600-dən çox kitab müəllifi olan, əsərlərini yuxusunda görən Çingiz Abdullayev – Ona eşq məktubları yazan qadın kim idi?

Bu gün Xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür. Kulis.az bu münasibətlə yazıçı ilə bağlı maraqlı faktları təqdim edir.


Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, hüquqşünaslar nəslindəndir. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olub, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışıb.

***

Ç. Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirib (1976) və təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində davam etdirib (1976–1981).

***

Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi kimi başlayan Çingiz Abdullayev daha sonra böyük hüquq məsləhətçisi və şöbə rəisi vəzifələrində çalışıb. O, 1984–1986-cı illərdə Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub.

Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib. Artıq 32 ildir ki, AYB-nin katibidir.

Çingiz Abdullayev Vətən Müharibəsindən əsər yazır - Bu dəfə detektiv  olmayacaq

***

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayan Çingiz Abdullayev 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edib. Rus dilində yazıb-yaradan yazıçının əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılıb. 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünya yayılan yazıçı 200-dən çox kitabın müəllifidir.


O, çoxlarını düşündürən Çingiz Abdullayev Azərbaycan dilində niyə yazmır? – sualına oxucularla keçirilən görüşdə bu cür cavablandırıb:

“Həmişə partiyada çalışdığı üçün rus dilində öyrənib yazmışam. Ancaq etiraf edim ki, Azərbaycanda harada çıxış edirəmsə, yalnız Azərbaycan dilində danışıram. Böyük türk yazıçısı Çingiz Aytmatov qırğız dilində bir söz də bilmirdi, Oljas Süleymanov qazax dilini bilmirdi. Bununla belə onlar öz xalqlarının dərdlərini yazıblar”.

4 universitetin fəxri doktoru, hüquq elmləri professoru olan yazıçının ilk kitabı “Mavi Mələklər” («Голубые ангелы») olub. 1988-ci ildə çıxan bu kitabın 3 il rəsmi çapa buraxılmağına qadağa qoyulub.

Çingiz Abdullayev əsərlərinin çoxunu öz yuxusunda gördüyünü deyir.. Ona görə də rahat yatmır.

Çingiz Abdullayevin 10 kitabı Azərbaycan dilində nəşr olunub

***

Əksər insanlar zamanla yazıçının şöhrət qazanmasını məhz onun başqa dildə yazmağı ilə bağlasa da, Çingiz Abdullayev bununla razılaşmayıb yaxşı kitabın öz ölkəmizdə də, bütün dünyada da yazıçıya şöhrət qazandıra biləcəyini vurğulayıb:


“Öz dilimizdə yazdığım çoxlu sayda əsər var ki, çin, eston, ukrayna, rus dillərinə tərcümə olunub. Əsərin hansı dildə yazılmasının fərqi yoxdur. Lakin dünyada bu gün 5 dil var ki, yazıçı bu dillərdə özünü təsdiq edə bilərsə, onda dünyanı qazana bilər. Yox, əgər bu dillərdə kitabı çıxmırsa, onda yazarın uğur qazanması çətin olur. Bu dillər rus, ingilis, fransız, alman və ispan dilidir. Baxmayaraq ki, çin dilində 1 milyarda yaxın insan danışır, o dildə yazan yazıçının əsəri çox da uğur qazana bilməz. Orxan Pamuk türk dilində yazdığı əsərləri ilə tanına bilmədi, amma fransız dilinə tərcümə olunduqdan sonra bütün dünyada tanınmağa başladı. Onun əsərləri bizdə daha çox rus dilində oxunur. Utanc hissi versə də, türk yazarı Orxan Pamuk rus dilindəki əsərləri ilə Azərbaycanda məşhur oldu”.

***

Çingiz Abdullayev: "Mən çox xoşbəxtəm ki, valideynlərim belə bir uzun ömür  yaşadı" | Bakı Kitab Mərkəzi

Onun fikrincə, pulu, şöhrəti fikirləşən adam heç vaxt yazıçı adlana bilməz.

***

Çingiz Abdullayev, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yazan yeganə azərbaycanlı yazıçıdır. O, ədəbi fəaliyyət bir neçə lirik hekayə ilə, o cümlədən “Vals” (1981) və “Bir tikə çörək” (1981–1982) ilə başlayıb. Yazıçının ilk böyük əsəri — “Mavi mələklər” romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya — “Əclafların qanunu”, “Əclafların əqidəsi” və “Əclafların vicdanı” nəşr olunub.


Yazıçı həm də “ Dronqo” ( 2002, bədii serial) , “Məhkumlar” (2007, tammetrajlı bədii film), “Tərsinə çevrilən dünya” (2011, tammetrajlı bədii film), “Xeyirlə şərin rəqsi” nin (2015,tammetrajlı bədii film) ssenari müəəlifidir. Onu da qeyd edək ki, əsərlərindən fərqli olaraq, o, ssenarilərinin əksəriyyəti Azərbaycan dilində yazıb.

***

2021-ci ildə Xalq yazıçısının Sumqayıtda oxucuları ilə görüşdə Birinci Qarabağ Müharibəsi haqda dediyi fikirləri müzakirələrə səbəb olub:


“Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz olub, komandiri olub”

Çingiz Abdullayev 203 min manatın nəyə xərcləndiyini açıqlayıb

Səsləndirdiyi bu fikirlərlə gündəmə gələn yazıçı bir çox insanlar tərəfindən qınaq obyektinə çevrilib. KİV-də bu haqda çoxsaylı tənqidi yazılar dərc olunub.


Tənqidlərə məruz qalan Xalq yazıçısı isə “Birinci Qarabağ müharibəsi olmayıb, yalandır” fikrinə bu cür aydınlıq gətirib:


“Nə qədər şəhid o müharibədə və 3 minə yaxın şəhid bu müharibədə vermişik. Amma bu axırıncı müharibədə bizim müstəqil ordumuz, bizim iqtisadiyyatımız, pulumuz, imkanımız, Prezidentimiz və onun iradəsi olub. Ona görə mən bunu dedim. Bunu hələ bir il bundan öncə demişdim və 1 ay bundan öncə yazmışdım. O vaxt oxuyanlardan heç kim buna fikir vermədi. Bu videonu qəsdən belə çəkiblər ki, birinci hissə orada olmasın. Amma baxın orada (çıxış etdiyi tədbiri nəzərdə tutur-red.) neçə yüz adam oturmuşdu. Onlardan soruşun ki, necə olub və necə danışmışam”.


Onu bu məsələdə Xalq artistləri Flora Kərimova, Niyaməddin Musayev və digər sənətçilər müdafiə edib, insanları yazçıya çamur atmaqdan çəkinməyə çağırıblar.

***

Detektiv janrda yazdığı ilk vaxtlardan iradlarla üzləşən yazıçı yenə də istəyindən dönməyib. Nə vaxtsa bu janrla dünyada tanınacağına inanıb. Kitablarını Moskvada çap etməklə bağlı təklif aldıqda burada buraxılan kitablarını satış üçün Moskvaya göndərib. Mədəniyyət Şöbəsinin rəhbəri bundan xəbərdar olub yazıçını yanına çağırıb. Bildirib ki, bu məzmunda heç vaxt kitab yazma. Sən azərbaycanlısan. Bu qədər quldur narkoman var, onlardan yaz. Siyasi detektiv yazma. Bizlik deyil. Bu, yəhudilərin çörəyidir. Yazıçının kitablarının Moskvada satılanda isə ona gülüb “Çingiz Abdullayev adında siyasi detektiv yazan olmaz, getsin qoyunlarını otarsın, bazarda göyərtisini satsın” deyiblər.

Çingiz Abdullayevin əsərləri zamanla ölkəmizdə müxtəlif qələm əhli tərəfindən yaxşı qəbul edilməyib, plagiat hesab olunub. Zehinləri yazıçının bu romanları özünün yazması ilə bağlı suallar narahat edib.


O, müsahibələrinin birində bu barədə qeyd edib:

“Bəzi axmaq adamlar yazırlar ki, Çingiz , ümumiyyətlə yazıçı deyil. Mən bununla razıyam. Amma siz Xalq yazıçısı adı verilən birinə qarşı bu fikri səsləndirəndə fikirləşin ki, xalqı biabır edirsiniz. Heç vaxt onlara fikir vermirəm, hirslənmirəm. Milçəyə, ağcaqanada axı necə hirslənə bilərəm? Məni ancaq Neftçi futbol klubunun uduzması hirsləndirə bilər”.

Çingiz Abdullayev: "Bütün günü yeyib-içib oynayırıq" - 16.09.2019, Sputnik  Azərbaycan

***

Başqa bir müsahibəsində isə səsləndirdiyi “Ayda yetmiş min manat, mənim üçün pul deyil” – fikri yazıçını yenidən tənqid obyektinə çevirməsinə səbəb olub. “Qələm əhli belə qeyri-təvazökar ola bilməz” deyən adamlar tənqid oxlarını yenidən ona tuşlayıb. Yazıçı özü isə bu barədə fikir bildirməkdən imtina edib.

***


Əksər detektiv əsərlərinizdə “Dronqo”nu baş qəhrəman edən yazıçının bu obrazının heyranlarından biri də bəstəkar Emin Sabitoğlu olub.


Hətta bir dəfə onun bir sıra əsərlərində xəfiyyə obrazı olan “Dronqo”nu əsərlərindən birində öldürdüyü üçün bəstəkar ona zəng vurub və qızının Dronqonun ölümünə ağladığını deyib. Yazıçı bu haqda Eminlə bağlı xatirələrində qeyd edib:

“Elə qəhrəmanı öldürmək olar?” deyə narazılıq etdi. Mən də Dronqonu yenidən “diriltdim”. İndi həmin qız rektordur. Onu hər görəndə “Dronqo sənə görə sağ qalıb” deyə yadına salıram”.

Çingiz Abdullayev: "Mən çox xoşbəxtəm ki, valideynlərim belə bir uzun ömür  yaşadı" | Bakı Kitab Mərkəzi

***

Çingiz Abdullayev 30 sentyabr 2022-ci ildə keçirilən AYB-nin XIII qurultayında yenidən gündəmə gəlib.


O, ona sual verən bir jurnalisti təhqir edib və buna görə sərt şəkildə tənqid edilib. Məsələyə aydınlıq gətirən Xalq yazıçısı bildirib ki, jurnalist bu sualı ona təxribat məqsədilə verib:


“Mənə aydın deyil ki, insanlar necə inana bilərlər ki, mən durduğum yerdə jurnalisti təhqir edə bilərəm? Məsələ burasındadır ki, o, sualı təxribat məqsədilə verirdi. Dedi ki, sərf olunan vəsaiti bu salonda görmür. Halbuki 500 iştirakçı açılmış kofe-breyk masasını görmüşdü və təbii ki, buna da vəsait xərclənmişdi. Mənim əziz azərbaycanlılarım hamının oğru, yaramaz, vicdansız olduğuna niyə belə həvəslə inanırlar?”.

Normalda Çingiz Abdullayev üzr istəməli idi'

***

Öz sözlərinə görə, o, Azərbaycandan daha çox dünyada oxunur:

“Hesab edirəm ki, məni Azərbaycandan da çox başqa xalqlar oxuyur. Ukraynada mən milli qəhrəmanam. Latviyaya gedəndə oranın camaatı məni qatarda qarşılayırdı. Son dövrlər ölkədə 70-dən çox kitabım nəşr olunsa da, burdakı oxucularımın sayı hələ də azdır”.

Hətta yazıçının verilişlərdən birində danışdığı əhvata görə, Polşadan bir xanım ona məktub yazaraq onu sevdiyini bildirib və onun üçün Bakıya gəlmək istədiyini deyib. “Evli olduğunuzu bilirəm. Atam varlı insandır. Sizin yanınızda haradasa bir yerdə yaşayacam”- deyən qadına yazıçı “Çox gözəl qadınsınız arvadım qısqanacaq. Bəlkə mən gəlim sizə heç kim bilməsin?”- cavabını verib.

***

Yazıçı ailəlidir, iki övladı var(bir qızı və oğlu).

Çingiz Abdullayev xidmətlərinə görə “Qırmızı əmək bayrağı” ordeni və medallarla təltif olunub, 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.


Bu gün Xalq yazıçısı 64 yaşını qeyd edir.

Share: