Yaşasaydı… – Elman Eldaroğlu Nəsiman Yaqublu haqda yazdı

Yaşasaydı… – Elman Eldaroğlu Nəsiman Yaqublu haqda yazdı

Çox təvazökar insan idi. Necə deyərlər, başını aşağı salıb öz işi ilə məşğul olurdu. 2022-ci ilin söhbətidir, həmin il yubiley yaşı olduğunu hamıdan gizlətdi ki, tədbir keçirmək üçün heç kim narahat olmasın.

Və beş-altı nəfərdən başqa heç kim bilmədi ki, onun 60 yaşı tamam olur…
Geniş təxəyyülə malik, dərin düşüncəli, dəyişikliklərə meyilli, öz dünyası olan birisi idi. Araşdırma, tədqiqat onun ən çox sevdiyi fəaliyyət növlərindəndi. Öz hisslərini sərbəst ifadə etməyi bacarırdı. Cəsarətli və qorxmazdı. Heç təəccüblü deyil ki, diskomforta, rahatsızlığa qarşı dözümlülük göstərirdi. Ona xas olan şəfqət hissi heç də təxəyyülündən geri qalmırdı. Diqqətli, kövrək və mərhəmətli idi. Necə deyərlər, kimsə ağrıyır və ac qaiıbsa, kiməsə soyuq və ya istidirsə, o, bunu tamamilə öz üzərində oiduğu kimi aydın, canlı şəkildə hiss edirdi…
Qısa xronika
Söhbətimin qəhrəmanı Nəsiman Yaqublu 1962-ci ilin fevral ayının 22-də Zəngilan rayonunda dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə oranı bitirdikdən sonra Bakıya qayıdıb. “Yazıçı” nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında “Ağrılı ömürlər” kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan M. Ə. Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında “Xocalı qırğını” kitabını ərsəyə gətirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabların, o cümlədən “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” adlı kitabın müəllifidir…
…Tarixçi alimlər iki çür olurlar- hadisələrə öz mülahizə və düşüncələrini qatıb, qələmə alanlar və hadisələri olduğu kimi təqdim edənlər. Birincilərin kitablarını oxuyarkən, biz tarixi hadisələrə onların düşüncəsindən boylanırıq, ikincilərin vasitəsiləsə heç bir don geyindirilmədən, hadisələrlə çılpaqlığı ilə tanış oluruq və olaylara dəyər vermək oxucunun öz səviyyəsinə həvalə edilir. Nəsiman Yaqublu tarixi hadisələri olduğu kimi oxucuya çatdırmağa çalışan alimlərimizdən idi…
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüydü. Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laureatıydı. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilmişdi. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim vəzifəsində çalışırdı. Tarix üzrə fəlsəfə doktoruydu…
…Hərəkət onun üçün çox vacib idi. Odur ki, daim axtarışdaydı. Rusiya, Türkiyə və Avropa arxivlərində tədqiqatlarını yorulmadan davam etdirirdi. 30 ildən çox olardı ki, özünü M.Ə.Rəsulzadə irsinin tədqiqinə həsr etmişdi və bu mövzuya sədaqətliydi. Demək olar ki, hər il bir kitabla oxucularının görüşünə gəlirdi. Bəli, onun ərsəyə gətirdiyi hər bir əsər qiymətsiz xəzinə kimi xalqın sabahına bir mirasdır. Heyf ki, 2024-cü ildə amansız ölüm onu 62 yaşında aramızdan apardı…
Deyirdi ki:- “Nazirlər Kabinetini yanında Terminologiya Komissiyasının rəsmi tövsiyyəsi var ki “Məmməd” kəlməsi Məhəmməd olaraq yazılsın. Əgər bir şəxsin rəsmi sənədlərində və yazılarında Məhəmməd Əmin Rəsulzadə yazılıbsa, onu necə Məmməd Əmin Rəsulzadə adlandırmaq olar? Hər kəsi öz adıyla təqdim etmək lazımdır. Rəsulzadə nə Mamed olub, nə Məmməd, onun bir adı var- Məhəmməd… ”
Yaşasaydı, fevralın 22-də tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun 64 yaşı tamam olacaqdı. Ruhu şad olsun!
Dərin hüznlə, Elman Eldaroğlu
Share: