İran prezidenti: “Necə olur ki, biz bacı-qardaş dediyimiz Azərbaycanla münasibət qura bilmirik

İran prezidenti: “Necə olur ki, biz bacı-qardaş dediyimiz Azərbaycanla münasibət qura bilmirik

“Uzaq İsrail bacarır, biz qonşu Azərbaycanla niyə bacarmırıq?” – bunu deyən İranın prezidenti Məsud Pezeşkian açıq şəkildə sual edir: “Necə olur ki, biz bacı-qardaş dediyimiz Azərbaycanla münasibət qura bilmirik, amma minlərlə kilometr uzaqdakı İsrail bunu bacarır?”

Pezeşkianın bu sözləri Tehran rejiminin illərdir yürüdüyü ziddiyyətli və ziyanlı siyasətin tənqididir. O deyir: “Gəlin baxaq, səhv hardadır. Əgər Azərbaycanla normal münasibətlər qurmaq üçün imkanımız varsa, niyə iradəmiz çatmır?”
Bu cəsarətli çıxış əslində sadə bir həqiqəti açıq şəkildə göstərir: İranda səlahiyyət prezidentin yox, rejimin dini rəhbərliyinin əlindədir və bu rejim heç vaxt güclü Azərbaycanı istəməyib. Niyə? Çünki İran əhalisinin böyük bir hissəsi azərbaycan türkü.
Qüdrətli, söz sahibi olan Azərbaycan, o taydakı soydaşlarımızın hüquqlarını tələb edəcək. Onların dili, kimliyi, azadlığı gündəmə gələcək. Bu isə illərdir “İslam rejimi” pərdəsi altında xalqı susduran dairələri qorxudur.
Ermənistana olan isti münasibət də bu səbəblədir. Onlar işğalçı Ermənistanın zəifləməsini yox, möhkəmlənməsini istəyirdilər. Azərbaycan torpaqlarını azad edəndə şoka düşən ilk dövlətlərdən biri məhz İran idi. Hətta Ermənistana silah göndərdiklərinə dair ciddi faktlar da ortaya çıxmışdı. İndi isə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırlar. Bilirlər ki, bu yol təkcə iqtisadi deyil, Türk dünyasının birləşməsi deməkdir. Bu birliyin qarşısını almaq üçün hər vasitəyə əl atırlar.
Amma Pezeşkianın səsi rejimin içindən gələn bir etirazdır. Bəlkə də dəyişiklik ümididir. Görək, bu səs susdurulacaq, yoxsa yollar açılacaq…
Samir ƏSƏDLİ
Share: