Zəfər Qurultayı dünya azərbaycanlılarının, xaricdəki diaspor təşkilatlarının qarşısında mühüm vəzifələr qoydu

Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə aprelin 22-də Şuşada – Azərbaycanın və bütün Türk dünyasının paytaxtında keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı tarixə Zəfər Qurultayı kimi daxil olmaqla yanaşı, tariximizdə yeni bir səhifə açdı.

Bu həm diasporumuzun qarşısında yeni bir səhifə açan qurultay hesab olunur, həm də bütövlükdə xalqımızın gələcək taleyinin “yol xəritəsi”ni cızan ümummilli bir tədbir kimi olduqca əhəmiyyətlidir.
44 günlük müharibədəki tarixi Zəfərimizdən sonra ilk dəfə keçirilən Zəfər qurultayı hər bir azərbaycanlı üçün, o cümlədən rəhbərlik etdiyim Milli Həmrəylik Partiyasının üzvləri üçün də qürurverici hadisədir. Qurultayın adı da olduqca uğurlu seçilib. Baxın, necə də möhtəşəm səslənir – Zəfər qurultayı!
Zəfər Qurultayı dünya azərbaycanlılarının, xaricdəki diaspor təşkilatlarının qarşısında mühüm vəzifələr qoydu. Bu yeni vəzifələr, böyük hədəflər dünya azərbaycanlılarının fəaliyyətində sözün yaxşı mənasında köklü dəyişikliklərə gətirib çıxaracaq. Bundan sonra dünya azərbaycanlıları öz fəaliyyətlərini tamamilə fərqli bir anlayışla, yeni konsepsiya ilə, qalib dövlətin təmsilçiləri və təbliğatçıları kimi təşkil etməlidir.
Bu baxımdan, biz bu gün əminliklə deyə bilərik ki, diaspor təşkilatlarımızın fəaliyyətində artıq yeni bir mərhələ başlayır. Bu mərhələnin əsas istiqamət və konturları Prezident İlham Əliyevun Zəfər Qurultayındakı çıxışında bəyan edildi, açıqlandı. Ona görə də dövlət başçısının bu çıxışı diaspor təşkilatlarımız üçün proqram xarakterli çıxış hesab edilməlidir.
İlham Əliyev qurultaydakı çıxışında həm son 200 il ərzində ermənilərin torpaqlarımıza köçürülməsi ilə başlanan faciələrimizə və işğal tarixinə ekskurs etdi və Zəfərə gətirib çıxaran yola, Azərbaycan xalqının və ordumuzun İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa toxundu, həm də diasporumuzun ötən illər ərzində həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına verdiyi töhfələrə münasibət bildirdi, yüksək qiymət verdi.
Eyni zamanda postmünaqişə dövrünün yeni reallıqlarında diasporumuzun fəaliyyəti üçün prioritet istiqamətlər açıqlandı. Dövlət başçısı bildirdi ki, bundan sonra əsas hədəfimiz Zəfərimizin ortaya çıxardığı yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq olmalıdır. Bu, yaranmış yeni şəraitdə Azərbaycan diasporunun fəaliyyəti üçün yeni yol xəritəsidir. Bunun üçün diaspor təşkilatlarımız artıq əvvəlkindən ikiqat artıq səylə çalışmalıdır.
Ümumiyyətlə, Şuşada keçirilən Zəfər qurultayı strateji hədəflərimizin müəyyən olunduğu qurultay kimi yadda qaldı. Bu qurultayda dövlət başçımız torpaqlarımızın azad edilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda apardığımız mübarizənin yekunlarını bir daha hamımızın diqqətinə çatdırdı və eyni zamanda yeni dövrün, yeni mərhələnin başlandığını bəyan etdi. Dünyadakı fəal həmvətənlərimizin dövlət başçımızla əziz Şuşamızda bir araya gəlib Zəfərimizi birlikdə qeyd etməsi gerçəkdən də tarixi hadisədir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: