Əməkdar müəllim, yeni yaşın mübarək!

Azərbaycan Respublikasının Əməkdar müəllimi, AYB üzvü Səxavət Tağlar (Tağıyev) bir yaş da arxada qoydu. Onu təbrik edib, uğurlar arzulayırıq! Pedaqoji fəaliyyəti, ədəbi uğurları barədə bu yazını hazırlayarkən onun haqqında nüfuzlu ədəbiyyat adamlarının dəyərli fikirlərinə rast gəldik. Ona görə də istədik ki, həmin fikirlərdən bir neçəsini önə çəkək.

Açıklama yok.

Xalq yazıçısı Anar: “Səxavət Tağların yaradıcılığında Qarabağ mövzusu qırmızı xətt kimi görünür”. (60 illik yubileyinə ünvanladığı məktubda).

Xalq şairi Nəriman Həsənzadə: “Səxavət Tağlar “Bir nəslin dörd fəsli” kitabında xalq ədibləri – Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı və Anar yaradıcılığına onların adına layiq fikir ucalığından ayna tutmağı bacarıb.” (“Bir nəslin dörd fəsli” kitabına yazdığı ön sözdə).

Filologiya elmləri doktoru, tanınmış ədəbiyyat tənqidçisi Vaqif Yusifli: “Səxavət Tağlar nədən yazırsa yazsın, yazılarında bir məhəbbət ruhu var”. (“Gecikmiş məktub” kitabı haqqında düşüncələrində).

Uşaqlıq və məktəb illəri

 

Ailədə 11 uşaqdan biri olub: 2 qardaş, 9 bacı! Atası Feyruz Tağıyev təcrübəli təsərrüfat rəhbəri olub, halallığa baş əyən, hər kəs tərəfindən sevilən, el ağsaqqalı idi. Təbii ki, belə bir ailədə böyüyən övladlar da ailə ənənələrinə sədaqətli olmalı idi. İmişli rayonunun Əliqulular kəndində uşaqlıq və orta məktəb həyatını yaşayıb. Xatırlayanlar deyirlər ki, Səxavət tay-tuşları ilə dost və yoldaşlığı çox sevirmiş. Ailədə qazanılan uğurlu tərbiyə məktəb həyatında öz nəticəsini verdi. Nümunəvi davranış, əxlaqi dəyərlər və təhsili ilə məktəb həyatında hər kəsin sevimlisi oldu məktəbli Səxavət. 9-cu sinifdə “Azərbaycan pioneri” və sonrakı siniflərdə “Azərbaycan gəncləri” qəzetlərində ilk məqalələri onun ən böyük sevinci oldu. Kim deməz ki, qəlbində o imza şirinliyini yaşayan məktəbli Səxavətin arzu və istəkləri onun həyatına yeni rəng və peşə istiqaməti olmayıb.

 

                                  Tələbəlik və gənclik

Ali məktəbə girmək arzusu ilə o vaxtkı Stepanakert (Xankəndi) şəhərinə gəlib. Sənədlərini Xankəndi Dövlət Pedaqoji İnstitutuna verib və uğur qazanaraq 1976-1980-ci illərdə həmin institutun pedaqoji fakültəsində tələbəlik həyatı yaşayıb. Özü deyir ki, nə yaxşı tələbəlik həyatım Xankəndi şəhərində keçib, beynəlmiləl bir institutda, beynəlmiləl bir şəhərdə millətçilik oyunlarının canlı şahidi olmuşam. Bu barədə Səxavət Tağların “Qarabağ düşüncələri” kitabı var və ölkə mətbuatında mütəmadi maraqlı yazılarla çıxışlar edir.

 

O xatirələrində yazır: “Tələbəlik illəri! Yəqin ki, o illərin tələbə yoldaşları, müəllimləri, xankəndili dostları, bir yerdə olduğum ədəbi mühitin nümayəndələri də fikirlərimi təsdiqləyərlər. İnstitutda 3 bölmə var idi: Azərbaycan, rus və erməni bölmələri. Azərbaycan və rus bölmələrində erməni müəllimlər tədris aparırdılar. Qəribə olsa da, deyim ki, müasir Azərbaycan ədəbi dilindən bizə Ararat Qriqoryan adlı bir erməni dığası dərs deməyə gələndə təəccübümü gizlədə bilmədim. Etiraz etdim! Sən demə, mənim etiraz səsim 6 ayda onun içini göynədirmiş, sən demə, öz yurdumda, öz torpağımda, öz institutumda o məndən intiqam almaq hissi ilə yaşayırmış… Xırda etiraz tezliklə Vilayət Partiya Komitəsinə, DQMV-nın prokurorluq və DİŞ orqanlarına çatdı. İzahatlar – izahatlara calandı. “Baş bilənlər”in təkidi ilə institutdan xaric olunmağım barədə ərizə yazmağım və Ararat Qriqoryandan üzr istəmək təklifi yadıma düşəndə vücudum titrəyir.

 

Siz elə bilməyin ki, o vaxt DQMV-da azərbaycanlı kadr yox idi. Xalqımızın qeyrətli oğlu, gözəl alim, istedadlı şair Ənvər Əhməd fars dilindən dərs keçirdi. Azərbaycan dili və ədəbiyyatı dərslərini isə ermənilər aparırdılar. O vaxt yerli radioda işləyən istedadlı şair Ələmdar Quluzadə kimi yüzlərlə pedaqoqu instituta cəlb etmək olmazdımı?”

 

Səxavət Tağlar tələbə ikən mübariz mövqeyi və imzası ilə tanındı. DQMV-nın ictimai həyatında bir fəal gənc olaraq yaxından iştirak etdi. Tələbə yoldaşı, dostu, Əməkdar jurnalist Hikmət Cəmilzadə o illərə dönəndə Səxavət müəllimin gözüaçıqlığını, dostcanlılığını, erməni millətçilərinə qarşı cəsarətli çıxışlarını dilə gətirir. Eyni zamanda, deyir ki, Səxavət Tağlar tələbə olsa da, institutun ictimai həyatında, professor-müəllim heyəti arasında sayılır, bir gənc kimi sevilirdi.

Gənc tələbə Səxavət Tağlar 1978-ci ildə Azərbaycanın ali məktəbləri arasında keçirilən “Elm həftəsi”ndə “Uşaqlarda milli-mənəvi dəyərlərin formalaşması” mövzusunda yazdığı elmi işə görə diploma layiq görülür. Böyük həvəs və enerji ilə Xankəndi Dövlət Pedaqoji İnstitutunu bitirən Səxavət Tağların (Tağıyevin) təyinatını İmişli rayonunun Rəsul Məmmədov adına Əliqulular kənd tam orta məktəbinə verirlər. On il qoynunda şagird kimi elmlərin əsaslarına yiyələnən gənc pedaqoq həmin məktəbdə müəllim, az sonra direktor müavini və 1988-ci ildən isə məktəb direktoru kimi fəaliyyətə başlayır.

 

Bu arada qeyd edim ki, pedaqoji fəaliyyətdə olan Səxavət Tağların yaradıcılığa olan meyli onu SSRİ Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutuna gətirir və 1984-cü ildə oranı müvəffəqiyətlə bitirir. Elə həmin ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatçısıdır.

                Pedaqoji fəaliyyət, uğura gedən yol

Açıklama yok.

30 yaşında məktəb direktoru təyin edilən Səxavət müəllim işin məsuliyyətini də yaxşı bilirdi. Müəllim kimi, direktor müavini kimi qazandığı hörmət-izzət məktəb direktoru kimi daha da dərinləşdi. Məktəbdə və onu əhatə edən Əliqulular kənd ərazisində hər kəs gördü ki, gənc direktor işgüzardır, işinin öhdəsindən gəlir. Az zaman kəsiyində Rəsul Məmmədov adına Əliqulular kənd tam orta məktəbinin şagirdləri olimpiada və bilik yarışlarında fərqləndi, məktəbin təhsil göstəriciləri dinamik olaraq inkişaf etdi, sağlam pedaqoji kollektiv ənənələri yarandı…

… İndi o illərdən 30 il keçir. Bu illər ərzində məktəbin məzunları Azərbaycan iqtisadiyyatının müxtəlif istiqamətlərində  ̶  elm, təhsil, mədəniyyət, səhiyyə, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye və s. sahələrdə uğurlar qazanmışlar. Məktəbdə məzunların iş sferası və harada olmaları həmişə izlənilir, vaxtaşırı onlarla görüşlər təşkil olunur. Söhbət düşəndə hər zaman kənd sakinləri, müəllim-şagird kollektivləri və valideynlər məktəbdən və ona rəhbərlikdən razılıqla danışırlar. Bir neçə göstəriciyə nəzər yetirək. İmişlinin təhsil tarixində ali məktəblərə qəbula görə ilk Prezident təqaüdçüsü Əliqulular kənd tam orta məktəbinin məzunudur – Vüsal Ağazadə! 678 bal toplayaraq Prezident yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə daxil olmuşdur.

Uğurlu rəhbərlik və nəticəyönümlü təhsil 2007-ci ildə Səxavət Tağlara daha böyük uğur gətirdi. O, İmişlinin direktor korpusunda ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görüldü.

2020-2021-ci tədris ilində məktəb üzrə 11 sinfi bitirib ali məktəbə sənəd verən 14 nəfər məzundan 11 nəfəri ölkənin ən nüfuzlu ali məktəblərinə qəbul olundular. Cari dərs ilində isə DİM tərəfindən tam orta təhsil səviyyəsi üzrə məktəbin şagirdləri uğurlu göstəricilər qazandılar. Ümidliyik ki, ali məktəbə sənəd verən abituriyentlərin hamısı öz arzularına çatacaqlar.

Məktəb direktoru kimi Səxavət Tağların (Tağıyev) iş təcrübəsi dəfələrlə İmişli rayon Təhsil Şöbəsi və Təhsil Nazirliyi tərəfindən öyrənilərək yayılmışdır. Səxavət müəllim məktəbə aid bütün fəaliyyət planlarının müəllifidir. Onun “Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi” adlı metodik vəsaitində məktəbin, Pedaqoji Şuranın, fənn metodbirləşməsinin və istedadlı uşaqlarla işin təşkilinə dair nümunəvi fəaliyyət planları öz əksini tapır. Təhsil İnstitutu tərəfindən müsbət rəy almış metodik vəsaitdən respublikanın müxtəlif məktəblərində geniş şəkildə istifadə olunur.

 

            Əməkdar müəllimin ədəbi dünyası

Açıklama yok.

Ədəbiyyatda olmaq, uğurlu ədəbi nümunələr yaratmaq üçün regionda və şəhərdə yaşamağın bir fərqi yoxdur. Bu baxımdan Səxavət Tağlar regionda yaşayıb yazıçı-publisist kimi geniş oxucu kütləsinin sevimlisinə çevrildi. Müsahibələrinin birində deyir: “Bölgədə yaşamaq, ədəbiyyatımızı yaşatmaq, onu qorumaq, təbliğ etmək və ədəbi nümunələr yaratmaq asan iş deyildir”. Müxtəlif vaxtlarda illər üzrə ilin ədəbi yekunlarından söhbət gedərkən onun yaradıcılığı təqdir olunmuşdur. “Qarabağ düşüncələri”, “Gecikmiş məktub”, “Ana fəryadı”, “Bir nəslin dörd fəsli” və həmmüəlliflə işlədiyi “Şərqin Bülbülü” ədəbi-bədii kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmış, mükafatlara təqdim olunmuşdur. Xalq ədibləri – Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı və Anar yaradıcılığının gənc nəslin tərbiyyəsində əhəmiyyətini əks etdirən “Bir nəslin dörd fəsli” kitabı Beynəlxalq Rəsul Rza mükafatına, qəlbinin Vətən sevgisini əks etdirən “Qarabağ düşüncələri” kitabı və ümumən Qarabağ müharibəsində ədəbiyyat-söz adamı kimi xidmətləri isə “Vətənpərvərlik işinə görə” medalına layiq görülmüşdür.

Açıklama yok.

Bu günlərdə isə daha bir şad xəbər aldıq. Əməkdar müəllim, yazıçı-publisist Səxavət Tağlar Türk xalqlarının birlik və bərabərliyi yolundakı çalışmalarına görə “Yeni Avaz” Orta Asiya Yazarlar Birliyinin “Turan Birliyi” medalına layiq görülüb. Qırğızıstan Respublikasında Əmir Teymur Fondunun Baş direktoru, “Yeni Avaz” Orta Asiya Yazarlar və Tarixçilər Birliyinin sədri Monoldorov Joldoşbek Akılbekoviç və “Yeni Avaz” Orta Asiya Yazarlar Birliyinin məsul katibi, Türk respublikaları üzrə koordinator İlqar Türkoğlu bildirirlər ki, mükafat Səxavət Tağların doğum günü ərəfəsində təqdim olunacaqdır.

Biz tanınmış təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsi üzrə məsul katibi, yazıçı Səxavət Tağların yeni yaşı günlərində bu yazını hazırladıq. 01 may 2022-ci il tarixdə onun yeni yaşıdır! Onu bir daha təbrik edir, həm pedaqoji, həm də ədəbi fəaliyyətində uğurlar arzulayırıq!

Şəbnəm Baxışlı,

Tələbə

 

 

Share: