Deyirdi ki:- “Məni artıq unudublar, ancaq yanvardan-yanvara yada salırlar. Elə ki, yanvarın 20-si gəldi bütün televiziya və radiolar mənim ifamı efirə buraxırlar. Məni matəm ifaçısına döndəriblər…”
Bu, doğrudan da belə idi. Amma nə qədər ki, qaboy musiqi aləti var, hər dəfə bu alətdən söhbət düşəndə, sədası gələndə Kamil Cəlilov yada düşür…
O, 1938-ci ildə Buzovna kəndində dünyaya gəlmişdi. Orta təhsilini Bakıdakı 176 nömrəli məktəbdə almışdı. Eyni zamanda 1 saylı musiqi məktəbində oxumuşdu. Sonra Asəf Zeynallı adına Musiqi Məktəbini və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdi. 2000-ci ildən xalq artisti idi. 2008-cü ildə “Şöhrət”, 2018-ci ildə isə “Şərəf” ordenləri ilə təltif olunmuşdu…
…Xalq artisti Kamil Cəlilovun sənət yaradıcılığı rəngarəng olub. İfaçılıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olurdu. Qaboyda bir sıra islahatlar aparması və melodiya yaratmaq məharəti xüsusi qeyd edilməlidir. Onun bir sıra melodiyaları – Çahargah və Segah rəngləri, eləcə də nəticəsinə bəstələdiyi Nuranım adlı musiqisi var. İfa etdiyi Bayatı-Kürd, Segah, Zəminxarə, Bayatı-Şiraz, Rahab, Zabul, Humayun muğamlarının sədası hələ də qulaqlarımızdadır. Onun balabanla ifa etdiyi muğam kompozisiyası “Voyager qızıl plastinkası”na daxil edilib…
Fevralın 22-də əcnəbi qaboyu azərbaycanlaşdıra bilən, mərhum qaboy ifaçısı Kamil Cəlilovun vəfatından 4 ötəcək. Ona Allahdan rəhmət diləyirəm…
Elman Eldaroğlu





















