“Azərbaycan dilinin qorunması və inkişafı: Dövlətçilik yolunda mühüm addımlar”

“Azərbaycan dilinin qorunması və inkişafı: Dövlətçilik yolunda mühüm addımlar”

Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ulu Öndər Heydər Əliyev hər zaman ana dilinə böyük ehtiramla yanaşıb.

Heydər Əliyevin sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə ana dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Məhz Ulu Öndərin qayğı və diqqəti nəticəsində o dövrdə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdi. Belə ki, ulu öndər Heydər Əliyevin cəsarəti və qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan SSR-in konstitusiyasında ilk dəfə Azərbaycan dili dövlət dili kimi təsbit edildi”.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, 1970-ci illərin ortalarından başlayaraq, SSRİ məkanında milli dillərin sıxışdırılması tendensiyası güclənmişdi. Belə bir dövrdə dil məsələsini qaldırmaq cəsarət tələb edirdi. Lakin Ulu Öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi bu məsələdə prinsipial mövqe nümayiş etdirmiş və 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verilməsinə nail olmuşdur. Onun təşəbbüsü ilə Konstitusiyanın 73-cü maddəsində “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası öz əksini tapmışdır. Bu addım gələcək müstəqil dövlətçiliyin ideya və hüquqi bazasının formalaşmasına ciddi təkan vermişdir.
Azərbaycan dilinin inkişafı sahəsində aparılan işlər müstəqillik dövründə daha da dərinləşmişdir. 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili yenidən dövlət dili kimi təsbit edilmişdir. Bu, xalqımızın öz dilinə olan bağlılığının təntənəli təsdiqi, milli mənlik şüurunun və dövlət müstəqilliyinin təzahürü idi.
Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixində imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman Azərbaycan dilinin normativ, hüquqi və funksional inkişafına yeni təkan vermişdir. Fərmanda dil sahəsində mövcud problemlər təhlil edilmiş və onların aradan qaldırılması üçün mühüm istiqamətlər müəyyənləşdirilmişdir. Elə həmin il latın qrafikalı Azərbaycan əlifbasına keçid də reallaşdırılmış və bu istiqamətdə böyük ideoloji-siyasi iradə nümayiş etdirilmişdir.
Ümummilli liderin təşəbbüsü ilə 1 avqust tarixi “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi təsis olunmuş və bu gün hər il ölkəmizdə geniş qeyd edilməkdədir. Bu, dilə verilən önəmin daha bir bariz göstəricisidir.
Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində mühüm addımlar atmışdır. Onun 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin qorunması, saflığının və zənginliyinin təmin olunması baxımından əlamətdar sənəddir. Bu proqram vasitəsilə dövlət dilinin müasir dövrün çağırışlarına uyğun istifadəsi, elmi tədqiqatların dərinləşdirilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir.” Bu fikir Azərbaycan dövlətinin milli ideologiyasının təməl prinsiplərindən birini təşkil edir.
Nəticə etibarilə, Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də milli mənliyimizin, müstəqilliyimizin, mədəniyyətimizin və gələcək nəsillər üçün əbədi ideoloji dayağımızdır. Onun qorunması və inkişafı hər bir azərbaycanlının müqəddəs borcudur. Millət vəkili Tamam Cəfərova belə deyib.

Share: