71 yaşlı müxalifətçi professor…

(Tanrının izni olmasa bir yarpaq belə açılmaz…)

Hakimiyyət dövləti idarə edən nəhəng bir mexanizimdir. Bu mexanizmdə hər hansı bir detal sıradan çıxsa belə, onu dərhal təzəsi ilə əvəz edib, fəaliyyətini davam etdirmək mümkündür. Əgər həmin mexanizmdən daha güclüsünü yarada bilməmisənsə, onun üstünə getmək, qarşısını almağa çalışmaq təcrübəsizlik, naşılıqdır…

Bəli, liderləri Tanrı seçir, əgər Tanrı seçimini dəyişməsə, seçdiyinə qalib gəlmək, ondan liderliyi almaq qeyri mümkündür. Kiminsə hakimiyyətə gəlmək sevdasına qoşulub, qurduğu oyunun iştirakçısı olmaq isə fanatizmdən başqa bir şey deyil…

Gəncə qiyamından sonra yaranan siyasi böhrandan çıxış yolu axtaran Elçibəy və onun komandası məcbur olub Heydər Əliyevi Bakıya dəvət etdilər. 1993-cü il iyunun 9-da prezident təyyarəsi ilə Naxçıvandan paytaxta gələn Heydər Əliyev dərhal Gəncəyə, Surət Hüseynovla danışıqlara getdi. Geri qayıdanda siyasi razılaşmaya əsasən, o, istefa vermiş İsa Qəmbərin yerinə, Ali Sovetin sədri vəzifəsinə seçildi. O zaman Ali Sovetin funksiyasını demokratik blok üzvləri və keçmiş kommunist deputatlardan bərabər şəkildə təşkil olunmuş 50 nəfərlik Milli Şura həyata keçirirdi. Ali Sovetin sədrini də Milli Şura üzvləri seçməli idi. İyunun 15-də işinə başlayan Milli Şurada gözlənilmədən Heydər Əliyevin seçilməsi əleyhinə fikirlər səsləndi. İclasın gedişindəki bu gözlənilməz dəyişiklikliyə rəy bildirmək istəyən Heydər Əliyev söz aldı və xatırlatdı ki, bura öz istəyi ilə gələməyib, onu prezident Elçibəy dəvət edib. Bundan sonra səs verən Milli Şura üzvləri cəmi 3 səs əleyhinə olmaqla Heydər Əliyevi Ali Sovetinin sədri vəzifəsinə seçdilər. İclasda içtirak edən prezident Əbülfəz Elçibəy tezliklə Kələkiyə yollandı. Həmin ilin avqustunda onun iş yerini tərk etməsi, vəzifə öhdəliklərini həyata keçirməməsi ilə əlaqədar yeni prezident seçkiləri qaçılmaz oldu və referendum keçirildi, oktyabrda isə Heydər Əliyev növbəti prezident seçildi. Bu, təsadüf yox, zəruriyyət idi. Tanrı belə qərar vermişdi. Və Tanrının seçdiyi insanın ölkə lideri olmasında iqtidar üzvülərinin özləri vasitəçi oldular…
1990-cı ildən sonra köhnə sovet ölkələrində olduğu kimi, Azərbaycanda da “müxalifət”-“iqtidar” sözləri gündəmə gəldi. Və ölkə əhalisi arasında gizli-açıq qarşıdurma yarandı. Sanki insanlar iki cəbhəyə bölündülər. Bu tərəf o tərəfdəkiləri, o tərəf də bu tərəfdəkiləri qınamağa başladı. Cəmi on milyondan ibarət olan əhalini partiyalara, hərəkatlara bölməyə çalışdılar. Bu qarşıdurmada kimlərin haqlı olub, kimlərin haqsız olduğu barədə danışmaq fikrim yoxdur. Belə məsələlərin əlahəzrət zamana ciddi ehtiyacı var…
Hə, mən də yaxşı bilirəm ki, siyasi əqidə, fədakarlıq elə bir qüvvədir ki, sahibini yerindən oynadır, həyatına rahatlıqdan çox, narahatlıq gətirir. Necə deyərlər, geriyə yol olmur, qarşıda zülmət qaranlıqdır, dayanmaq da mümkün deyil. Soydaşımız Cəmil Həsənli kimi.
Tarix elmləri doktoru, professor Cəmil Həsənli Azərbaycan Milli Azadlıq Hərakatının iştirakçılarından biri olub və bir vaxtlar Azərbaycan Xalq Cəbhəsinin fəal üzvlərindən biri kimi, Bakı Dövlət Universitetindəki təşkilatını təmsil edib. 1993-cü ildə bir neçə ay prezident Əbülfəz Elçibəyin siyasi məsələlər üzrə müşaviri kimi fəaliyyət göstərib. 1994-2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin humanitar məsələlər üzrə müavini işləyib. 2005-ci ildə AXCP üzvlüyündən çıxıb. 2005-2013-cü illərdə Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinə sədrlik edib. Hazırda 2013-cü ildə yaradılan Milli Şuranın sədridir…
Artıq bir neçə müddətdir ki, ölkədən kənarda yaşayır. Tənqidi çıxışları ilə xaricdə fəaliyyət göstərən, iqtidara müxalif “YouTube” telekanallarında tez-tez görünür. Bəlkə də düşünür ki, dünyanın nizamını dəyişə biləcək. Bir dəfə ölkə lideri olmağa səy göstərib, amma alınmayıb. Tanrının qərarı başqa olub…
Yanvarın 15-də professor Cəmil Həsənlinin 71 yaşı tamam olur. Nə iqtidarda, nə də ki, müxalifətdə təmsil olunmayan bir soydaşı kimi, ona cansağlığı, firəvan həyat, ağrı-acısız günlər arzulayıram…
Elman Eldaroğlu
Share: