Sona VƏLİYEVA
Bulud arzular
(Təyyarədən göyə və yerə baxış…)
Məgər görmürsünüz ki, Allah buludları qovar, sonra onları bir araya toplayar, sonra da üstüstə
yığıb topa halına salar. Və görürsən ki, o buludların arasından yağmur çıxar, sonra Allah
göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar
edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər.
(Qurani-Şərif”, “Nur” surəsi, 43-cü ayə)
Bulud olam, İlahi,
qoşulam ağappaq bulud köçünə,
heç kim görməyə,
heç kim inanmaya gedişimə,
bulud çiçəklərim,
ağaclarım,
bulud qonşularım,
yağış dostlarım ola…

Bulud olam bir gün…
Qəfil çəkiləm göy üzünə,
kimsə duymaya…
bulud olub,
qonşu olam göy üzündə ulduza, aya.
Darıxanda yerə bulud gözümdən
yağış göndərəm məni arzulayanlara,
sevdiklərimə,
doğmalara.
Göz yaşımdan,
yağışımdan
Yer üzü yaşıl geyinib bəzənə…
Bulud qəlbim sevinə
göyərtdiyim gözəlliyə.
Bəzən də,
bəzən də
dualarım bulud ölkədən
ağappaq yolla
tez çata Allaha.
Tanrım,
ağappaq bulud qadına çevir məni.
Göy üzündə göyərim,
görüm sevdiklərim,
göy üzünə baxanlarım,
yaxınlarım,
doğmalarım
görüb, tanıya biləcəkmi məni?
Görüm kim darıxıb ağlayacaq
bulud olub,
yerdən köçüb
göy üzünə çəkilənə.
Görüm necə olur
qeybə çəkilmişin
bulud kimi doğulmağı?
Bir gün də dözməyib
sevdikləri üçün darıxmağı,
yağış olub təzədən
yer üzünə qayıtmağı…
Təbrizli qızın himn oxuması
(Məktəb tədbirində şagirdlərin sırasında 7-8 yaşlı Təbrizli bir qızcığaz əlini köksü üstə qoyaraq yaşıdları ilə Azərbaycan himnini sanki bütün Təbrizin yerinə daha şövqlə oxuyurdu…)
Himn oxuyur Təbrizli qız…
Yüz illərin yanğısına
su səpilir…
Yüz illərin qəlb yanğısı sərinləyir.
Bir qızcığaz nəfəsiylə,
məğrur vətən nəğməsiylə,
səs üstündən
eldən – elə yol çəkilir,
Təbriz Bakıya gəlir…
Səf-səf düzülən ordu,
Şükür, qalıb dayanar,
Savalandan əsən yellər,
Gilavara qoşular.
Müjdə aparar çapar,
bir körpənin qəlb səsiylə
Təbriz himn oxuyar…

Bu səsdən bayraq yağar,
Təbriz ayağa qalxar,
Təbriz bayraq qarşılar…
“Şeyx Səfi” xalısından
yola çiçək döşənər,
bir səsin işığından
yollara şəfəq düşər…
Bu səs möcüzə olar,
şimşəkdən qılınc alar,
biçər sərhəd çəpərin,
yox edər Araz dərdin…
Bir səsin haqq qüvvəsi
göz önündə görünər,
Güney – Quzey kədəri,
nəğmə boyu
çiçəklər,
azad bacım, qardaşım,
səs üstündə birləşər…
Ruhun paytaxtı Təbrizin
ümman-ümman arzusun
bu qızcığaz dindirər.
Dədəm Qorqud boy – boylayar,
Qazlıq dağı tərpənər.
Laylam, bayatım mənim,
şikəstəm, ağım mənim,
düymə-düymə çiçəklər,
kədər sevincə dönər.
Bir səsin min diliylə,
Vətən himni səslənər.
Bir qızcığazın
səsiylə,
solan bahar qayıdar,
Şuşam qalib dayanar.
Araz üstən güllər axar,
Səd – sərhəd misra-misra
bu nəğməyə qoşular…
Bir millətin
yüzillik
ayrılığı yox olur…
Bu səs Babəkə qollar,
Səttarxana yol olur…
Şah babamın arzuları,
bu himn ilə çin olar…
Bir qızcığazın səsi
Güneydə dərdi umman,
azadlığı boğulan
bütövlüyə tamarzı,
türkün üsyan nəğməsi,
haqqın qalib gəlməsi,
Bu qızcığazın səsi
birləşən Vətən səsi…
Darıxan adam
Qar yağıb altında qalıb,
Külək sovurub aparır.
Ruhu içində qəribdi,
Burda bir adam darıxır.
.
Darıxır, bir gedəni var,
Gəlsə, günəş də çıxacaq.
Sükut içini doğrayır,
Köməyə kimi çağıraq?
.
O, iki daş arasında
Sıxılan bir əl kimidir.
Ömrü qəmlərin girovu,
Ümidlərini kiridir.
.
Çiynində dünyanın yükü,
Kirpikləri gözə çəpər.
Özünü dözümdən asıb,
Ağlamır ki, kimsə görər.
.
Doğmaların da içində
Tənhadır darıxan adam.
Qaya gücü hey ovulur,
Dağılır darıxan adam.

.
Evində qərib kimidir,
Hamı yad, hər şey də özgə.
Döyür içinin qapısın –
Bir kimsə tapıldı bəlkə.
















