Uzaqlara məktub yaz… – Aynur Haqverdinin şeirləri

Uzaqlara məktub yaz… – Aynur Haqverdinin şeirləri

 

Uzaqlara məktub yaz, küləklərə pıçılda
Darıxmaqdan qoynunda gizlənən əllərini
İfşa et bu şəhərin eşqinə şahid olan
Dalanı, küçəsinə yol çəkən gözlərini.

İfşa et gülüşündə gizlənən kədərini,
O ki qaraldır qanın, axıdıb zəhərini.
Uzaqlara məktub yaz, vur-tut üçcə heca:
“Qayıt gəl”, bu baharın özün aç səhərini.

Darıxmağa nə var ki, xatırlama bacarsan,
Eh, mən də nə deyirəm, uzaqdan səsi gəlsə,

Qırılmış qanadınla sevincindən uçarsan.

***

Mən ki səni sevmişdim dəli mart yağışında,
Eşqinlə islanmışdım baharın ağuşunda,
Axı biz and içmişdik payızında, qışında
Sevgimizi ipisti saxlaya bilək, adam.

Axı nə dəyişdi ki, gözlərində şaxtadır?!
Elə baxma nə olar, məgər bu eşq saxtadır?!
Gözlərindən qor uman qəlbim donmuş taxtadır.
Bu sazağa dözərmi könlümdə dilək, adam?

O soyuq baxışların necə də yandırır e.
Ölən eşqin halını gözlərin andırır e.
Eşq ölüncə soyuyub baxışlardan boylanar.
Of soyuq baxışlardan de necə yanmaq olar?
Axı soyuqluq hara, yanıb kül olmaq hara?
Gör bu həyat bizlərə nələri qandırır e.
Soyuqluq yandırarmış, var belə kələk, adam.

***

Günəş üfüqlərdə boy göstərib nazlananda
Elə düşürsən yada, istiyə dözməyənim.
Al günəş şəfəqindən səksənən xatirələr
Qoşun çəkir üstümə, ruhuma olur qənim.

Xatirələr bir yandan, isti də ki bir yandan
Hey kəsilir nəfəsim eşqim yolunda qurban.
Axı qızmar istiləri sən ki, sevmirdin heç.
Mən də sənə qıymayıb, deyirdim kölgəmə keç.

Axı necə qıyardım o günəş gözlərinə?
Baxışın nur saçırdı qəlbimdə ən dərinə.
Gülüşün ümman-ümman yayılırdı ruhuma,
Dağ cüssəli nisgilim çevrilirdi hey quma.

Qönçə dodaqlarında gəzəndə təbəssümlər,
Dalğa-dalğa qaçırdı qəlbimdən qüssə, kədər.
Gülüşündən güc alıb, baxışından eşq dadıb
Ləpə-ləpə keçirdim istidən ən sərinə.
Axı necə qıyardım o günəş gözlərinə?

Elə düşürsən yada, istiyə dözməyənim.
İndi mənə həm həsrət, həm də ki günəş qənim.

Aynur Haqverdi

Share: