Hələ orta məktəbdə oxuyurdum. O vaxtlar audi maqnitafon kasetləri təzə-təzə dəbə düşürdü. Hər kasetin arxasında sanki kiçik bir xəzinə gizlənirdi.
Bölgələrdə televiziyada görünməyən, amma hər evdə eşidilən müğənnilərin kasetleri əldən-ələ gəzirdi. Məktəb yoldaşlarımla barmaqla sayılan o ulduzların kasetlərini tapıb paylaşmaq, onların mahnılarını öyrənmək ən böyük arzumuz idi. Məmmədbağır Bağırzadə, Baloğlan Əşrəfov, Məhəbbət Kazımov, Qədir Məmmədov, Ağadadaş Ağayev… və əlbəttə ki, Yusif Mustafayev.
Yusif Mustafayevin “Qəmərim” mahnısı isə çox populyar idi. Hər dəfə o mahnını eşidəndə ürəyimiz dolurdu…
Baloğlan Əşrəfovla mənim əlaqəm isə həm qohumluq, həm də müəllim-şagird münasibəti ilə idi. Amma yuxarı siniflərdə yaratdığımız yaradıcılıq bağları, dostluğumuzun əsası oldu. Elə onun sayəsində sadaladığım müğənnilərlə şəxsi münasibətlərim yarandı. O cümlədən Yusif Mustafayevlə.
Yusif Mustafayev isə yalnız sevilən müğənni deyildi. O, həm də insanların qəlbinə toxunan səmimiyyətin, zəhmətsevərliyin canlı nümunəsi idi. Cəlilabaddan olsa da, ölkənin hər bölgəsində onu öz yerlisi kimi tanıyır, dəyər verirdilər. Musiqi camiyəsində hər tədbirdə ilk görünənlərdən biri, xeyirxah, el-obasına bağlı, qəlbi geniş bir insand Yusif. Onun ifasında “Yavaş yeri” və “Yaradana qurban” kimi mahnılar mənim sözlərimə musiqi ömrü vermişdi. Hər notunda həyatın səmimiyyəti, hər ahəngində doğmalıq hiss olunurdu.
Mustafayevlər ailəsi musiqi ilə nəfəs alır. Qardaşları Natiq, Rəfael, Mübariz də sənətin yolunu seçmişdilər. Və indi, Yusifin oğlu Tərlan da sənət yolunda ilk addımlarını atır, gələcəyin melodiyalarını yazmağa başlayır.
O gün televiziyanın ekranı mənə həm tanış, həm də yeni bir səs gətirdi. “Xəzər” kanalının studiyasına baxanda, orada Tərlan və Yusif Mustafayevin birgə qonaq olduqlarını gördüm. Atasının səsi artıq qulaqlarıma çox tanışdı. Amma Tərlan… Tərlanın ifası isə sanki yeni bir səhifə açdı.
O, səhnəyə çıxanda ürəyindəki musiqini ifası ilə məharətlə çatdırırdı. Hər notunda həm atadan gələn mirasın izi, həm də özünün yeni, təravətli ruhu hiss olunurdu. Qol-qola vermiş bir nəsil hissi vardı – biri yol göstərir, digəri öz addımlarını inamla atırdı. Tərlanın səsi diqqətlə seçilmiş ahənglərlə dolu idi. Ritmi isə həm gənc, həm də yetkin bir musiqi duyumu ilə nizamlanmışdı.
Amma yalnız səsi deyildi diqqəti çəkən. Tərlanın səhnə mədəniyyəti hər detalda görünürdü. Duruşu, hər hərəkəti, nitqi və sözlərinin aydınlığı, hər baxışı və jesti sanki tamaşaçıya səmimi mesaj verirdi. Onun görünüşü, geyimi və ümumi təqdimatı yüksək səviyyədə idi. Bu isə onun gənc olmasına baxmayaraq, səhnədə nə qədər inamlı və yetkin olduğunu göstərirdi.
Mən onu izləyərkən hiss etdim ki, bu, sadəcə ifa deyil. Hər söz, hər nota sanki bir xəyal, bir xatirə, bir arzunu daşıyırdı. Atasının məhəbbəti, ailənin dəstəyi, bölgələrinin sevgisi onun ifasında canlanır. Tərlanın gözlərində isə həm həyəcan, həm də qərarlılıq vardı. O, musiqini yalnız səslə deyil, ürəklə çatdırırdı.
O an televizor qarşısında oturub dinlədiyim musiqidə, mən sanki bir körpü gördüm. Keçmişin səsi ilə gələcəyin ahəngi birləşirdi. Atası Yusifin öyrətdiyi, yaşadığı və paylaşdığı hər şey Tərlanın ifasında yenidən doğulurdu. Düşündüm ki, musiqi yalnız notlar deyil; həm də sevgi, səmimiyyət və irsdir. Və bu gün Tərlan bunu, baxışları, nitqi, səhnə davranışı və səsi ilə hər kəsə göstərir.
Onun ifasını izlədikcə hiss etdim ki, Azərbaycanın musiqi səhnəsi yeni bir nəfəs alır. Həm ənənə ilə bağlı, həm də gənc, ümid dolu bir nəfəs. Tərlan təkcə mahnı ifa etmirdi. O, bir hekayəni, bir ailənin, bir nəsilin, bir sevginin səsini gətirirdi. Və bu səs uzun illər yaddaşımızda qalacaq, həm atası Yusifin, həm də onun özünün musiqi irsini əbədiləşdirəcək.
Uğurlar, Tərlan! Sənin səsin, səhnə mədəniyyətin və yaratdıqların hər zaman işıqlı, qəlblərə toxunan və uzun ömürlü olsun.
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.






















