11 ildir ölü kimi qeydiyyata alınan şəxsin qardaşı danışdı: “Qisas almaq niyyəti vardı”

Qubada tragikomik hadisə eşidənləri şoka salıb.

1996-cı ildən Rusiyaya gedən Abil Zeynalov doğulduğu rayonda ölü kimi qeydiyyatdadır.

Bizim.Media-ya danışan Vətəninə qayıda bilməyən Abilin qardaşı, Qubanın Rustov kənd sakini Nazim Zeynalov deyir ki, 2011-ci ildən bu işlə məşğul olmağa çalışır:

“Quba Qeydiyyat Şöbəsindən arayış almaq istəyəndə qardaşımın ölü kimi qeydiyyatda olduğunu öyrənmişəm. Şoka düşmüşəm o vaxtdan. Yazmadığım yer də qalmayıb – kənd icra nümayəndəliyinə, məhkəməyə və yuxarı təşkilatlara. Heç kim məni eşitməyib 11 ildə. İndi məsələ ictimailəşib.

Dövlət təşkilatları mənə, ailəmizə kömək eləsinlər ki, Abil gəlsin öz vətəninə. Ona təcili Azərbaycandan kömək olunmasa, qardaşım indi həqiqətən öləcək”.

Nazim Zeynalov məlumat verdi ki, 2011-ci ildə qardaşının ölümü ilə bağlı məhkəmə qətnamə çıxaranda ailədən zərərçəkən kimi heç kim iştirak etməyib:

“Qardaşımın keçmiş arvadı bunu edib. Onu haradasa başa düşürəm, acıqlıdır, qisas almaq niyyəti vardı. Bəs sorğusuz hansısa vətəndaşı necə ölü və ya diri elan eləmək olar? Niyə bizim ailədən kimsə çağırılmayıb məhkəməyə? Bu məsələnin özü də kökündən araşdırılmalıdır”.

Abil Zeynalovun qardaşı Nazim Zeynalov deyir ki, indi bu olayla bağlı Quba Rayon Məhkəməsinə müraciət etməyə hazırlaşır:

“Mənə qardaşımın qayıtması üçün heç bir kömək etməsələr, Ədliyyə Nazirliyinə müraciət edəcəyəm”.

Quba Rayon Məhkəməsindən isə bildirilib ki, 2011-ci ildə məhkəmə müraciət əsasında qərar çıxarıb:

“Azərbaycan Mülki-Prosessual Məcəlləsinin 312-316-cı maddələrinə əsasən, üç il ərzində barəsində yaşadığı ünvana heç bir məlumat daxil olmursa, həmin şəxs itkin düşmüş sayılır.

Barəsində beş il müddətində heç bir məlumat olmadığı təqdirdə isə həmin şəxs ölmüş hesab edilir. Təbii ki, bu zaman onun barəsində müraciət daxil olursa, məhkəmə həmin vətəndaşın ölü olduğu haqqında qərar çıxarır və vətəndaşın sorğusu təmin edilir”.

Quba Rayon Məhkəməsindən o da bildirildi ki, ölü kimi qeydiyyatda olan Abil Zeynalov Azərbaycana gələrsə, ona haqqının bərpası üçün lazımi köməklik ediləcək.

 

Share: