“Yol boyunca bayraq tək şəhidlər…”- Minəxanım Nuriyeva yazır…

 

101 il bundan öncə Ermənilərin  Azərbaycanda  etdikləri qətl-qarət  xəbərləri İstanbulda dərin yas və həyəcan yaratdı. Azərbaycanın qurtuluşuna göndərilən ordunun ilk bölükləri (149 zabit, 488 gizir və əsgər qüvvəsi ilə) Nuri paşa komandanlığı altında 8 aprel 1918- il tarixində Mosul – Təbriz – Naxçıvan- Qarabağ – Gəncə  təriqi ilə yola çıxdı.

                                        Yol boyunca bayraq tək şəhidlər…

(Qafqaz İslam Ordusu şəhidlərinə)

 

Yol üstündə qərib tək məzar; yolların sağında solunda… artıq çoxdan yerlə tənləşən bu məzarlar hər bahar çiçəklərə bürünər; yaz yağışları fərəhlə, coşqun sevinclərlə döyər igidin öz köksü tək torpağın azca qabarıq sinəsini, dəli küləklər cövlan edər…gecə ay-ulduzlar, gündüzsə günəş keşik çəkər, pasiban olar vəfalı mücavir tək … Burada döyüşcü yatır, nəm torpağın paslandırıb az qala çürütdüyü əlindəki silahı bağrına basaraq uyumuş. Səksəkə içində yatmış, hər ayaq səsinə qalxmaq , geri qaldığı taburunu, dəstəsini soruşmaq istər. Amma nə qədər qulaq versə də nə at ayağının tappıltısını, nə də top gurultusunu eşidər.

Əsgərim, nigaran əsgərim. Mən də sənə hər dəfə ziyarətimdə köməyinə qoşduğun, nicatına tələsdiyin, uğrunda canını verdiyin yurdun bu günündən söz açmaq istəyirdim. Çox sular axdı, aradan çox ruzigar əsdi. Boranlar, tufanlar içində günəş gah doğdu, gah da batdı… Amma səni narahat etmək istəmirəm: nə qızmar günəşin şaxıdığı, sərin su deyə-deyə təşnə bağrın tək yandırdığı bu biyabanda, nə də qarların ağ yorğan kimi üstünü qapayıb yuxuna keşik çəkdiyi bu çöllərdə, sənin ana qucağı tək qucduğun bu torpaqda sakitliyinə xələl gətirmək istəmirəm.

Əsgər… Adını da bərkdən deyə bilmirəm… Qorxuram yuxunu itirib üzərindəki torpağı silkələyib “mən hazır!” deyə şax ayağa dürasan. Istəmirəm, yuxunu qaçırım.

Əsən ruzigarlar sənə toy günü buraxıb ayrıldığın nişanlının, ağlar qoyduğun ananın ağılarını, oxşamasını  yetirə-yetirə axır bu laylalarla kiriyib sakitləşdin!… Sənin ürəklərdə yerin, həsrətin isə oyaqdır, ovunmur bu həsrət… Vətənim yenə dardadır, Qarabağım düşmən caynağındadır… mənim də həsrətim var, həsrətim…

Sinən üstə bir tutam çəmən arayan, üskük boyda çökəklərə yığılmış suyu min şükranla içən quşcuğazlara bu həsrət neçə illərdir ağlayışındadadır. Qatarlaşıb Vətən sarı uçan durnalar bağrınızdan qopan harayları, sədaları daşıyıb yetirməkdən heç yorulmadı.

Düşmən bağrını güllətək deşən nərələrin bu dağların mürgülü yaddaşında indi bir əfsanəyə dönüb; Vətən bağrına qızıl hərflərlə dastanların yazılıb. Qoçağım, qoç igidim, qucaq-qucağa qoynunda yatdığınız bu torpaq üz sürtüb alnımızı qoyduğumuz and yerimiz oldu

Əsgərim…Cavan əsgərim. Yaşı indi Azərbaycan Cumhuriyyəti yaşına yetən , qocman cavan əsgərim. Fədakarım, şanlı igidim, şəhidim. Sənə çox borcluyam…

Minaxanım Təkəli

Share: