Qəşəm Nəcəfzadədən iki şeir…

Qəşəm Nəcəfzadədən iki şeir…

İt kapellası

Bu daş döşəməyə cavab olaraq,
Yavaşca ulamq, isti ulamaq.
Üzünü ağaca, divara sürtüb,
Qara zəncir üçün pəsdən ulamaq.
.
Gecələr asfaltın üstündə yatıb,
Maşın təkərinin dadın yalamaq.
Gündüzlər insanın əlindən qacıb,
Gecələr bir insan üçün ulamaq.
.
Qar üstə yazılan ayaq izinə,
Qəfildən çevrilib yenidən baxmaq.
Yığıb ləpirini gedə bilməsən,
İzinə bir damla göz yaşı atmaq.
.
Haydı, izlərinlə çoxalt özünü,
Ləpiri düyünlə, uc – uca, gəlsin.
Küçənin başında uladın, yüyür,
Öz səsin yad kimi dalınca gəlsin.
.
Başını göydəki xəyalına çırp,
Ayın yoxluğuna bir ağız ula.
Səfərə çıxacaq bu maşın tezdən,
Onun arxasını bir azca sula.
.
Başı ağrıyanda itlər ot yeyir,
Anam söyləmişdi, gəlir yadıma.
Qarı eşələyib it elə yeyir,
Qara torpaq düşüb bəlkə yadına.
.
Metro qapısının ağzında yatıb,
Bir adam yoxdu ki, üstündən keçə.
Gündüz adamları qovan bankomat,
Indi adam üçün darıxır necə?
.
Yüyürür, dayanır ulayır, hürür,
Gündüzlər harada yaşayır bu it?
Bu axşam şəhəri alıb başına,
Deyəsən sabaha daşıyır bu it.

Çayxana

Bu bəy stəkanla xanım nəlbəki,
Dingişdi, hirslənir baba samovar.
Başqa stolların adamları da,
Bir stola yığılıb: “ deyəsən söz var”.
Solub stolların ləkəsi, kiri,
Ləkələr sallanır ağ köynəyimdən..
Baxın, boşalıbdı stolun biri,
Onun sahibinə toy olub dünən.
Qadın əllərindən uzaqdı deyə,
Stolun üst- başı kömür kimidir.
Hər gün kişilərlə işlədiyindən,
Burda çayniklər də dəmir kimidir.
Getdi vəzifəyə bir dostum, indi
Katibə dəmləyən çayı tək içir.
Stəkan stolun güncündə durub,
Deyəsən könlündən intihar keçir.
.
Bu dəfə şay pulun mən verim- deyə,
Hamının əlləri cibinə gedir.
Hamı həm tələsir pulu verməyə,
Hamı həm də əlin yolda ləngidir.
Qonşu stollara hərdən göz vurub,
Bu çayçı neçə yol məni snayıb.
Çayın rənginə bax: samovar vurub,
Deyəsən çaynikin burnu qanayıb.

Share: