlərini ümumi-ictimai ovqata salmaq imkanıdır. Və buna görə müəllif təmsil olunduğu yaradıcılıq mühitində kimliyini sözdən şeirə obrazlaşdırır, istedadının miqyasını tanıtdırır və cəmiyyətdə yerini, sözünün gücünü bəlirləyə bilir.
Ötən əsrin 90-cı ilərindən üzü bəri Faiq Balabəylinin yaradıcılıq yolu ideya-estetik, mövzu və dil-üslub istiqaməti ilə demək olar ki, mənim təmsil olunduğum ədəbi ortamda, gözlərim qarşısında formalaşıb. Hər ikimiz o illərin mürəkkəb təsirləri, adamı hər cür tərəddüd-sıxıntılarla, mühafizəkar təzyiqlərlə üzləşdirən, ancaq qərarlılığa öyrədən, ümidləri əsirgəməyən labirintlərində addımlamışıq, qaynar ədəbi məclislərin şeir müzakirələrində bir-birimizi tanımışıq. O vaxtlar Faiq gənc dənizçi idi, mən isə gənc qəzetçi. O, dəniz haqqında ürkək şeirlər yazırdı (həmişə bu mövzunun onun qələmində alındığını deyirdim).
Mənim düşüncəmdə isə, türkçülük məfkurəsi, meyilləri qabarıq idi. Ədəbiyyata münasibətdə də bu meyilə üstünlük verirdim. Poeziya müzakirələrinin birində Faiq məni “pantürkist” adlandıranda bunu bir zarafat, dövrün, zamanın səhvi kimi qəbul etmişdim. Amma sonralar Faiq özü də Türkiyədə müxtəlif şeir şölənlərində iştirak edib, tribunada türkçü məzmunlu şeirlər söyləyəndə sevinmişdim…
Faiq poetik istedadı ilə mənsub olduğu gələnəksəl ədəbi düşüncəyə sadiq qalan, yaxşı tanıdığım bir narahat şair obrazıdır. Hansı üslubda, nədən yazırsa yazsın, o mətnlərdə hansı ovqatda, hansı səviyyədə, nə dərəcədə səmimi, mükəmməl, ya da zəif, ötəri yanaşma olduğunu həmən ayırd edə bilirəm. (Faiq özü də yaxşı bilir ki, mən saçma barıt kimi, fikirlərimi qeyri-səmimi tərzdə boşuna sərf eləyən deyiləm.) Yaradıcılıq texnologiyası, poetik ruh tipologiyası cəhətdən fərqli olsaq da, sözə münasibətdə və həqiqi ədəbiyyatı dərk məsələsində ortaq nöqtələrimiz vardır, əlbəttə.
Faiq Balabəylinin şeirlərində digər şairlər kimi ənənəviliklə yanaşı, üslub müxtəlifliyi də var və ancaq bu, heç də qarışıq, pərakəndə, bəlirsiz xüsusiyyət deyil. Əslində şair bəhs etdiyi hər mövzunun daxili dünyasının incəliklərinə enərək o dünyanın içdən necə göründüyünü gerçəyə ötürmək çabalarında bulunmalıdır. Faiq üzdən nə qədər şən görünsə də, həyatda kədəri üz-gözündən oxunan, taleyindəki acılı, yaxud uğurlu ştrixləri gurultuyla car cəkən şair saymaq olmaz. Olsa-olsa o, bunu elə yüngül, ehtiyatlı ifadələrlə, sakit poetik dillə təqdim edir ki, fikrləşirsən, elə belə də olmalıdır. Faiq daim sevinc axtarır, tapmayanda qisməti ilə barışır – yəni gərdişin dərdli üzünü oxşayır, əzizləyir, beləliklə, özü də ona öyrəşib-isinişir və kədəri böyüdür, qəlbinə sığmadığını görəndə özündən uzaqlaşdırıb mətnə təhvil verir, sonra o dərddən ayrıldığına davam gətirməyib qəribsəyir:
Sevinməyə heç nə yox,
Dərd də yoxdu çəkəsən.
Yaxşılıqları dən-dən
Göy üzünə əkəsən.
Toplayasan hissini,
Duyğunu həyəcanı.
Görən, nə vaxt gələcək
Ayrılığın zamanı…
Faiqin şair qələmində kədərin adı, əhvalı, miqyası yetərincə genişdir. O genişlik şairin ovcu boyda olmasa da, bütövlükdə özü kədərin ovcuna sığışa bilir. Övlad qəlbində daimi qubar eləyən ata-ana nisgili, əlçatmaz uşaqlıq anıları, keçmişin xiffətini dikəldib canlandıran yurd-yuva (məmləkət) nostaljisi, Vətən təəssübkeşliyi və Vətən qarşısında vətəndaş missiyası, ayrılıq-həsrət duyğuları, bəzi insan tiplərinin həyatın ritmini pozan naqolay düşncəsinə etiraz notları tərəddüdlü inamla eyni odada nəfəs alır, yeri gələndə bir-birinə təsəlli verir. Yenə də bu hisslərin lirik “birgəyaşayış konsepsiyası” şair sözünün imkanları daxilində həllini tapır. Bəlkə də elə ona görə Faiq yeni növbəti kitabını “Bir ovuc kədər” adlandırıb. Nədənsə, mənim yadımda bu kitab “Kədərin ovcundakı Faiq” adıyla qalıb. Onun ovcundan daşan kədər hansısa formada üzücü olsa da, yenə şairin düşüncəsinə doğma bir hiss kimi sirayət edir, ərkəsöyün halda onu cırnadır və sözlə şəkillənəndə xəfif qorxu, təlaş kimi də təcəlli edə bilir.
Xəzan olub, bir gün əsib
Solduracaq məni bu dərd.
Biriydisə beş olacaq
dolduracaq məni bu dərd.
Əlim əllərdən aşağı
gözümün yoxdur işığı
ayağımdan baş aşağı
qaldıracaq məni bu dərd.
Faiqin ilkin kədəri fərdi kədərdəndən öndə təzahür edir, bu ictimai kədərdir – yurda, torpağa Vətənin taleyindəki acılara bağlı təəssüratlardır. İnsanın içini parcalayan o acıların həqiqi adı Vətənin bir parçasının erməni işğalı, təcavüzü və buna qarşı dünyadakı səssizlik, ədalətsizlik olub. Amma arzuolunmaz bədii təəssüratların sonunda mütləq bir işıqgələn tərəf görünürdü, hər günümüzdə Zəfər saatı nəbz kimi döyünürdü:
Qayası, qalası, didərgin balası
hirsindən, hikkəsindən ağlayan şəhərim,
axır ki qayıtdıq, gözlərin aydın.
Nizama düşəcək qarışıq küçələrin,
Verəcək özünə yaraşıq küçələrin…
Qaranlıqlar yox olacaq, işıqların
küçələrinin üzünə xal kimi düşən şəhərim.
(“Şuşa”)
Vətən torpağı Tükmənçay müqaviləsi ilə ikiyə bölünəndən bu yana, o taylı-bu taylı Azərbaycan poeziyasında kədərin bir poetik adı da Arazdır. Və elə bir şair tapmaq olmaz ki, Araza ağı söyləməsin, Arazı oxşamasın, Arazı ayrılıq rəmzi kimi ifadə eləməsin. Hətta təəssüf ki, Arazı araya ayrılıq saldığına (?) görə tənbeh edən şairlər də vardır. Faiq Balabəyli isə, kədərli “ürəyimi Araza çevirmişəm” – deyir. Yəni bütöv Vətən dərdimiz Arazla bağlı olmasa da, deməli, yenə də Araz ictimai kədərimizin artıq simvollaşmış adıdır.
Mən sənsiz belə darıxdım –
əllərimi otlarına sürtdüm,
gözlərimi meşələrinə dikdim,
kürəyimi ağaclarına söykədim,
ürəyimi Araza çevirdim –
sənə gələn ağrıları, acıları
içimdən keçirdim…
(”Vətən”)
Şairin qələmində Vətən anlayışı təkcə coğrafi məkan deyil, həm də ruhsal, kutsal bir ocaqdır. O ocaq daim yanır – küləklər söndürə bilmir, xarakteri, vicdanı dünyanın yeni çağırışlarında təfəkkürü aşılanan insanlarla dolur-azalır, bəzən ümumiləşir, bəzən fərdiləşib biradamlıq odaya bənzəyir. Əlbəttə, şair bənzətmələrində, müqayisələrində vətəndaş məsuliyyətindən çıxış edir. O, Vətəni qüruru, kədəri, bütövlüyü, yarımlığı ilə birgə dərk edir:
İnsanlarında insanlıq azalmaqda,
Adamlarında adamlıq.
Hər tərəfindən yel əsir,
Hərə bir tərəfindən kəsir.
Boşalırsan,
Azalırsan.
Az qala olmusan biradamlıq.
(“Vətənə ağı”)
Burada şairin fərdi kədəri, ictimai kədərlə bərabər səviyyə alır, getdikcə ümumiləşir və nəticə etibarilə şair öz dərdini “dağlara” söyləməkdən imtina edir, sadəcə gileylənməyə üstünlük verir. Hər şair özlüyündə tənhadır və elə bir şair yoxdur ki, tale-qədər üz döndərəndə, yaxud hansısa bir mənəvi sıxıntı keçirəndə tənhalığı özünə son sığınacaq seçməsin. Faiq bəzi şeirlərində tənhalıqdan söz açır. Amma tənhalıqdan ürpənəndə, bıkanda ya özünü, ya da ömrü qınayır, həmfikir-dərddaş axtarır, cavabsız səssizliyin içində onun dərddaşı gözünün və dilinin yaddaşı olur.
İllərim sır-sıradı,
Bilmirəm heç haradı.
Mən bir oyun yaradım,
küsdürüm səni ömür.
Görürsən bu dəryada
Eşidilmir səs-səda.
Nə gəmi var, nə ada –
Azdırım səni ömür…
Faiq doğulduğu yurda, kənd-kəsəyə bağlı olan, onun qayğıları ilə nəfəs almağı bacaran, ona xoş günlərini arzulayan, keçmişini şükranlıqla xatırlayan şairdi. Kənd onun təfəkküründə ana ağuşu, ata ocağı kimi əziz və əvəzsiszdir. O harada olursa olsun, qəlbi doğma kəndi ilə birlikdə döyünür, o kəndin yollarında xatirələrinin ardıyca yürüyür, uzaqlaşanda qəribsəyir, yaxınlaşanda mutluluğunu çocuq sevgisi ilə anındaca büruzə verir. O, kəndin xəyalında qədirbilən bir övlad, kənd isə, onun xəyalında gündəlik ovqatı isindirən xoş duyğular, ömürdən geridə qalan unudulmaz xatirədir:
Bir uşaq yüyürər ayağı yalın
Sədası bu kəndi alar başına
Təzə çiçək açmış məhəbbətinin
Damlası bu kəndin hopar daşına...
Yaxud:
Heyf… çox heyf oldu
Köhnəldi xoş duyğular…
Məni kəndə aparan,
Məni kəndə qaytaran
Xoş xəyallar, uyğular,
İnsanların gözündən yuxu təki tökülən
Heç bitməyən qayğılar,
– ellər o ellər idi…
Şairin ovcunda gəzdirdiyi, özü-özüylə bölüşdürdüyü kədər bəlkə də sınayıcı qəza-qədərdi və bu qədərin içində ”Zindan şeirləri” ayrıca bir xətt, taleyin tərs gətirən naxışlarıdır. Bəzən o naxışlar sözün kölgəsində solur, amma qəlbin dərinliyini xatirələr haldan-hala salır və şeirləri oxuduqca istər-istəməz adamı qubarlandırır, heyifsiləndirir. Faiq məhbəsdən hər yeri qaranlıq görür, günləri təsbeh dənələri kimi asta-asta, səbirsiz tonda ard-arda düzür, tapındığı tənhalıqda uçan quşlara həsəd aparır, haqq-nahaqqı, yaxşı-pisi daha aydın ayırd edir və bunları kədərin dilində şeirləşdirir.
Nəyin fikrini edəsən,
fikri nəynən çəkəsən.
Divarlardan o yanda
qaranlıq görəcəksən.
Yaxud:
Pis-yaşı, alnıma yazılıb yazı,
Pozusu ya ola, ya da olmaya.
Vücudum yel vuran çiçəklər kimi
baxarsan ya sola, ya da solmaya.
Faiqin şair həyatının imtahan hocası, məsləhət-müraciət “ağsaqqalı”, dualarını və şikayətlərini ismarladığı ünvan Tanrıdır. Bu da təbiidir, vicdanlı insan yuxudan durub özünü sağ görəndə də, uğura çıxanda da, dara düşəndə də, xeyirin önündə günahını dərk edəndən sonra da Tanrıya üz tutur, olanlara ya şükür eləyir, ya imdad istəyir, ya da səhvlərə görə əfv diləyir.
Nə əlim göylərdən aşağı endi
nə duam yüksəlib çatdı məqama,
nə qədər çağırdım heç eşitmədin…
…bəlkə də eşitdin
Dinmədin amma.
Bütün şairlər Tanrıya tez-tez üz tutur, ömrün qısalığından incikliyi ulaşdırmaq, dualarını yetirmək istəyirlər. Və mən inanıram ki, hamının şikayətini, dərd-sərini ayrı-ayrılıqda birbəbir çözmək imkanı öz vədəsinə çəksə də, yəqin ki, Tanrı söz demək, yazmaq, yaratmaq istedadı ilə mükafatlandırdığı, haqqı-nahaqqa dəyişməmək, inam-imanı itirməmək fürsəti verdiyi adamları eşidir. Və söz yox ki, Faiq Balabəyli də məhz sözünün çəkisi bəlli olan belə qələm dostlarımdan biridir.

Dəyanət Osmanlı
Manevr.az




















