Xiyar turşusunun sağlığına…

Dostumla vədələşdiyim yerə tələsirdim, gecikmək olmazdı, çünki ortalıqda mənim preblemim həll olunmalı idi. Bir vaxtlar vəzifədə olduğundan onun hər yerdə çoxlu tanışları vardı.

Taksipulu yoxdu, fikirləşdim ki, avtobusla metroya qədər, oradan da metro ilə vədə yerinə özümü arxayın çatdıracam. Cəld atılıb gələn avtobusa mindim və yeganə olan boş yerdə oturdum. Növbəti dayanacaqda içəri xeyli adam doluşdu. Nəğməkar sürücü çox milli musiqi səsləndirdiyindən aləmi şıdırğı qoşanağara səsi bürümüşdü. Qəfildən başımın üstündə ayaqüstə duran gözəl qızın telefonuna zəng gəldi:”Beyvəfa-beyvəfa, atmısan odlara…” Qız çantasını eşələyib telefonu tapdı, yorğun səslə “alo” elədi. Qoşanağaranın şad səsinə görə məcburən qışqıra-qışqıra danışırdı. Xeyli danışdıqdan sonra qəfildən telefona belə dedi: “Yoox, mən bu saat Qubadayam!..”
Doğrusu belə müasir libaslı gözəl qızın ucadan yalan danışması mənə çox pis təsir elədi. Başımı qaldırıb bu yalançı qızın üzünə baxdım. Namxuda, heç onun vecinə də deyildi, eləcə danışığına davam eləyirdi. Gördüm ki, onun bu yalançı səsi heç kimin vecinə deyil. Nə gözəl! Deyəsən xalqımız yalanla qol-boyun olub qohumlaşıb. Artıq yalana qız verib-qız alır, yalanı uşaqlarına kirvə də tuturlar.
Avtotusdan tələsik düşüb metroya endim. “Nərimanov” stansiyasında hamını qəfildən düşürüb qatarı DEPO-ya yolladılar. Növbəti qatar nə qədər basabas olsa da özümü birtəhər içəri tulladım. Ayağım yerə dəymirdi, göydə gəlib vədə yerinə çatdım. Dostuma zəng elədim. Dedi ki, filan kafeyə gəl. Gəlib gördüm, təzəcə çay sifariş eləyib. Xoş-beşdən sonra dedi, yaxşı gəlmisən, burda əla kabab verirlər, istəyirəm səninlə bir araq içəm. İçməyə həvəsim olmasa da özümü sevincək göstərdim. “Vuraq deyirsən, vuraq dəə…”
Həm də bilirdim ki, dostum birbalaca içib hallanmayınca mənim işim üçün heç kimə zəng edib ağız açmayacaq.
Qarson çayniki qoyanda, dostum ona kabab və araq gətirməyi də tapşırdı. Sifariş ağzından çıxıb qurtarmışdı ki, onun telefonuna zəng gəldi. Telefonu qulağına qaldırıb belə dedi: “Hə, qaqa, mən hələ evdəyəm, əynimi dəyişib çıxıram, çıxan kimi özüm sənə zəng eləyib yerimi deyəcəm… Narahat olma, sağ ol!”
Fikirləşdim, həə, yəqin nə vaxtsa məni də beləcə aldadırmış bu lələm. Çay içə-içə ordan-burdan danışıb goplayırdıq. Ha istəyirdim söhbəti açam, vəziyyəti ona danışam, o saat araya bir söz qatıb sözümü ağzımda qoyurdu. Problem də bu idi ki, dostumun müəllim dostu universitetdə oxuyan bacoğluma imtahanda qiymət yazmalıdı.
Stola soyuq yeməklər, araq gəldi. Dostum iri gövdəsinə yaraşmayan cəld bir hərəkətlə arağı burub açdı, badələrə süzüb qaldırdı: “Di, xoş görüşmuşük!” Mən elə bil zəhər içirdim. Dostum sanki ürəyimi oxudu. Badəsini yerə qoyub xiyar turşusundan dişlədi və: “Birinci həmişə məndə də zəhər kimi gedir,”- dedi. Sonra davam elədi:”Bu tərxundan çoxlu ye, ürəyə xeyirdi, sənin işini də danışmışam, rahat çörəyini ye! Neçə şifer deyirdin?..”
Məni gülmək tutdu, şifer-zad nədəə, bu, deyəsən dəli olub. Mən axı, hələ buna heç nə deməmişəm, eləcə onu bilirəm ki, dostumun o müəllimlə arası sazdı. Ağzımı açıb nəsə demək istəyirdim ki, telefonuna yenə zəng gəldi. Bu dəfə də götürüb belə dedi: ”Hə, qaqa, mən indi şəhərdəyəm, birazdan zəng eləyərsən, harada oturacağımı deyərəm. Qəti narahat olma!”
Telefonu söndürən kimi yüz də süzdü. Butulkanı yerə qoymuşdu ki, qarson kababı gətirdi. Fikirləşdim, əşi, qaçmırıq ki, yeməyimizi yeyək, sonra danışaram.
“Yemək çək, çox fikir eləmə, hamısı düzələcək. Di götür, görüm!” Yüz-yüz də içdik. Bu dəfə araq su kimi getdi. Dostum rumkanı yerə qoyub dərin bir ah çəkdi və qabırğa kababını dartışdıra-dartışdıra: – sənə təzə bir lətifə danışacam, – dedi. Çeynədiyi tikəni udandan sonra əlini salfetlə silib araq süzdü. “Sən gədəbəylinin şərləməyini bilirsən?”- gülə-gülə soruşdu.
Dedim, əşi, onu hamı bilir. Bakıda iki gədəbəylini polis saxlayır. Gədəbəylinin biri baxır ki, işlər fırıqdı, xəlvətcə o birisinə deyir, ayə, şərlə bunu! Hələ heç polislə kəlmə kəsməmiş o biri tayı da deyir, ayə nəyini şərləyim, 50 manat vermişəm, hələ 50 də istəyir…
Dostum yüngülvari gülüb dedi ki, bu heç, təzə birini eşitmişəm, götür, bunu da vuraq, danışım. Əlindəki arağı tam içib bitirməmiş yenə zəng gəldi. Rumkanı yerə qoyub telefonu götürdü: “Qaqa, sən belə elə, otur “Nərimanov”da bir çayxanada, elə beş-on dəqiqəyə mən də ora gəlirəm, oldumu, narahat olma, hə, sağ ol.”
Üzünü mənə tərəf çevirib ağzına bir qırmızı turp tulladı, çeynəyə-çeynəyə: ”Bunu yəqin eşitməmisən, təzə eşitmişəm, lap kefdi!”- dedi.
İnsaf naminə deməliyəm ki, dostum lətifəni çox yaxşı danışır. Maraq məni bürüdü: ”Mənölüm, danış!” Artıq, bacoğlu-zad yaddan çıxmışdı.
Ona yenə zəng gəldi. Telefonu götürüb tezcə cavab verdi: ”Qaqam, beş dəqiqəyə ordayam!”- tez də telefonu qapadı. Sonra çönüb qarsona : ”Gəl bu külqabını dəyiş!”- qışqırdı. Yenə üzünü mənə tutub lətifəni başladı: ”Deyir, sovet vaxtı iki gədəbəylinin bir maşın kartofu olur. Bunlar həm də qonşu olurlar. Birinin köhnə bir maşını olur. Kartofu maşına yığıb, tarhatar, Bakıya satmağa gətirirlər. Qaradağa çatanda QAİ maşını saxlayır. Sıxışdırıb bunlardan pul almaq istəyirlər, ancaq baxırlar ki, bunlar heç pul verənə oxşamırlar. Axırda deyirlər, kartofun karantin kağızı yoxdu, rəisin yanına getməliyik. Gədəbəylilər deyir, hara istəyirsən, gedək. Rəisin otağına girən kimi bunlardan biri qarnını-başını tutub yerə yıxılır, “Ay ana, öldüm, ay dədə öldürdülər, gəl!”- deyib qişqırır, yerdə eşələnir. Maşını sürən tayı ayaqüstə ona baxıb belə deyir: “Ayə, nə qıvrılersən, nəçənnik adamı söyər də, döyər də!..”
Səs-səsə verib o qədər güldük ki, kafedəkilərin hamısı bizə boylandı. Yenə süzüb içdik. Sağlıqları da həmişə dostum deyirdi. Əslində onun dediyi sağlıqlar elə mənim də xoşuma gəlirdi. Bu dəfə də belə dedi:”Yaxşı, götür görək, çox müvərəkdi!” “Mübarək” sözünü özü qəsdən belə kəndiskoy deyirdi. Belə olanda həm kənd-kəsək yada düşürdü, həm də məclis şən keçirdi.
Təzədən başladıq bayaqkı lətifədəki rəisin vəziyyətini ələ salıb gülməyə. Bu dəmdə dostuma yenə zəng gəldi. Telefonu qulağına apararaq: “Qaqa, çatıram, uje!”- deyib, yerə qoydu. Sonra üzünü mənə tutub gənəşmə tonuyla soruşdu:”Bəlkə bir dənə də araq öldürək?”
Mən onun bu ideyasını yüksək qiymətləndirsəm də fikirləşdim, yəqin biz hələ uzun oturacağıq, bəlkə dostuma zəng eləyəni də dəvət eləyək. Yox, əvvəlcə soruşmaq lazımdı, bayaqdan onu bu soyuq , küləkli havada gözləyən o bədbəxt kimdi.
“Qardaş, – dedim, – bəlkə o zəng eləyəni də çağıraq, baxıram, biz burdan tezliklə çıxan deyılik”. Söz ağzımdan çıxan kimi yenə zəng gəldi. Dostum bezgin halda telefonu götürüb belə dedi:”Uje, çatdım!” Tez də telefonu qapatdı.
Bayaqkı sözlərimə cavab almaq mənasında onun üzünə baxdım.
“Bilirsən bu kimdi? Gənc bir sairdi. Neçə gündü mənə öz şerlərini oxumaq istəyir. Bura çağırsam şer oxuyub zəhləmizi tökəcək. Götür görüm! Bunu da içək xiyar turşusunun sağlığına!..”
Çayxanada gözləyə-gözləyə öz şerlərini intonasiya ilə oxuyub məşq eləyən o gəncin halına xeyli acıdım. Qəfil rumkamı qaldırıb üsyankar bir sağlıq dedim:”Mən, xiyar turşusunun yox, o gənc şairin sağlığına içmək istəyirəm! Çünki, yurdumuzun gələcəyi məhz belə gənclərə bağlıdır!..”

Murad Köhnəqala

Share: