Ərəb məni Fransada necə qorudu? – Leyla Sarabi

Fransaya yenicə köçmüşdüm. Nə dillərinə, nə də adətlərinə hakim idim. Müayinədən keçmək üçün göz həkiminə getdim. Sırf fransızca bilmirəm deyə alzaslı tibb bacısı az qaldı hikkəsindən gözlərimi oysun (nə yalan deyim, bir yandan da heyran oldum dilsevərliyinə).

Otaqdan digər qaradərili xanım çıxdı. İngiliscə “Narahat olmayın, madam, mən sizə yardımçı olacam”, – dedi. Qara mələyin müşaiyətilə bəlkə 10 cür aparatdan göz müayinəsindən keçdim (Soyuq Fransaya rəğbətim ikiqat artdı. Axı bizdə oftalmoloq qəbulunda uzaq başı iki müayinə cihazı var, onun da biri mütləq mənfini müsbətə qatır).

– Yaxşı ki, siz varsınız, yoxsa qorxub, evə qayıdacaqdım.

– Mən də yeni gələndə fransızca bilmirdim, narahat olmayın, anlayıram sizi. Konqodanam, bəs siz?

– Azərbaycan. Tanıyırsınız?

– Təəssüf ki, yox. Amma internetdə axtarış verəcəm, mütləq.

Həmin gün məlum oldu ki, Bakıda gözümə düzgün diaqnoz qoymayıblar və alman (ingilisdilli) həkim istifadə etdiyim eynəyi özbaşına alıb-almadığımı da dəqiqləşdirdi. Sonra üzünü-gözünü qaşıyıb yeni eynək yazdı.

O hadisədən bir neçə ay keçmişdi, ətrafımı daha yaxşı görməyə başlamışdım. Elə bil könül gözüm də açılmışdı. Artıq hər küçədən keçəni şüşə kimi görüb, üzlərinə 4 gözümlə gülürdüm. Kaş ki, Avropanın bu saxta təbəssüm virusu bütün dünyaya yayılaydı. Hər ölkəmizə qayıdan gülüş dolu simasını təyyarədən tutmuş Xəzərin çirkab suyunadək yoluxdursaydı. Kaş ki, biz də özümüzdən bir Avropa yaratsaydıq.

Bir gün yenə isti-isti alışdığım iki ölçü böyük gülüşümü dodağıma geyinib, evdən çıxdım. Üç addımdan sonra Makronun da, Kitaroviçin də alışdığı vaxtsız qonaq kimi gələn xəfif leysana büründüm. Eynəyimin şüşəsi də buz damlalardan başqa heç nə görməz oldu. Yeni dünyamı aydan arı, sudan duru görən sehirli gözlüyümü çıxardım. Dərhal döndüm keçmişimə, özlüyümə, özümə…

Əşi onsuz da yağış yağır. Tramvaya bilet almayıb getsəm, dünya dağılmaz. Bunlar da qanun keşikçisi olublar. Onsuz da ayda-ildə bir dəfə nəzarətçi tramvaya girib, bilet yoxlayır. O da bu leysana qalmayıb. Üç dayanacaqdan ötrü niyə artıq islanmalıyam ki?!

Əslində 1 avro 60 santimlik bileti almayıb tramvaya minsən, heç nə itirmirsən. Amma nəzarətçi gözləmədiyin anda qatara girib səni hazırlıqsız yaxalasa, üstəlik təcili bilet tələb eləsə, ən azı 50 avroluq cərimə ödəməlisən.

Qatara girən kimi damarıma işləyən buz dağını əritməkçün pencəyimi də, şərfimi də çıxarıb, içərini isidən küncdəki kondisionerə toxundurdum. Eynəyimi gözümə taxar-taxmaz fransız vicdanım da üç-dörd nəzarətçi şəklində mənə doğru yaxınlaşdı.

Bu nə böyük utanc, bu nə nəhəng xəcalət, İlahi… Mən bunlara nə deyəcəm?

Canavarın biri sürüdən ayrılıb dovşan iyi duymuş kimi üstümə şığıdı.

– Biletiniz?

– Mən turistəm, ilk dəfədir tramvaya minirəm. Cihazın dilindən heç nə anlamadım deyə bilet almamışam (yalan).

– Sənədlərinizi verin, sizə cərimə yazmağa məcburam.

– Üzərimdə heç bir sənəd yoxdur (doğru).

– Şəxsiyyətinizi sübut edən sənədi götürmdən bir daha evdən çıxmayın. Bu tövsiyədir. Bəs adınız nədir?

– Leyla

– Türksünüz?

– Azərbaycanlı

– Mən də Əlcəzairliyəm.

Sükut….

– Sizə kömək edəcəm. Cərimə də yazmayacam. Amma növbəti dayanacaqda enməliyik.

– Sizə necə təşəkkür edəcəyimi bilmirəm.

– Lazım deyil. Biz gəlmələrin bir-birinə dayaq durmaqdan başqa şansı yoxdur.

Növbəti dayanacaqda nəzarətçilər və bir neçə mənim kimi eynəksiz sərnişin qatardan endik.

Sinəsindəki bəcdə Əhməd Adil yazılan yalquzaq da məni kənara çəkib, yalandan anket doldurmağa başladı. Vərəqə baxıb, nadancasına:

– Adımı Kristina yazdınız, axı Leyla demişdim.

– (pıçıltı ilə) Çünki bu cərimə xəyali Kristinanın ünvanına göndəriləcək. Amma siz susmasanız, mən işimdən olacam, siz də pulunuzdan.

Cərimə vərəqini ən saf yalanlara doldurduq. Sonra mən imza atdım. Bir nüsxəsini də verdi ki, gözdən itəndə cırıb atarsan. Amma mən o qəbzi cırmadım. Hər çarəsizliyimdə həmin kağız parçasına baxıb qar kimi ağ qürbətdə bir-birinə sarılan qapqara zülmət əlləri xatırlayıram. O əhvalatdan sonra çovğunda boğulsam da, yağmurda çimsəm də hər dəfə tramvaya bilet aldım ki, “Əhməd” işsiz qalmasın.

Leyla Sarabi

Share: