“Sərhədlər 30 il öncə İranın səssiz müşahidəsi altında dəyişdirilib”

Son günlər İranın müxtəlif rütbəli məmurlarından (hərbçilər, diplomatlar, parlamentarilər) “Sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir” məzmunlu bəyanatlar eşitməyin adətkarı olmuşuq. Hamımız yaxşı bilirik ki, bu deyilənlər Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası, İrəvanın ərazi bütövlüyümüzü tanımağa məcbur edilməsi ətrafında cərəyan edən proseslərin fonunda bizə ünvanlanır.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev özünün feysbuk hesabında yazıb.

Deputat bildirib ki, belə bəyanat müəllifləri söylədiklərinin əsaslı olması üçün hansısa xəritəyə sahib olmalıdırlar:

“Bizdə belə xəritələr çoxdur və hansı sərhədin haradan keçdiyini bilirik. Əgər onlarda da hansısa xəritələr varsa, ki, sərhədlərin dəyişdirilməsini həmin xəritədən görürlər, təqdim etmələri lazımdır. Yox, xəritələri yoxdursa, bilməlidirlər ki, əksinə, indi baş verənlər dəyişdirilmiş sərhədlərin bərpasına yönəlmiş proseslərdir. Çünki regiondakı sərhədlər 30 il öncə İranın səssiz müşahidəsi altında dəyişdirilmiş, bölgənin müsəlman dövləti olan Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur”.

“Son 30 il ərzində regionda tək dövlət sərhədləri deyil, mənəvi sərhədlər də pozulmuşdu və təəssüf ki, İran buna biganə idi. Hər zaman dostluq münasibəti bəslədiyimiz cənub qonşumuzun heç bir məmuru onlarla müsəlman məscidinin dağıdılmasını, içində donuz otarıldığını, yüzminlərlə müsəlmanın çöllük-biyabanlıqda qeyri-insani şəraitdə həyatla mübarizə apardıqlarını, müsəlman qız-qadınların təhqir olunduğunu nədənsə “qırmızı xətt” hesab etmirdi. Əvəzində bütün bunları törədənlərlə hərtərəfli münasibətlərin inkişafı hər vəchlə stimullaşdırılır, ticarət intensivləşirdi. Pozulmuş sərhədlərin bu tərəfindəki terrorçu-separatçı ünsürlərə azuqə, yanacaq daşınırdı. İndi bütün bunların qarşısı alınıb və əslində, ədalət bərpa olunub. Qalır sərhədləri bərpa etmək. Bu da bizim qırmızı xəttimizdir: kimin xoşuna gəlmirsə, gəlməyə bilər: bu, müstəqil, azad, güclü Azərbaycanın problemi deyil”, – deyə deputat bildirib.


Share: