Əbdüləli Mürsəlov və Rafiq Cəlilov…

(Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı barədə subyektiv baxışım)

Məlum olduğu kimi, əslən Bakının Xırdalan şəhərindən olan mərhum Əbdüləli Bəyəli oğlu Mürsəlov 1971-1980-ci illər ərzində keçmiş Azərbaycan KP Cəlilabad RK-nın I katibi vəzifəsində çalışmışdır.

Yaşlılar və qocaman ziyalılarımızdan eşitdiyimə görə, mərhum Ə.Mürsəlov sözün həqiqi mənasında yüksək mədəniyyət və etika sahibi, inanclı, doğru-dürüst və ləyaqətli bir Dövlət məmuru olmuşdur. Bu gün də, Cəlilabad rayonunun əsasən yaşlı nəslinin nümayəndələri onu diqqətli, qayğıkeş, sadə, təvazökar, Qanun tərəfdarı, Ulu Tanrıya bağlı, doğru-dürüst və intellektual bir şəxsiyyət kimi xatırlayır və rəhmətlə yad edirlər…
Bu gün 1980-ci ildən artıq 42 il ötür. Bu illər ərzində Cəlilabad rayonuna bir sıra şəxslər rəhbərlik etmiş və onların hər biri vəzifədə olarkən gördükləri işə və göstərdikləri əməyə uyğun olaraq kütlə tərəfindən qiymətləndirilir…
Mənim subyektiv baxışıma görə, mərhum Ə.Mürsəlovdan sonra onun insani keyfiyyətləri, yüksək mədəniyyəti və işgüzarlığını bir daha bu günkü Cəlilabad Rayon İcra Hakimi hörmətli Rafiq Cəlilov öz yüksək və təqdirəlayiq əməli, xüsusilə də, humanist və gözəl davranışı və insani dəyərləri ilə Cəlilabad əhalisinə xatırlatmağı bacarmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14.09.2021-ci il tarixli sərəncamı ilə Rafiq Əsgər oğlu Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin etdikdən sonra hər kəs onun Dövlət məmurları və qulluqçularından tutmuş sadə vətəndaşlara qədər hər kəsə qarşı diqqətli, səmimi və qayğıkeş davrandığını, şəhid ailələri və qazilərə xüsusi diqqət ayırdığını, xalq arasında olduğunu, xüsusilə də Dövlətçilik ənənələrini böyük diqqətlə qoruduğunu müşahidə edir.

Açıklama yok.

O, çəkinmədən xalq arasına çıxır, sadə vətəndaşlarla söhbət aparıb onların problemləri ilə maraqlanır, bölgəmizin sirli tarixi və arxeologiyasına böyük maraq və diqqət göstərir, rayonumuzun ağsaqqal və ziyalı təbəqəsi ilə yaxın ünsiyyət qurur, vaxt tapanda isə bərəkətli Cəlilabad torpağının tarlaları və əkin sahələrinə üz tutub sadə vətəndaşlarla birgə məhsulun yığılmasında iştirak edir. Bütün bunlarla yanaşı həm də, İcra Hakimiyyətinin imkanları çərçivəsində rayonda quruculuq-abadlıq işləri aparır və s.
Artıq hər kəs yaxşı bilir ki, Rafiq müəllim Cəlilabadda bu mühüm vəzifəyə başlayan gündən etibarən rüşvətxorluq, korrupsiya, özbaşınalıq və Qanunsuzluğa qarşı ciddi mübarizə aparmaqdadır.
Doğrusu Rafiq müəllimi və gördüyü işləri kənardan izləyəndə ağsaqqallarımızdan barəsində gözəl sözlər eşitdiyim mərhum Ə.Mürsəlovu xatırlayıram. İnanıram ki, yeni İcra Başçımız bizim üçün yeni bir şans, bir nemətdir.
Hər zaman söylədiyim kimi, İcra Başçısı Azərbaycan Respublikasının Prezidentinin bölgələr və rayonlarda olan görən gözü və danışan dilidir. Çünki icra başçıları ümumiyyətlə, ölkə Prezidentini təmsil edirlər. Bu baxımdan Rafiq müəllimin Cəlilabad rayonunda cənab Prezidentə layiqli təmsilçi olduğunu tam əminliklə söyləmək olar. Onun hörmətini uca tutmaq isə hər birimizin insanlıq və vətəndaşlıq borcudur. Bu arada xüsusilə ziyalı təbəqə öz doğru-düzgün davranışı və etik, həm də məntiqli mövqei ilə gənc nəslimizə örnək olmalıdır.
“Cəlilabad rayonunda heç bir problem yoxdur” – iddiası ya bəzi gözdən əlil, ya da yaltaq insanlar tərəfindən dilə gələ bilər. Çünki hər şey göz önündədir. Etiraf etmək lazımdır ki, rayonumuzda (narkomaniya, yol, içməli su, qaz və eləcə də, kütləvi iş yerlərinin olmaması ucbatından işsizlik, həmçinin, təhsil və səhiyyə sahələrində) bir sıra ciddi problemlər var. Həm də bu problemlər Rafiq müəllimin iş başına gəldiyi gündən deyil, daha əvvəldən mövcud olmuş və mövcuddur.

Mən özümü heç kimdən üstün və ya daha ağıllı saymıram. Əslində özümdən yaşda böyüklərə, ləyaqətli alimlərimizə, ağsaqqallarımız və dəyərli ziyalılarımıza hər zaman hörmət bəsləmiş və bəsləyirəm. Lakin düşünürəm ki, cəmiyyətimizdə söz sahibləri və ziyalı təbəqə həmin problemləri etika, mədəniyyət və səmimiyyət çərçivəsində dilə gətirməli və ən gözəl yollarla onların həllinə çalışmalıdırlar. İnanıram ki, rayonumuzun hörmətli və kübar Başçısı da, ona təqdim edilən səmimi tənqid və təkliflərə ən gözəl səviyyədə reaksiya verəcəkdir. Bu isə ümumilikdə, Dövlətçilik ənənələrinin qorunması, əhalinin rifahı və eləcə də, cəmiyyət arasında etika, mədəniyyət və səmimiyyətin inkişafına böyük töhfə olacaqdır…
İlqar İsmayılzadə

(Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü)
08.09.2022

Share: