Yevlaxda “Şuşa ilin mübarək olsun, Vətən” adlı tədbir keçirildi

Ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar Yevlax şəhər 2 nömrəli uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Yevlax şəhər Yaradıcılıq evində “Şuşa ilin mübarək olsun, Vətən” adlı tədbir keçirilib.
Öncə tədbir iştirakçıları “Şuşa İli”nə həsr olunmuş rəsm sərgisinə baxış keçirib.
Çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır. Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində Şuşanın incəsənət xadimlərinin əsərlərindən məktəbin “Qarabağ inciləri”, “Saz” və “İlkin” ansambllarının ifasında musiqilər səsləndirilib, şəhid və qazi övladları tərəfindən bir-birindən maraqlı şeirlər söylənilib.
Ölkəmizi, o cümlədən Şuşanı vəsf edən mahnıların, mədəniyyət beşiyimizin yetişdirdiyi incəsənət xadimlərinin əsərlərinin ifa edildiyi tədbir maraqlı və yaddaqalan olub.
Tədbirdə Xurşidbanu Natəvanın Aleksand Dumanla görüş səhnəsi nümayiş etdirilib.
Sonda məktəb kollektivinin ifasında E.Sabitoğlunun “Azərbaycan” mahnısı ifa edilib və musiqi sədası altında Şuşanın mədəniyyət xadimlərinin portretləri səhnədə nümayiş olunub.

Müstəqil.az

Share: