Əlvidalar dünyası – Xanım Əliyeva

Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən Xanım Əliyevanın “Əlvidalar dünyası” hekayəsini təqdim edir.

Bəlkə də, belə bir deyim eşitmisiz “fil yaddaşı”. Bəli, biz fillərin yaxşı yaddaşı olur. Bircə dəfə gördüyümüz insanları, məkanları demək olar ki daim yadımızda saxlaya bilirik. Yəqin ki eşitmisiz, biz yaxşı hesablaya və rəsm də çəkə bilirik. Ola bilər bu istedadlarımıza görə çox vaxt biz sirklərdə camaatı əyləndirmək üçün istifadə edilirik. Təkcə biz fillər yox, elə digər heyvanlar da. İş ancaq sirklərlə yekunlaşmır, biz həm də camaatı zooparklarda nümaiş edilərək də, əyləndirməyə məcbur edilirik. Elə bil bizə xoşdur ki saatlarla adı insan, özü isə heyvan olanlar bizə baxsın. Baxsalar yaxşıdır, bizə tüpürən, əşya atan, güya yedizdirmək üçün yaxınlaşıb, amma təpik-yumruq atanlar o qədər olur ki. İnsan adlanan məxluqlar özlərini bizdən ağıllı hesab edirlər. Düşünürlər ki əgər şüurlu varlıq adlanırlarsa, deməli hər şey edə bilərlər. Bunlar şüurlu, biz isə şüursuzuq, guya. İnsanlar özlərini ali varlıq hesab edirlər. Ali varlıq, necə də gülməli səslənir. Ali varlıq yox, zalım varlıqdır insan. Əlbəttə, mən həyatımda yaxşı insan adlandırılacaq məxluqlara da rast gəlmişəm. Amma sayca çox azdırlar.

Mən gözlərimi samanlıqla bol olan taxta vaqonda açmışam. Səbəb isə anamın nümayişə çıxarıldığı sirk başqa ölkədə qastrol səfərə gedirmiş. Biz fillər yer kürəsinin ən böyük canlılarıyıq və dünyaya gələn bala fil belə insandan daha ağır olur. Bu səbəbdən də biraz böyüdükdən sonra məni tamam başqa bir otağa yerləşdirdilər. Mən hələ bilmirdim ki mənim ağır günlərim hələ qabaqdadır. Anam xəbərdarlıq etmişdir ki, sirkdə fəaliyyətim başlayanda çətinliklər gözləyir. Mən bunu dərk etməmişdim, ta ki sirkdə tamaşalara hazırlıqlar başlayana kimi.

Ayaq üstə dayanmağa başladığımdan bəri məni yeni qoyulacaq sirkdəki tamaşaya daxil edib, məşqlərə öyrəşdirməyə çalışdılar. Bu mənə heç də xoş gəlmirdi. Saatla məşq etmək çox yorucu və maraqsız idi. Bir dəfə bezib, öz aləmimdə üsyan etməyə qərara gəldim, amma bu mənə baha başa oturdu. Ona qədər qamçı deyilən cəza metodunu görməmişdim. Əvvəlcə məni qamçıladılar, bunun işə yaradığını görməyəndə əl-ayağımı bağlayıb, günlərlə ac-susuz saxladılar. Nə qədər boyun əyməmək, (xortum qatlamamaq desək daha düzgün olar, biz onsuz da boynumuzu əyə bilmirik), istəsəm də, uzun müddət qidasız və biz fillər üçün çox vacib olan susuz qaldığımıza görə məcbur razılaşmalı oldum.

Fil də insanlar kimidir. Bir mühitə öyrəşər, bütün həyatı boyu elə bilər ki o mühitdən başqa dünya yoxdur. Ona elə gələr ki, doğulduğu, böyüdüyü bircə həqiqət var, o da yaşadığı mühit.

Məni şəhərin sirkindəki manejə çıxarıb, tamaşa görsətməyə məcbur edirdilər. Halqalardan tullanmaq, top üstünə çıxmaq və s. Ora gələn insanlar da bundan heyrətlənərək, ah çəkir, alqışlayır, bəzən gülürdü. Ancaq heç kim bilmir ki bir sirk və zoopark heyvanının azadlıqdan məhrum edilib, insanlara məcburi nümayişi nə qədər acınacaqlı haldır.

Lakin günlərin bir günü məşqçilər istirahət zamanı televizor adlanan bir şeyə baxırdı və mən orada başqa filləri gördüm. Yox onlar bizim kimi tamaşa görsətmirdi, onlar yaşıllıq qoynunda rahat həyat sürürdülər. Mən indiyə kimi belə şeylə rastlaşmamışdım. Ancaq bir dəfə qastrol səfərinə çıxanda, bizi daşıyan qatarın taxta vaqonunun arasından yaşıl meşələr görmüşdüm. O an başa düşdüm ki azadlıq deyilən anlayış da varmış və həyat ancaq tamaşa görsətməkdən ibarət deyilmiş.

Qaçmağı qərara aldım. Məşqçimizin başı qarışıq olmasından istifadə edib, sirki tərk etmək, oradan da televizorda gördüyüm təbiətə qovuşmaq istəyirdim.

Məşqçimiz istirahət zamanı həmişə kimi televizora baxırdı, mənim anamla qaldığım volyerin qapısı açıq idi. Anama planım haqda danışmamışdım, düşündüm ki son anda desəm yaxşı olar. Çünki anamı yola gətirmək çox çətin olacaqdı. O doğulub, böyüdüyü bu aləmi çox sevirdi və bu aləmdən belə asanlıqla ayrılacağına inanmırdım. Fürsətdən istifadə edib, məsələni anama danışdım. Anam hiddətləndi, bildirdi ki, bu alınası şey deyil və bu xülyadan əl çəkim. Mən fikrimdən dönmək niyyətində deyildim. Anama bildirdim ki, ya o mənlə gedəcək, ya da mən tək qaçacağam. Anam çarəsiz qalıb, mənə bir əhvalat danışdı. Anam dedi ki, onun nənəsi bir dəfə sirkda tamaşa vaxtı işinə təzə başlamış nəzarətçinin səriştəsizliyi üzündən zədə alıb. Bundan qəzəblənən nənəsi həmin nəzarətçini və tamaşada olan bir-neçə şəxsi öldürüb. O ana qədər ölümün nə olduğunu belə bilmirdim. Bu hadisəyə görə nənəsini cəzalandırıblar və onu dəmiryol kranından asıblar. Mən bu əhvalatdan dəhşətə gəldim. Özünü ali varlıq adlandıran insan, şüursuz adlandırdığı heyvanı cəzalandırmaq üçün asıb. Amma bu məni qorxuda bilməzdi, mən çox qərarlı idim. Sadəcə anamı təlaşlandırmamaq üçün ona daha qaçış barəsində danışmamağı qərara aldım.

İsti yay günlərindən biri idi. Biz fillər istini çox sevirik. Anamla yemək yeyirdik ki, müdirin səsini eşitdik. O kimləsə var-gəl edir, nəyinsə razılığına gələ bilmirdi. Amma sonra razılaşıb, sakitləşməyə başladı. Birdən mən danışılanlardan anladım ki o məni anamdan ayırıb, zooparka satmağı planlayır. Mən heç vaxt zooparkda olmamışdım. Ancaq televizordan, bir də digər heyvanlardan belə bir yerin olduğunu eşitmişdim. Mənə demişdilər ki zoopark sirkdən elə də fərqlənmir, sadəcə orada tamaşa görsətməyə ehtiyac yoxdur. İnsanlar gəlir, müxtəlif heyvanlara baxır və gedir. İstənilən halda mən zooparka köçmək istəmirdim. Başa düşdüm ki planımı həyata keçirmək zamanıdır.

Məşqçinin istirahət vaxtı volyerin ağzını açıq qoymasından istifadə edib, qaçmağa çalışdım. Biz sirkdə yaşamırdıq. Bizim üçün xüsusi məkan ayrılmışdır. Volyerdən çıxıb, qaçırdım ki məşqçi, nəzarətçilər və digərləri hay-həşir salmağa başladılar. Mən həyəcanlandım və haraya qaçacağımı bilmədim. Bundan istifadə edən məşqçi və nəzarətçilər üzərimə böyük bir tor atdılar. Amma bu məni saxlaya bilməzdi. Mən toru üzərimdən atıb, onların üstünə cummaq istəyirdim ki, birdən hiss etdim ki məni nəsə bərk incitdi. Hər şey gözlərimin önündə bulanmağa başladı. Mən səndələyərək, yerə yıxıldım. Sonrası yadımda deyil. Gözlərimi açanda böyük bir yük maşının arxasında əllərim, ayaqlarım bağlı şəkildə harasa aparılırdım. Mənim olduğum o yük maşının yanında digər bir yük maşını da şütüyürdü. İçində anamı gördüm. Sən demə müdür qəzəblənib, anamı da hansısa başqa bir sirkə satmağı qərara alıb. Anam planımın baş tutmayacağı xəbərdarlığını etdiyini bildirdi. Mən çox üzgün idim. Mən zoopark fili yox, təbiətin azad fili olmaq istəyirdim. Nə qədər oyan-buyan hərəkət etsəm də, mənə vurulan zəncirləri qıra bilmədim. Mənzil başına çatmağa az qalmışdı. Son olaraq, anamla vidalaşmalı idim. Biz xortumlarımızı toxundurduq. Və mən dedim, “Əlvidalar dünyasında sənə, mənə, bizə əlvida”.

Share: