Məşhur yazıçı homoseksualların qəzəbinə tuş gəldi

Müasir ədəbiyyatın ən tanınmış və zəngin adlarından olan Coan Roulinq son zamanlar yazdığı əsərləri ilə deyil, statusları ilə diqqət çəkir.

Bu yaxınlarda sosial şəbəkələrdə LGBT əleyhinə yazılmış bir statusa münasibət bildirməsi yazıçının başına bəla olub. Belə ki, Roulinqin həmvətənlilərindən biri transseksualları “don geyinmiş kişilər” adlandıraraq onların cinsi dəyişkənlik seçimini alçaldıb. Yəni bu insanların qadın cildinə düşmək istəyi yalnız onların bəzək-düzək, geyim və güclü cins üzərində təsir qabiliyyəti ilə əlaqədardır. Bəzi kişilər də bu üstünlüklərə nail olmaq üçün qadın olmağı seçirlər. Coan Roulinq bu statusu bəyənərək fikirlə razılaşdığını bildirib. Bununla da homoseksualları ayağa qaldırıb. LGBT təmsilçiləri bu günə qədər kitablarını aldıqları, əsərlərinə çəkilən filmləri izlədikləri yazıçıdan bu cür hörmətsizliyi gözləmədiklərini bəyan ediblər. Mütləq surətdə üzrxahlıq tələb ediblər. Yazıçıdan hələ ki, məsələ ilə bağlı səs çıxmayıb. Amma rəsmi sözçüləri “yanlış anlaşılma” ifadəsi ilə hadisəni yatışdırmağa cəhd ediblər.

Buna qədər isə Roulinq tələbələrlə kəllə-kəlləyə gəlmişdi. “Harri Potter” silsiləsində bəhs etdiyi məkanlardan birinin konkret real yerini göstərmiş və uzun zaman həmin yer tələbələr üçün sevimli məkana çevrilmişdi. Bir müddət sonra isə dediklərini danaraq tələbələri məyus etmişdi.

Qeyd edək ki, Coan Roulinqin romanları dünyanın 80-dən çox dilinə tərcümə olunub. Roulinq üç dəfə «Nestle Smarties Gold Award» və «British Book Awards» mükafatlarına, iki dəfə «Children’s Book Award The Booksellers Association» mükafatın layiq görülüb. Bundan əlavə uşaq ədəbiyyat nominasiyası üzrə İspaniyanın “Austriya şahzadəsi” mükafatı ilə təltif olunub. 2000-ci ildə isə “Britaniya İmperiyası” ordeninə kavaler seçilib. 2008-ci ildə Forbes jurnalı onu dünyanın ən varlı yazıçı qadını elan edib, var-dövləti 1 milyard dollar həcmində qiymətləndirilir.

Şəfiqə ŞƏFA

Share: