XIX əsrin əvvəllərindən etibarən Cənubi Qafqaz regionunda baş verən siyasi dəyişikliklər bölgənin etnik tərkibinə və gələcək taleyinə ciddi təsir göstərdi. Bu proseslərin başlanğıcı kimi 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsi xüsusi əhəmiyyət daşıyır. Bu müqavilə ilə Azərbaycan torpaqları və xalqı iki yerə bölündü. Şimali və Cənubi Azərbaycan arasında mövcud olan tarixi, mədəni və iqtisadi əlaqələr kəsildi. Azərbaycan ərazisinə çoxlu erməni köçürüldü.
Nəticədə azərbaycanlıların üstünlük təşkil etdiyi ərazilərdə erməni əhalisinin sayı artmağa başladı. Bu hadisə XX əsrdə baş verəcək qarşıdurmaların əsas səbəblərindən biri oldu. “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün ilk addımlar atıldı və erməni-müsəlman davası adlanan hadisələr başlandı. Məqsəd Azərbaycan və Osmanlı torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaq idi.

Xocalı soyqırımı – insanlığa qarşı cinayət
1905–1906-cı illərdə Bakı, Şuşa, Naxçıvan və digər bölgələrdə qanlı toqquşmalar baş verdi. Səbəb siyasi qarşıdurma və ideyaların toqquşması idi. Nəticədə günahsız insanlar həyatını itirdi və dərin düşmənçilik yarandı. 1918-ci ildə həyata keçirilən mart soyqırımında isə bolşeviklərin və ermənilərin daha da hiddətlənməsinə səbəb azərbaycanlıların milli muxtariyyətə meyilli olmaları və milli siyasi qüvvələrin arxasınca getmələri idi.
1948–1953-cü illərdə Ermənistan SSR ərazisində yaşayan on minlərlə azərbaycanlı zorla öz doğma yurdlarından köçürüldü. Məqsəd monoetnik dövlət yaratmaq idi.
1980-ci illərin sonlarından SSRİ-nin çöküşünü xilas etmək üçün atılan bütün addımlar vəziyyəti daha da pisləşdirdi. Ölkə rəhbərliyi əhalinin diqqətini mövcud problemlərdən yayındırmaq üçün milli zəmində qarşıdurmalar yaradır, Qafqazın “parçala və hökm et” siyasətini davam etdirirdi. Bu məqsədlə Ermənistandan azərbaycanlıların yeni deportasiyasına start verildi. Dağlıq Qarabağda milli münaqişə alovlandırıldı. Beləliklə, sonuncu deportasiya 1988-ci ilin yanvarından etibarən başladı.
Ermənistandan Qərbi azərbaycanlıların deportasiyası zamanı Qafan və Mehri rayonlarından Azərbaycana gələn ilk qaçqınlar əsasən Bakıda və Sumqayıtda yerləşdirildi. Azərbaycanlıları Ermənistandan tamamilə qovub çıxarmaq və dünyada onlara qarşı mənfi ictimai rəy yaratmaq üçün azərbaycanlı adı ilə öz millətçilərinə qarşı qırğın – Sumqayıt fitnəkarlığı törədildi.
Bu hadisəyə düzgün qiymət verilməməsi nəticəsində azərbaycanlılara qarşı informasiya müharibəsi genişləndirildi. Nəticələr daha da gərginləşdi. Həyata keçirilən bütün bu hərəkətlərdə məqsəd Dağlıq Qarabağ bölgəsini Azərbaycandan ayıraraq Ermənistana birləşdirmək idi.
Təbii ki, həyata keçirilən bu zorakılıqlar xalqımızın hamısını ümumi etiraza səbəb oldu. 1988-ci il 17 noyabr tarixində ilk dəfə “Suverenlik və Azadlıq” şüarları səsləndirildi və ilk dəfə AXC-nin üçrəngli bayrağı qaldırıldı. Buna görə də 17 noyabr Azərbaycan tarixinə Milli Dirçəliş Günü kimi yazıldı. Xalqımızın birliyini göstərən, müstəqillik və azadlıq uğrunda zəmin nümayiş etdirən bu hadisələr Moskvanı təşvişə saldı.
Nəticədə 1990-cı il yanvarın 15-də Bakıya əlavə silahlı qüvvələr göndərildi. Bakı şəhərində xəbərdarlıq edilmədən fövqəladə vəziyyət tətbiq edildi. Beləliklə, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıda qırğın törətdi: 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu. Xalq buna etiraz əlaməti olaraq 40 günlük matəm elan etdi.
Lakin 20 Yanvar faciəsi xalqın müstəqillik meyllərinin qarşısını ala bilmədi. Nəticədə, xalqın tələbi və demokratik qüvvələrə böyük dəstək göstərməsi ilə 1991-ci il avqustun 30-da növbədənkənar sessiyası çağırılan Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi.
Bunun nəticəsində 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Xalq müstəqil dövlətini möhkəmləndirmək və qorumaq yolunda ciddi addımlar atdı. Lakin ölkə daxilində hakimiyyət mübarizəsi davam edirdi. Bundan istifadə edən ermənilər hücumlarını genişləndirərək əsas strateji üstünlüyü ələ keçirdilər.
Münaqişənin ən qanlı səhifələrindən biri 1992-ci ilin fevralında baş verdi. 26 fevral tarixində Xocalı soyqırımı törədildi. Münaqişə başlayarkən Qarabağın yeganə hava limanına malik olan Xocalı şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən tamamilə mühasirəyə alınmışdı. Xocalı polisi ermənilərin Xocalı aeroportu vasitəsilə Xankəndinə hərbi sursat daşınmasının qarşısını alırdı. Dinc əhali mühasirəyə alınaraq amansız şəkildə qətlə yetirildi.
Bu hadisənin səbəbi bölgədə strateji üstünlük əldə etmək və azərbaycanlı əhalini qorxu altında saxlamaq idi. Nəticədə yüzlərlə insan, o cümlədən qadınlar, uşaqlar və qocalar öldürüldü, şəhər tamamilə dağıdıldı. Xocalı faciəsi Azərbaycan tarixində ən ağır humanitar fəlakətlərdən biri kimi yadda qaldı.
Xocalını işğal etməkdə ermənilərin əsas məqsədləri strateji üstünlük qazanmaq və xalqımızın mübarizə əzmini, iradəsini qıraraq şəhəri yer üzündən silmək idi. Xocalının işğalı zamanı dinc sakinləri xilas edərkən şəhid olmuş və “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülmüş şəxslər arasında Əlif Hacıyev, Tofiq Hüseynov, Aqil Quliyev və başqaları var.
Xocalı soyqırımı mart ayının əvvəlinə qədər ölkə əhalisindən gizlədildi. Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında jurnalist Çingiz Mustafayevin çəkdiyi videolentlərin rolu əvəzsizdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü ildə “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, bu sənəddə hadisənin səbəbləri və günahkarlar ətraflı qeyd olunmuşdur. Prezident İlham Əliyev isə bu faciəni dünya ictimaiyyətinə təqdim etmək üçün ardıcıl tədbirlər həyata keçirir. Bununla bağlı Heydər Əliyev Fondu və Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd edilməlidir.
Beləliklə, 1828-ci ildən başlayan köçürülmə siyasəti → demoqrafik dəyişiklik → millətçi iddialar → silahlı toqquşmalar → deportasiyalar → açıq müharibə mərhələsi → Xocalı faciəsi kimi ağır bir sonluğa gətirib çıxardı. Səbəb və nəticə zənciri aydın görünür: uzun illər yığılan ərazi iddiaları və düşmənçilik siyasəti → silahlı münaqişə → mühasirə → Xocalı kimi dinc əhaliyə qarşı törədilən qətliam.
Xocalı həm də beynəlxalq ictimaiyyətin susqunluğunun nəticəsi idi. Əgər vaxtında münaqişəyə ədalətli münasibət göstərilsəydi, bəlkə də belə ağır nəticələr olmazdı. Bir gecənin içində yüzlərlə ailə məhv oldu, uşaqlar valideynlərini, valideynlər övladlarını itirdi. Bu, təkcə bir şəhərin deyil, bütün bir xalqın ağrısı idi.
Bu gün Xocalını xatırlayarkən tarixdən dərs çıxarmaq lazımdır. Çünki səbəblər aradan qalxmadıqca, nəticələr yenidən təkrarlana bilər. Xocalı faciəsi bizə göstərdi ki, nifrət və ədalətsizlik sonda insanlığa qarşı cinayətə çevrilir. Xocalı təkcə keçmişin yarası deyil, həm də yaddaşımız, ədalət çağırışımız və gələcəyə mesajımızdır. Unutmaq olmaz, unutdurmaq olmaz.
Şəbnəm Ziyafətqızı
Tarixçi-politoloq




















