Bir gün şah, vəzir-vəkil, ailə üzvləri və bir nökər oturubmuşlar. Bu vaxt içəri Əzrail girir və iki nəfərin canını alacağını deyir.
Seçimi isə onların öz öhdəsinə buraxır. Hamının gözü dərhal nökərə dikilir. Nökər isə acı istehza ilə cavab verir: “İt uşaqları, biri mən, ikincini göstərin.” Guya iki nəfərin taleyi müəyyənləşdirilir və məsələ bağlanır. Amma əsl günahkarlar yenə də kənarda qalır.
Bu hekayə bu gün televiziya məkanında baş verən prosesləri çox dəqiq təsvir edir. Efirdə küçə leksikonu ilə danışan, insanların şəxsi və intim həyatını açıq müzakirə predmetinə çevirən aparıcılar çox zaman hədəfə çevrilir. Tamaşaçı qəzəblənir, sosial şəbəkələrdə tənqid başlayır, ictimai qınaq formalaşır. Sanki problem həmin aparıcının davranışındadır və məsələ onunla bitir.
Amma reallıq daha mürəkkəbdir. Heç bir aparıcı təkbaşına efir siyasətini müəyyən etmir. Reytinq siyasəti, mövzu seçimi, qonaq formatı, hətta istifadə olunan ifadə tərzi belə redaksiya və rəhbərlik səviyyəsində müəyyən olunur. Küçə leksikonunun efirə daşınması, qalmaqallı mövzuların qabardılması, kimlərinsə şəxsi həyatının açıq şəkildə müzakirə edilməsi təsadüfi deyil. Bu, düşünülmüş media strategiyasının nəticəsidir.
Çünki qalmaqal reytinq gətirir. Emosional qarşıdurma diqqət çəkir. İntim detallar maraq oyadır. Tamaşaçı reaksiyası nə qədər sərt olursa, baxış sayı bir o qədər artır. Nəticədə reklam gəlirləri yüksəlir. Bu mexanizm işlədikcə, etik sərhədlər arxa plana keçir.
Belə vəziyyətdə aparıcı nökər obrazına bənzəyir. O görünən fiqurdur, tənqid olunan simadır, efirin simasıdır. Amma qərar verənlər, formatı müəyyən edənlər, “bu mövzu getsin” deyənlər kənarda qalır. İctimai qınaq isə çox zaman görünən tərəfə yönəlir. Əsas sistem, əsas göstəriş verənlər isə toxunulmaz qalır.
Efirdə şəxsi həyata müdaxilə təkcə etik problem deyil, həm də cəmiyyətin dəyərlər sisteminə təsir edən amildir. İnsanların özəl sərhədləri pozulanda, normal olanla anormalın sərhədi bulanıqlaşır. Küçə dili normaya çevriləndə, ictimai ünsiyyət səviyyəsi aşağı düşür. Bu isə uzunmüddətli mədəni keyfiyyətin aşağı düşməsinə gətirib çıxarır.
Söhbətin məğzi ondan ibarətdir ki, problemin kökü təkcə aparıcılarda deyil. Onlar özbaşına deyillər. Onlara bu xətti məntiqli şəkildə formalaşdıran, reytinqi prioritetə çevirən, qalmaqalı strategiya edən qərarverici mexanizm var. Əgər diqqət yalnız efirdə görünən fiqura yönələrsə, yenə də “iki nəfərin verilişi bağlanmış” olacaq. Amma sistem dəyişməyəcək.
Əsl müzakirə məhz buradan başlamalıdır. Televiziya ictimai məsuliyyət daşıyan platformadır, yoxsa sadəcə kommersiya maraqlarına xidmət edən obyekt? Cavab bu sualın içində gizlidir. Bu suala dürüst və prinsipial yanaşma olmayınca, boş mübahisələr davam edəcək, səs-küy artacaq, amma sistem yenə də öz bildiyini edəcək.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin sədri,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.




















