Bəzi səfərlər vardır… İnsan yalnız bir ölkədən dönmür. Bir ruh halının, bir nağılın, bir xatirənin içindən dönür.
Özbəkistan mənim üçün məhz belə bir səfər oldu.
Hər şey əslində Özbəkistanda keçiriləcək Türk Dünyası Şair, Yazar və Sənətçilər Görüşünə Türk Dünyası Təşkilatı rəhbəri İlqar Türkoğlu və Cahit Günay bəyin məni dəvət etməsi ilə başladı.
İş sıxlığı, gündəlik həyatın tempi, studiyadakı dərslər və proqramlar derkən “Gedə biləcəyikmi?” deyə düşünürdük. Bir də baxdıq ki, biletlər alınmışdır.
Hətta illərlə texniki seminarların, mühəndislik toplantılarının içində olmuş həyat yoldaşım Dr. Ali Dağdəmir də bu yolçuluğun içində idi.
Ankara Esenboğa hava limanında görüşəndə hamımızın içində eyni hiss vardı: həyəcan.

Özbəkistana çatanda hava limanı olduqca izdihamlı idi. Ətrafda müxtəlif dillər eşidilirdi. Amma türk dilindən gələn tanış sözlər insanın içinə qəribə bir rahatlıq gətirirdi.
İlqar Türkoğlu, Ayaz Arabacı və Elli Atayurt bizi böyük bir səmimiyyətlə qarşıladılar. O an bunun adi bir tədbir deyil, könüldən qurulmuş bir görüş olduğunu hiss etdik.

Oteldə artıq başqa bir atmosfer başlamışdı. Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyədən gələn şairlər, yazarlar və sənətçilər bir-biri ilə tanış olur, söhbətlər edirdi.
Jalə Cəfərova ilə etdiyimiz söhbətlər məndə dərin iz buraxdı. Atası Cavad Cavadovdan, Sovet dövrünün çətinliklərindən danışarkən insan yalnız bir hekayə deyil, bir dövrün ağrısını dinləyirdi.
Aida Şirinovanın şeirləri və savaş xatirələri də eyni şəkildə insanın ruhuna toxunurdu.
Fərqli ölkələrdən gələn insanların şeirdə, sənətdə və duyğuda eyni nöqtədə görüşməsi çox təsirli idi. Millətlər dəyişirdi, amma insanın qəlbi dəyişmirdi.
Axşamlar isə mahnılar başlayırdı. Onların nəğmələri ilə bizim türkülər eyni masada birləşirdi.
Otobüs səfərlərində yeni dostluqlar quruldu. Uzun yollar insanları bir-birinə daha tez yaxınlaşdırır.
Aysel Fikrət ilə etdiyimiz ədəbi söhbətlər, Nazim Hikmət haqqında danışdıqları mənim üçün ayrıca dəyərli idi.
Kahramanın enerjisi, Ülkərin musiqi ilə olan bağı, Gülnar xanımın kitablara olan sevgisi səfərin ən gözəl xatirələri arasında qaldı.
Adilə Nezer isə bu yolçuluqda mənim üçün böyük dəstək oldu. Araşdırmaçı kimliyi, insanları bir araya gətirən ruhu və səhnə hakimiyyəti çox təsirli idi.
Bir müddət sonra anladım ki, artıq heç kimin klassik mənada aparıcıya ehtiyacı yox idi.
Çünki hər kəs öz duyğusunun aparıcısı olmuşdu.
Daşkəndin muzeyləri, parkları və xüsusilə İslam Mədəniyyəti Mərkəzi keçmiş ilə gələcəyin eyni anda yaşadığı yerlər kimi idi.
Bir tərəfdə qədim əlyazmalar, digər tərəfdə isə müasir texnologiya vardı.
Sanki tarix ilə gələcək eyni dəhlizdə yan-yana gedirdi.
Özbəkistan Yazıçılar Birliyi isə məni ən çox təsirləndirən yerlərdən biri oldu.
Orada insan ədəbiyyatın hələ də dəyər gördüyünü hiss edir.
Bugünkü sürətli rəqəmsal dünyada insanların kitablardan uzaqlaşdığı bir dövrdə belə yerlər insana ümid verir.
Abdulla Aripovun ev muzeyi isə səfərin ən duyğulu dayanacağı idi.
Orada yalnız böyük bir şairin deyil, böyük bir xarakterin izi vardı.
Şairə xanımın təvazökarlığı və incəliyi məni çox təsirləndirdi.
İnsan orada anlayır ki, həqiqi böyüklük sadə qala bilməkdir.
Səmərqənd və Buxara isə nağıl ilə tarixin bir-birinə qarışdığı şəhərlər idi.
Registan meydanında zaman sanki başqa cür axırdı.
Və təbii ki Ayaz Arabacı…
Yol boyunca bizim üçün artıq sadəcə bir tədbir dostu deyil, doğma bir abi olmuşdu.
“Necəsən Ayaz abi?”
“Oy günəşim… Arzu qızım…”
Sonra hamımız birlikdə gülürdük.
Elli Atayurt ilə etdiyimiz tarix və təsəvvüf söhbətləri də mənim üçün çox qiymətli idi.
Rıfat Muratlı isə bütün səfər boyu gördüyü hər anı qeyd edir, insanlarla dillər arasında körpü qururdu.
Bir də Solmaz vardı…
Doktor olmasına baxmayaraq içində çox şeir dolu, çox incə bir ruh daşıyırdı.
Bəzən birlikdə etdiyimiz zarafatlar o qədər yüksəlirdi ki, bütün avtobus bizə baxmağa başlayırdı.
Biz isə daha çox gülürdük.
İnsan illər sonra şəhərləri unuda bilir bəzən…
Amma birlikdə güldüyü insanların səsini unutmur.
Bu səfər mənə yalnız şəhərləri göstərmədi.
Türk dünyasının ortaq ruhunu da yenidən hiss etdirdi.
Dillər dəyişsə də gözlərdəki istilik dəyişmirdi.
Özbəkistandan dönərkən çamadanımda yalnız hədiyyələr yox idi.
Daşkəndin işıqları, Səmərqəndin möhtəşəmliyi, Buxaranın nağıl küçələri və Türk dünyasının könül dili də mənimlə birlikdə qayıdırdı.
Bəzi səfərlər bitdiyi halda insanın içində davam edir.
Özbəkistan mənim üçün məhz belə bir səfər olaraq qaldı.
Vətəndən çıxdım…
Amma yenə Vətən qoxuyan bir könül coğrafiyasına vardım.
Özbəkistanlı, Azərbaycanlı, Qazaxıstanlı, Qırğızıstanlı…
Türk dünyasının hər tərəfində yaşayan bütün soydaşlarımıza salam olsun.
Yaşasın Türk dünyasının qardaşlığı.
Arzu Yılmaz DAĞDEMİR






















