Eyni binanın sakinləri idik. Onlar birinci, biz isə beşinci mərtəbədə yaşayırdıq. O, məndən beş yaş böyük idi. Anası Bikə xala evdar xanımdı.
Hər dəfə dükandan qayıdanda, uzaqdan onu görüb qabağına qaçar, əlindəki çantaları alıb qapılarına kimi aparardım. Atası Bəradar əmi isə inşaat sahəsində briqadir işləyirdi. Hər dəfə həyətdə məni görəndə, yanına çağırıb üzümdən öpər, cibindən konfet çıxardıb mənə uzadardı. Deyərdi:- “Sən mənim əmim balasısan…”
Haqqında söhbət açmaq istədiyim Mais Babayev mikrorayonumuzda öz çəkisi, nüfuzu olan oğlanlardan biri kimi tanınırdı. O vaxtlar hər adamın əldə edə bilmədiyi brend paltarlar geyinirdi. Əynində “layka” plaş, “importnıy” jakert, amerkan stilli cins şalvar, qolunda qızıl saat, barmağında brilliant qaşlı “ploşadka” üzük, altında da “jiquli 011” markalı avtomobili var idi. Necə deyərlər- “U menya jiquli, siqnal italyanskiy…”
Bəli, Mais Babayev o vaxtlar çox zirək oğlan idi. Tanıdığım adamların arasında yeganə oğlan idi ki, iki il əsgərlikdə olanda on altı dəfə məzuniyyətə gəlib getdi. Mikrorayonumuzun bütün bərkgedən oğlanları onun xətrini çox istəyirdilər. Elə ki, Mais məhlədə göründü, hamısı yığışardı onun başına. Deyib gülər, zarafatlaşardılar…
Nə isə, Maisin taleyi həmişə uğurlu olub. Demirəm, sıxıntıları olmayıb, olub, amma onlardan alnıaçıq, üzüağ çıxıb. Gec doğulsalar da iki tərbiyəli, savadlı oğlu var. İnşəallah, toylarını da görər. Bir sözlə, Mais Babayev bir başqa aləmdir. Sovet gənclərinin o vaxtlar dedikləri kimi- “Svoyskiy oğlandır”…
Martın 20-si Maisin 65 yaşı tamam olur. Onu həm yubileyi, həm də Ramazan və Novruz bayramları münasibətilə ürəkdən təbrik edirəm. Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu


















