Nazilə Gültacın “İKİ LİMON” hekayəsinin ədəbi təhlil -Cahangir Namazov yazdı

Nazilə Gültacın  “İKİ LİMON” hekayəsinin ədəbi təhlil -Cahangir Namazov yazdı

HEKAYƏ

İşdən bir neçə saat bundan əvvəl çıxsa da, evə getməyə həvəsi olmadı, ayaqları onu dartıb sahilə apardı. Xeyli dolaşdıqdan sonra üzündə, gözündə yeni il ərəfəsi bir neçə gün evdə tək və tənha olmağın kədəri ilə metroya endi.

Gecə saat on ikiyə az qalırdı. Xeyli adam qatar gözləyirdi. Bir kişi iki yeşik limonu gətiib, düz onun yanındaca yerə qoydu. Hiss olunurdu ki, kişi bərk yorulub, üz-gözündən yorğunluq yağırdı, limonlarsa adamın üzünə gülürdü. Getdikcə ətrafa qəribə bir xoş rayihə yayılmaqda, sanki hər tərəf limon rənginə boyanmaqdaydı. “Kim deyir ki, sarı rəng bədbinlik rəmzidir.” Ilk dəfə sarı rəngin nə qədər gözəl bir rəng olduğunu düşündü. Limonların rəngində həyat eşqi, təravət vardı. Hərə bir-iki limon aldı. O da limon almaq istədiyini bildirdi. Kişi ona iki limon seçib verdi, amma nə qədər israr etsə də, limonların pulunu almadı. “Gözəl qadına hədiyyə edirəm, məndən yeni il hədiyyəsi olsun, ikiniz də gözəlsiniz – sən də, limon da”, – dedi. Yeni il hədiyyəsi olan iki limon stolun üstündə sarı-sarı gülümsəyirdi, elə bil ki, evdə iki balaca günəş doğmuşdu. Özünə çay süzdü, əli gəlmədi limonu doğramağa. Yeni ili bu bir cüt limonla bərabər qarşıladı. “Hər şey gözəl olacaq”, -deyərək, limonlara baxıb gülümsədi. O, tək deyildi.

Ədəbi təhlil : “İKİ LİMON IŞIĞI YAXUD ÜMIDSIZLIYIN MƏĞLUBIYYƏTI”

Elə yazıçılar var ki, roman tutumlu böyük mövzuları kiçik bir hekayənin içində ustalıqla cəmləyə bilirlər.

Bu isə yazıçıdan yalnız ilahi istedad deyil, eyni zamanda uzunmüddətli yaradıcılıq təcrübəsi, zəhmət və davamlı estetik axtarışlar tələb edir. Nazilə Gültac da məhz belə yazıçılardandır — sözün yükünü bilən, tənhalığın səsini eşidən, insan ruhunun incə qatlarına enə bilən və bütün bu mənəvi zənginliyi yığcam, lakin dərin mənalı mətnlərdə ifadə etməyi bacaran sənətkardır.
Onun “İki limon” hekayəsi bu baxımdan kiçik həcmin içində böyük həyat fəlsəfəsini daşıyan nadir bədii nümunələrdəndir və müasir Azərbaycan nəsrində kiçik detallarla böyük mənalar yaradan incə psixoloji hekayələr sırasına daxildir.
Hekayə zahirən sadə, hadisə baxımından minimaldır; lakin onun semantik dərinliyi, simvolik yükü və emosional enerjisi oxucunu uzun müddət tərk etmir.
Müəllif burada tənhalığı, insan münasibətlərindəki səmimiyyəti və ümidin gözlənilməz anda doğuluşunu yüksək bədii zövqlə təqdim edir.
Hekayənin başlanğıcında qəhrəmanın işdən sonra evə getmək istəməməsi, ayaqlarının onu sahilə aparması müasir şəhər insanının daxili boşluğunu və qaçış psixologiyasını ifadə edir.
Yeni il ərəfəsi kimi kollektiv sevinc zamanı tək qalmaq hissi bu boşluğu daha da kəskinləşdirir.
Metro isə burada sadəcə nəqliyyat məkanı deyil — insan talelərinin kəsişdiyi simvolik məkandır.
Əsərin mərkəzi simvolu olan limon adi məişət əşyası olmaqdan çıxaraq bədii-fəlsəfi obraza çevrilir. Müəllif sarı rəngin bədbinliklə assosiasiya olunmasına qarşı çıxaraq onu həyat eşqi, təravət və işıq rəmzi kimi təqdim edir. “Kim deyir ki, sarı rəng bədbinlik rəmzidir?” cümləsi hekayənin ideya açarıdır. Limonun ətri, rəngi və “gülümsəməsi” mətndə sinestezik təsir yaradır; oxucu yalnız oxumur, həm də hiss edir.
İki yeşik limon gətirən yorğun kişinin davranışı hekayənin humanist zirvəsidir. Onun limonları pulsuz verməsi və bunu yeni il hədiyyəsi kimi təqdim etməsi insani mərhəmətin və səssiz xeyirxahlığın təcəssümüdür. Bu epizod göstərir ki, bəzən bir anlıq diqqət, bir cüt limon belə insanın ruhunda iki günəş yandıra bilər.
Qəhrəman qadının limonu doğramağa əlinin gəlməməsi təsadüfi detal deyil; bu, onun ümidə toxunmaqdan çəkinməsi, sevincin itməsindən qorxmasıdır. Yeni ili iki limonla qarşılamaq isə artıq tənhalığın məğlubiyyəti, daxili barış və ümidin qələbəsidir. “O, tək deyildi” cümləsi oxucuda dərin fəlsəfi rezonans doğurur.
Nazilə Gültacın dili sadə, lakin poetikdir; cümlələri yığcam, mənaca isə çoxqatlıdır. Müəllif təsvirlə təhlili ustalıqla balanslaşdırır, pafosdan uzaq qalaraq emosional təsiri maksimuma çatdırır. Metaforalar (iki balaca günəş) və antropomorfizmlər (limonların gülümsəməsi) hekayənin bədii keyfiyyətini yüksəldir.
“İki limon” hekayəsi göstərir ki, ədəbiyyat böyük hadisələrdən deyil, böyük hisslərdən doğur. N. Gültac oxucuya sadə bir həqiqəti xatırladır: insan bəzən tək olmadığını anlamaq üçün yalnız bir cüt limona, bir az diqqətə və bir damla səmimiyyətə ehtiyac duyur.
Nəticə etibarilə, bu hekayə ədəbiyyatda humanist estetikaya, incə psixoloji müşahidəyə və simvolik düşüncəyə uğurlu nümunədir.
Kiçik həcmli olmasına baxmayaraq, roman tutumlu düşüncə dərinliyi və fəlsəfi ümumiləşdirmə gücü ilə oxucuda uzun və düşüncəli bir romanın yaratdığı təsir bağışlayır; oxucunu həm düşündürür, həm də isidir.

Cahangir Namazov,
“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi.

Xüsusi olaraq Müstəqil.Az üçün

 

Share: