Sən elə bilmə ki, bərli-bəzəkli, Evlərin içində xoşbəxtlər olur

Sən elə bilmə ki, bərli-bəzəkli, Evlərin içində xoşbəxtlər olur

Sevil Azadqızı Şamil Ənvəroğlunun şeiri haqda…

Sən elə bilmə ki…

Sən elə bilmə ki, ömrün hər günü,
Sənə sevinc dolu an gətirəcək.
Bir sabah bir başqa doğacaq Günəş,
Bir sabah ölümlü can gətirəcək.

Sən elə bilmə ki, adamlar sənin,
Qəlbinə xoşbəxtlik əkən olacaq.
Hər gələn bir kərpic qoparıb səndən,
Ömür sarayını sökən olacaq.

Sən elə bilmə ki, gülən üzlərin,
Gülməyi ürəkdən gəlib gülürlər.
Adam var gülməyi çoxdan unudub,
Gündüz sürünürlər, gecə ölürlər.

Sən elə bilmə ki, bu daş ürəklər,
Dünyaya əvvəldən belə gəliblər.
Neçə daş ürəyin atdığı daşdan,
Ağrıdan bərkiyib daşa dönüblər.

Sən elə bilmə ki, bərli-bəzəkli,
Evlərin içində xoşbəxtlər olur,
Əlçatmaz bildiyin neçə sarayda,
Xoşbəxt gülümsəyən bədbəxtlər olur.

Sən elə bilmə ki, duyduğun hər söz,
Ürəkdən boy atan eşq fidanıdır,
Artıq gözlərin də saxtası çıxıb,
Baxışlar da qəlbin bir yalanıdır.

Sən elə bilmə ki, doğma kəslərin,
Hər çətin anında boy göstərəcək.
Güvənin, inamın, sevgin nə vaxtsa,
Sənə unudulmaz “toy” göstərəcək.

Sən elə bilmə ki, dərdin çox böyük,
Dərdlilər yanında naşısan hələ.
Adam var göz yaşı bir dərya qədər,
Sən isə bir damla yaşısan hələ.

Sən elə bilmə ki, “sevirəm” deyən,
Zülmət həyatına çıraq olacaq.
Hər gələn bir başqa arzu, həvəsdə,
Nə vaxtsa, tərk edib uzaq olacaq.

Sən elə bilmə ki, yollar günahkar,
Qınama yolları, gələnlər gedər.
Bu gün bəslədiyin xoş arzular da,
Sabah çin olmayıb can verib ölər.

Sən elə bilmə ki, ölməzdir sevgi,
Bütün sevgilərin “əlvida”sı var.
Ölüm saydıqları ayrılıqların,
sabaha bir ümid, bir sonrası var.

Sən elə bilmə ki, yaxşı insanın,
Hər kəs qədrin bilir, heyranı olur.
Ağacı içindən qurd yeyən kimi,
Özü öz içinin qurbanı olur.

Sən elə bilmə ki, ağıl verirəm,
Dahilər yurdunun ağıllısıyam.
Neçə sarğı, neçə qaysaq tutmayan,
Ürək yarasının bir sarğısıyam.

Sən elə bilmə ha, ya da özün bil,
Bir arzu yazıram şəklinin altda.
“Heç vaxt ümidlərin sınan olmasın,
Sevgi tək qoymasın səni həyatda!”

Şamil Ənvəroğlu

TƏHLİLİ:

HƏQİQƏTLƏRLƏ DOLU BİR ÜRƏK. Həyat hər zaman insanın gözləntilərinə uyğun axmır. Sevinc, xoşbəxtlik, güvən və sevgi – bu anlayışlar bəzən elə bir qaranlığın içində itib-batır ki, insan öz gerçəkliyinə şübhə etməyə başlayır. Məhz belə anlarda Şamil Ənvəroğlunun “Sən elə bilmə” adlı şeiri oxucunun ruhuna bir güzgü tutur. Bu şeir sadəcə poetik ifadə deyil, həm də həyat dərsi, iç dünyamıza tutulan bir işıqdır.
Şair sətirlər boyu oxucuya həyatın sərt, bəzən də acı gerçəklərini xatırladır. “Sən elə bilmə ki, ömrün hər günü sənə sevinc dolu an gətirəcək” misrası ilə başlayan bu poetik nida, insanın illüziyalardan uzaqlaşıb reallığı görməsinə çağırışdır. Əslində bu bir xəbərdarlıqdır – çox ümid bağlama, hər şey göründüyü kimi deyil.
Şeirin strukturu sanki bir psixoloji söhbət kimi qurulub. Hər bənd bir həyat təcrübəsi, bir müşahidə, bir düşüncədir. Şamil Ənvəroğlu “sən elə bilmə ki…” deyə başlayan hər misrayla oxucunun beynində qurduğu “rahat dünya” divarlarını dağıdır, yerinə isə sarsıdıcı, amma saf həqiqətləri qoyur. Burada təkcə şəxsi həyatın yox, ümumilikdə insanlığın sosial, emosional və mənəvi çöküşü də təsvir olunur.
Şeirdə təzadlı obrazlar sıxlıqla yer alır: bərli-bəzəkli evlərdəki bədbəxt insanlar, doğma kəslərin laqeydliyi, saxta gülüşlərin ardındakı ağrılar… Bu kontrastlar vasitəsilə şair oxucuya bir sual ünvanlayır: “Görüb-gördüyün doğrudanmı gerçəkdir?” Cavab isə hər kəsin vicdanına buraxılır.
Ən təsirli hissələrdən biri isə sevgi və dostluq anlayışının dəyərsizləşməsinə toxunulan bəndlərdir. “Sən elə bilmə ki, ‘sevirəm’ deyən, zülmət həyatına çıraq olacaq” misrası bir çox insanın yaşadığı emosional aldadılmanın poetik bir əksidir. Bu, sevgi və güvən mövzusunda içimizdə yığılan inciklikləri sözə çevirməkdir.
Ən sonda isə şairin özünü təqdim etdiyi hissə gəlir: “Sən elə bilmə ki, ağıl verirəm, dahilər yurdunun ağıllısıyam…” Bu bəndlərdə müəllif bir məğrurluqdan uzaq duraraq, sadəcə bir müşahidəçi, duyğu daşıyıcısı olduğunu vurğulayır. Onun bildiyi yalnız insan ürəyinin ağrısıdır. O, bu ağrının sarğısına çevrilmək istəyir – sakit, amma dərindən duyulan bir təskinlik kimi.
“Sən elə bilmə” şeiri bir növ iç dünyamızla üz-üzə gəlməyimiz üçün yazılmış poetik bir güzgüdür. Şamil Ənvəroğlu bu şeirdə nə yalnız şikayət edir, nə də ümidsizlik təlqin edir. Əksinə, oxucunu gerçəkləri qəbul etməyə, saxtalıqların arxasında dayanan həqiqəti görməyə çağırır. Bu isə bir şeirdən daha artıqdır – bu, həyat fəlsəfəsidir.
Bəlkə də bu təhlili bu misralar tamamlanmağa layiqdir:

Heç vaxt ümidlərin sınan olmasın,
Sevgi tək qoymasın səni həyatda.
Bu, bəlkə də bütün şeirin ən həqiqi duasıdır…

✍ Sevil Azadqızı
Azərbaycan dill və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi tənqid və təhlilçi.
28.07.2025

Share: