12 yaşlı canlı şahid: “Ermənilər Vaqifin başını kəsib itə bağladılar” – MÜSAHİBƏ

“Qocaları bir tərəfə, cavanları bir tərəfə. İşgəncə verə-verə sıraya düzüb güllələyirdilər… İki gün öncə atamı Salatın Əsgərovan vuran yerdə güllələmişdilər. Muradın isə başını ailəsinin gözü qarşısında kəsmişdilər”.

 

Xudiyeva Ərkinaz Vahid qızı 1979 ildə Xocalıda anadan olub. O, Xocalı hadisələrini birbaşa yaşayıb. Həmin qanlı gecənin şahidlərindəndir. Günlərlə qarlı meşələrdə gizlənib…

Xocalıda azərbaycanlı dinc sakinlərin başına gətirilənlərin, onların güllələnməsinin canlı şahidi olan Ərkinaz Xudiyevanın Ordu.az-a müsahibəsini tədqim edirik:

– Xocalı facisindən 26 il ötür. Həmin günü necə xatırlayırsınız?

– Həmin gecə evdə yatmışdıq. On birin yarısı idi. Hər axşam alazan atırdılar, artıq alışmışdıq. Hər gecə paltarlı yatırdıq. Həmin gecə rahat yatdıq. Qəfil evdəki şüşələrin cingiltisinə oyandıq. Şüşələr cilik-cilik olmuşdu. Dayanmadan atəşə tuturdular, işıqlar da sönmüşdü. Hamımız ayaqyalın gecə paltarında çölə qaçdıq. Hər yer ağappaq, çöl qaranlıq idi, dizə kimi qar vardı. Qonşuların qapısına qaçdıq. Kimi çağırdıqsa cavab verən olmadı. Dəhşətli gecəydi. Alazanın, pulemyotun səsindən qulaq tutulurdu. Ortalıqda çarəsiz qalmışdıq. Qəfil evin arxasındakı qonşuluqdan avtomat səsi gəldi. Qonşular hamısı rəhmətlik Muradgilin zirzəmisindəydi. Biz də ora getdik.

Elnarə adlı qonşuluqda qız varıydı. Hamımız ağlayırdıq, onu isə elə bil şeytan güldürürdü. Dayanmadan gülürdü. Sonradan eşitdik ki, Elnarə əsir düşüb. Həmin zirzəminin sahibi Muradın başını ailəsinin gözü qarşısında kəsmişdilər. Ailə üzvləri havalanmışdı. İllərlə xəstəxanada yatdılar. Biz zirzəmidə təxmini bir saat qaldıq. Atamın xalası oğlu Tofiq əsgər idi, əlində silah vardı. Gəldi ki, durun gedirik. Heç kəs yerindən qalxmadı. Dedik, həmişə atırlar, birazdan kəsilər, biz də evə gedərik. Tofiq israr etdi. Mən sizi qorxutmaq istəmirəm, amma ermənilər artıq kənddədi. Gülləmiz qurtarıb. Hamımız düşdük Tofiqin qabağına. Ara yollarla, kol-kosa ilişə-ilişə gəlib məktəbin yanına çatdıq.


Qadın, uşaq, qız-gəlin hamısı məktəbin zirzəmisində idi. Kişilər də əlində silah qapıda dayanmışdı. Tofiq nə qədər desə də, gəlin birlikdə gedək heç kəs gəlmədi. Erməninin Xocalıya girməsinə heç kəs inanmırdı. Biz əlli-altmış nəfər olardıq. Qarqar çayı tərəfə düşdük. Əhalinin çoxu burda idi. Dəstənin komandiri Aqil də xərəkdə idi. Biz hamımız çayı ayaqyalın keçdik, meşəyə üz tutduq. Bu vaxt bizi atəşə tutdular . Hər tərəfdən güllə atırdılar. Balaca bacım 6 yaşındaydı. Anamın kürəyindəydi. Mən 12, qardaşım da 8 yaşındaydı. Meşəni bir az çıxmışdıq ki, dönüb kəndə baxdım ki, evlər hamısı yanır. Göy üzü qapqara tüstü, qıpqırmızı alov bürümüşdü. Kəndi dilbilməz heyvanlarının səsi götürmüşdü. Yer-göy dilə gəlmişdi. Heç kəsdən kömək yox idi. Meşəyə üz tutduq. Yanımızdakıların kimisinə güllə dəyib ölür, kimisi də yaralanırdı.

Bir qadına qolundan güllə dəydi, qucağındakı körpəsi düşüb dərəyə yumarlandı. Ağlaya-ağlaya dedi ki, bir qızım kənddə qaldı, itirdim, bunu qoymayın ölsün. Atam tez getdi gətirdi. Uşaq sağ idi. Ayaqlarımızı hiss etmirdik. Qarın üstü qıpqırmızı qanıydı. Əllərimiz şişmişdi, ağacdan qar yeyirdik. İki hissəyə ayrıldıq. Çörəkçi Aydın deyirlər, onların dəstəsi çox idi, sol tərəfə yola düşdülər. Nə qədər desək ki, getməyin, ora erməni tərəfdi, bizə məhəl qoymadılar. Biz onlardan bir az olardı ki, ayrılmışdıq. Onları əsir götürdülər. Biz dik sıldırım qayanın dibində gizləndik. Onları gözümüz görə-görə qayanın üstündə sıraya düzürdülər. Qocaları bir tərəfə, cavanları bir tərəfə. İşgəncə verə-verə sıraya düzüb güllələyirdilər…

O gecə qan yaddaşımıza həkk olunan bir gecə oldu. Ürəyimizdə sağalmayan açıq yara iz qoydu. Xocalı boyda, sağalmayan dağımız var. Xoşbəxt günlər keçirirdik. Nə qədər düşmən əhatəsində olsaq da öz vətənində yaşamaq bir xoşbəxtlik idi. Həmin günü göyün üzün qara bulud almışdı, həyətdə özümçün oturmuşdum. Dilimdə yavaşcadan lay-lay,dedim, ağı kimi. Bəlkədə bu yazıya rast gəlib oxusam, özüm şahid olmasaydım, öz yazdıqlarıma belə inanmazdım. Çünki inanılmaz bir faciə oldu.

– Bəs, tərəfinizdən müqavimət göstərən, döyüşən olmadı?

– Xocalıda qonşumuz idi, həm də qohum idik. Hündür boy, çox yaraşıqlı idi. Gözümüz önündə ayaqlarına güllə dəydi, gələ bilmədi. Tofiq Hüseynovu deyirəm, Milli Qəhramanımızı. Çoxlu erməni terrorçunu öldürdükdən sonra onu mühasirəyə almışdılar. Özünü ermənilərlə bərabər qumbarayla partlatdı. Əsir düşməsin deyə belə etmişdi.


– Günlərlə meşədə qaldınız, qarlı, əzablı günlər daha nələr müşahidə etdiniz?

Qonşumuz var idi, Təvəkkül. Onu qızının gözü önündə diri-diri yandırdılar. Digər qaçanları tapmaq üçün itlər göndərdilər. Qohumumuz Vaqif iti öldürdü. Bizdən aralıda İsmayılı əsir götürdülər. Elə bildilər iti o öldürüb. Onun başını kəsib itə bağladılar.

– Bu günlərdə necə sağ qala bildiniz?

Qar yeyirdik. Qonşumuz Ofelya xalanın cibində bir parça quru çörək vardı. Heç kəsə çatmadı. Balaca uşaqlara bir tikə bölüb verdik. Kişilər istədi ki, ölmüş insanların paltarlarından ocaq qalasınlar. Hər yerimiz donmuşdu.

Anamın atası iki dəfə sovet qəhrəmanı olub. Anam dedi ki, atam müharibədən bizə danışıb. Deyib ki, nə vaxtsa müharibə olsa heç vaxt ocaq qalamayın. Qarda ocağın istisində yuxu tutur, insan ayılmır. Tüstüyə də düşmənlər gəlib izi tapırlar. Anam qoymadı ocaq qalamağa. Bir az oturduq yenə yola düşdük.

– Qəribədir, Xocalıdan ayrılmaq və doğulduğun yerdən didərgin düşmək…

– Həmin gecə anam evdə fətir çörəyi bişirmişdi, qatıq çalmışdı. 12 yaşım vardı, ağlım kəsirdi. Böyük qız idim. Anama yalvarırdım ki, gedək isti ocağımızda ölək. Soyuğa dözmürdüm. İki gün öncə atamı Salatın Əsgərovan vuran yerdə güllələmişdilər. Atam Radayevin şoferi olub. Atam sağ çıxmışdı deyə qurban kəsmişdik.

– Siz necə oldu ki, biz tərəfə keçə bildiniz, əsirlikdən xilas oldunuz?

– İkinci gün ancaq dayanmadan yol gedirdik. Azırdıq, qayıdırdıq həmin yerə.

Üçüncü gün axşam üstü bir yerə çatanda çayxana göründü. Yanımızda qohumlardan bir kişi dedi ki, bura bizim yerdi. Bu çayxanada olmuşam, bura Abdalgülablıdı. Biraz getmişdik, əli silahlı 20-30 əsgər bizə yaxınlaşmağa başladı.

Qadınlar hamı qışqırdı. Qorxudan qadınların çoxunun ürəyi getdi. Çox qorxurduq, çarəsiz idik. Elə bildik ki, girov düşdük. Əsgərlər qışqırdılar ki, qorxmayın, bizik, azərbaycanlılarıq.

Sevincimin həddi hüdudu yox idi. Üç gün idiki gecə-gündüz sürünə-sürünə gəlib çıxmışdıq. Meşədə allaha yalvara-yalvara qalmışdım. “Allahım nə olar bircə girov düşməyək…”

Özümə söz verdim ki, əsir düşməyim, hər il qurban kəsəcəm. Bizi bir evə gətirdilər. Abdalgülablı camaatı çox qonaqpərvər idi. İsti çörək kəsdilər, ayaqlarımızı suya qoydular. Nənəm qoca olduğuna görə, bizdən əvvəl çıxmışdı. Ağdamda qalırdı. Qapıya çatdıq ki, bizə yas qurub ağlayırlar. Meyidimizi gözləyirlər. Nənəmin üzünün qanı sinəsindəydi. 25-ə yaxın qohumu şəhid olmuşdu. Bizim də əsir düşməyimizdən qorxub.

Çatdım ki, şəhid olan əmim – Zahid Xudiyev oturub, silahını təmizləyir. Bütün Xocalı şahiddi ki, əmim həqiqətən qəhrəman olub. Qorxmaz igid nər oğul idi. Ölümünə qədər döyüşüb. Dözmədi, könüllü getdi. Füzuli bölgəsində bayrağı təpəyə sancan zaman güllə sinəsinə dəyib. 9 gün yaralı qalıb. Bizə xəbər verməyiblər. Bizim xəbərimiz olanda artıq vəfat etmişdi. Nənəm 30 yaşından ərsiz qalmışdı. 30 yaşlı oğlunu itirdi. 25 yaşlı qızını da Xocalıda itirmişdi.


– Əminizə qarşı böyük sevgi var…

Həyatda ən sevdiyim iki şəxsdən biri olub. Atam, bir də əmim. Əmim indiki İkinci Fəxri Xiyabanda dəfn olunub. Qazax bölgəsində də döyüşüb. Orda bir varlı kişi ona deyib ki, oğlum əsirdi, mənə bir erməni əsiri verəydilər, övladımla dəyişərdim. Əmim bir neçə günə bir tank partladıb, iki ata-bala erməni əsiri tutub. Həmin ermənini kəndlinin oğluyla dəyişdirib. Əmim Qazaxdan bir qız sevirdi. Həmin qazaxlı kişi qızı əmimə qaçırdıb, əmimə üç gün üç gecə toy edib.

İndi özünüz necə yaşayırsınız, nə işlə məşğulsunuz?

– 12 yaşımda Xocalıdan çıxdım. Mən heç yaşamadım. Uşaqlarımın böyüyü artıq 16, oğlumun isə 12 yaşı var. Övladlarıma atam baxırdı. Xəstə-xəstə övladlarımı saxlamaqdan ötrü işə gedirdi. Atam meşədə qalanda xəsarət almışdı, nevroz idi. Axırda baş verənlərə, Xocalıdan qalan izlərə dözə bilmədi intihar etdi. Qardaşım isə əlildi, ürəyi xəstədi. Meşədə qorxudan ürək xəstəsi olub.

– Hazırda nə işlə məşğulsuz?

– Satıcılıq edirəm. Qarşıdan yaz gəlir, bənövşənin qoxusu burnuma gəlir, burnumun ucu göynəyir. Kəndimizə getməyim gəlir. Kaş ki,ölməmiş ayağım o torpağa dəyərdi. Hər səhər tezdən kol-kos şeh olardı. Əlimə tikan bata-bata Bənövşə dərərdim. İndi nə o kənd kənd deyil, nə də biz o biz. Yurdu, yuvası dağılmış köçəri yurdsuzlarıq. Xocalı ürəyimizdə açılmış, yarası sağalmayan iz qoydu. Bir əsr keçsə də, yaddaşım itsə belə, o gecə ağlımdan itməz..

Emin Piri
Ordu.az

Share: