Zelenski İlham Əliyevə təşəkkür etdi

Ukraynanın Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubun mətnində deyilir:

“Zati-aliləri!

Ukrayna xalqı adından və şəxsən öz adımdan Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Ölkələrimiz arasında münasibətlər dərin tarixi köklərə malikdir və qarşılıqlı etimada, hörmətə, səmərəli əməkdaşlığa əsaslanır. Əminəm ki, biz Kiyev və Bakı arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə strateji tərəfdaşlığın mövcud potensialını birgə səylərlə maksimum dərəcədə həyata keçirə bilərik.

Bu il 100 illiyi qeyd olunan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir ki, müstəqillik yolu qədər çətin yol yoxdur. Eyni zamanda, bütün çətinliklərə baxmayaraq, ölkələrimiz bu yolda inamla irəliləyir. Dövlətimiz və bütün sivil dünya üçün bu çətin zamanda, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi dönəmində Azərbaycanın ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair ardıcıl mövqeyinə görə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi üzrə Ukraynanın dəyişməz mövqeyini də bir daha təsdiq edirəm.

Bu fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, güclü və firavan Azərbaycanın inkişafı yolunda yeni nailiyyətlər, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və rifah arzulayıram”.


Share: