ZƏFƏR əmi – Elnur NƏHMƏDİN “Müharibə gündəliyi”ndən

27-28 sentyabr

Azca yaxın əyləşin. Əlbəttə ki, bunu əmr yox, xahiş edirəm. 44 gün ərzində nələri yaşadıqsa, (yaşadınızsa) yazmağa çalışacağam. Sizin yaşadığınız, hiss etdiyiniz, bəlkə də, daha özəl, daha gözəldir. Rəylərdə yazın, yüngülləşək.

Həm də zaman keçdikcə unudula bilər deyə hər kəs düşüncələrini bölüşməlidir ki, gələcək nəsillər bunları bilsin.

27 sentyabr.. 2020-ci il.. Günorta saat 14:00…

İstirahət günü olduğu üçün müəllimlərlə bir yerə – qardaşım Manafın işlətdiyi kafeyə yığışmışdıq. Sıradan bir gün idi yəni…
Xəbərlərdə 7 kəndin işğaldan azad olunduğunu dedilər. Tez ayağa qalxdım, “besedka” dediyimiz hücrədən fərqli çıxdım, yəni sol tərəfimdə oturmuş müəllim yoldaşlardan mənə yol vermələrini xahiş etmədən – ayağımı məhəccərdən aşırıb Manafa doğru qaçmağa başladım. Kafenin yolunda rastlaşdıq..
Manaf da eyni şəkildə mənə tərəf gəlirdi. Bir-birimizə çatanda Manaf dizlərini yerə atdı: “Murad şəhid oldu, qağa”,- deyib hönkürtü vuraraq ağlamağa başladı. İndinin özündə də bu hissi yaşayan ilk azərbaycanlı olduğumu düşünürəm: Qələbə xəbəri və cəmi 10 saniyə keçmiş acı xəbər – uşaqlıq dostumuzun ölümü xəbəri ilə qarşılaşmaq…
Və bu xəbərlərin üst-üstə düşməsi şok effekti yaratmışdı. Bu yazımda həmin şokun çəkildiyi anı da sizlərə danışacağam.
****
Həmin günlərdə ailəmizin iki üzvü – qardaşım Elmirin övladları – Türkel və Ülvi də cəbhə bölgəsində idi. Elmir, bəlkə də, həyatında ilk dəfə idi ki, ən ağır sual qarşısında idi: uşaqlar salamat qayıdacaqmı?! “Vətən sağ olsun!”,- deyib nigaranlığını həmişə gizləməyə çalışdı.
****
ZƏFƏR əmi – bizi QORUYAN şəxs…
90-cı illərdə kəndimizin çayxanasını Zəfər adlı bir adam idarə edirdi. Hamımız Zəfər əmi deyərdik ona. İndi bu yazını yazanda Zəfər əminin əlləri, vücudu gəlir gözümün qabağına. Əlləri o qədər böyük idi ki, stəkanlar, çayniklər onun əlində qəribə görünərdi.
Şəkilin açıqlaması yoxdur.
(Zəfər gənclik illərində, I Qarabağ müharibəsi zamanı)
Zəfər əmi axşamlar həm çay verər, həm də videofilmlər göstərərdi. O zamanlar videoaparatlar ölkədə təzə-təzə görünməyə başlamışdı. İndiki kimi hər evdə yox idi.
Hamılıqla Zəfər əminin göstərdiyi filmlərə baxardıq.
Ən gözəl məqam isə Zəfər əminin bizi qoruması idi. O olan yerdə kimsə kimsəyə qarşı haqsızlıq edə bilməzdi, hamını qoruyardı Zəfər əmi.
Zəfər əmi, indiki uşaqların diliylə desək, super qəhrəmanımız idi.
*****
Muradı həmin gün dəfn etdik. Növbəti gün, ayın 28-də bütün ölkədə olduğu kimi, bizim rayonda da xeyli gənc cəbhəyə çağırıldı. Hər kəs qeyri-müəyyənlik içərisində çabalayırdı; Axı necə olacaq?
Bu, müharibədir, yoxsa növbəti təxribat?
Axşam saatlarında onları yola salmaq üçün komissarlığın həyətinə axışmağa başladıq. Bütün rayon ayaq üstə idi.
Zəfər əminin oğlu Toğrul da həmin çağırılanlar siyahısında idi.
Zəfər əmi o saatlarda qonşu rayonların birində idi. Oğlunu yola salmaq üçün gecikirdi. Az keçmiş o da gəldi.
Bir bir və ya daha çox şəxs və ayaqüstə duran insanlar şəkili ola bilər
(Səfərli Toğrul Zəfər oğlu)
****
Övladlarını yola salan valideynlərin üzündə qürur hissinin kədərə qarışmasından doğan bir laübalılıq yaranmışdı. Onlara yaxınlaşıb təsəlli verəkmi, hər şey yaxşı olacaq deyib ikiüzlülük edəkmi, yoxsa dərdinə şərik olduğumuzu bildirəkmi??? Bu məchulluqlar içərisində boğulaqmı?….
****
Qardaşım Manafın dediklərindən:
“Həmin vaxt Zəfər əmiyə yaxınlaşdım. Boynuna sarılıb üzündən öpdüm. İçimdəki titrəməni hiss etdiyindənmi, yoxsa nədən, bilmirəm, zəhmli, ötkəm səsiylə “Biz oğullar böyütdük ki, Vətəni qorusun, qızımız qorumayacaq ki!!!”,- dedi. Həmin saniyələr Muradın şəhid olması, müharibənin başlaması xəbərindən yaranan şok yoxa çıxdı”, – deyir Manaf.
Zəfər əmi on minlərlə azərbaycanlı atalardan biridir. Damarlarında türk qanı axan əsl Türk. Dünyanı tarix boyu özüylə hesablaşmağa məcbur edən Türk.
(Zəfər  şəhidlərimizin ilindən sonra oğlu Toğrulun toyu günü)
****
Zəfər əmi kimi atalar həmin günlərdə təskinlik yerimiz oldu. Özünəgüvən hissini qaytaran rolunu oynadı. Bizi ruh düşkünlüyünə qapılmağa qoymadı.
****
Zəfər əmi ahıl yaşında belə bizi qorudu, unutmadı; övladını cəbhəyə yolladı, onu Vətən üçün qurban verməyə hazırladı özünü.
****
Bu qələbə təkcə düşmən üzərində deyildi;
Bu qələbənin miqyası ölçüyə sığmır;
Bu qələbə haqsızlığa qarşı verilən ən möhtəşəm dərsdir.
***
Müharibə günlərində oğullarını Vətənə qurban deyərək cəbhəyə göndərən, Vətənə fəda verə biləcək gücü özündə tapan bütün valideynlərin əllərindən, alnından öpürəm.
Elnur Nəhməd
Share: