Ruhiyyə Abbaszadənin “AĞ TƏYYARƏ”si Sevil Azadqızının baxışlarında

Ruhiyyə Abbaszadənin “AĞ TƏYYARƏ”si Sevil Azadqızının baxışlarında

AĞ TƏYYARƏ

Eheeeyy!!! Ağ təyyarə!!!
Məni eşidirsən?!..
En aşağı buludlardan,
Al ağ rəngli qanadına.
Apar məni buralardan!
Burda artıq ölüb həyat,
Zaman ömrə
Qəm toxuyur.
Doğmalar da olubdu yad,
Hər yer ayrılıq qoxuyur.
Daha burda çiçək açmır,
Ürəkdə bitən arzular.
Xəyallar pərən-pərəndi,
Qayıtmır itən arzular.
İçimdəki bu boşluq,
Yer üzündə dolan deyil.
Sağda pislik,
Solda pislik,
Heç nə yaxşı olan
deyil.
Yolum çətin, dərdim çoxdu,
Peşmanam ki, doğulmuşam.
Yaşamağa gücüm yoxdu,
Bu dünyadan yorulmuşam…
Eheyyy!!! Ağ təyyarə!!!
Səsim çatır göylərə???..
Gəl, apar məni,
Haqqın,
Hüzurun,
Azadlığın
Olduğu yerə!!!..

Ruhiyyə Abbaszadə

TƏHLİLİ:

Bu şeirdə şairin dərin mənəvi boşluğu, yaşadığı dünyaya qarşı ümidsizliyi və xilas axtarışı öz əksini tapır. “Ağ təyyarə” obrazı bir simvoldur – o, bu dünyanın acılarından uzaqlaşmaq, səssiz və hüzurlu bir məkana, bəlkə də, ruhun azadlığına uçmaq istəyini təcəssüm etdirir.
Şairənin səsi göylərə çatmaq istəyir. O, bu həyatda özünü sıxışdırılmış, başa düşülməmiş, yorulmuş hiss edir. Çiçəklər açmayan bir dünya, dağılmış arzular, yadlaşan doğmalar və iki tərəfdə yalnız pislik – bu səhnə ümidsizliyin zirvəsidir. Amma bütün bu qaranlıq hisslərin içində “ağ təyyarə” bir ümid işığıdır. O, göylərə səslənən bir çağırış, azadlığa can atmanın poetik ifadəsidir.
Bu şeir, əslində, təkcə şəxsi ağrılardan deyil, həm də cəmiyyətin mənəvi vəziyyətindən, insanların bir-birinə yadlaşmasından, dəyərlərin itməsindən xəbər verir. Şairin duyğuları bəşəri bir çağırışa çevrilir:
“Gəlin bu dünyanı daha yaşanılır edək, yoxsa hər kəsin bir ağ təyyarəyə ehtiyacı olacaq.”
Yaz, yarat, uğurlara imza at.
Ruhun yorulmasın, usanmasın, qələmin susmasın, Ruhiyyə xanım!

✍ Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlilçi və tənqidçi. Şair.
14.08.2025

Share: