“Yeni Yasamal “MTK tərəfindən aldadılmış vətəndaşlar Prezidentə müraciət ünvanladılar…

“Yeni Yasamal” Mənzil Tikinti Koorporativinin sakinləri, zərəçəkmiş vətəndaşların Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya:
Müraciəti yazıb bildiririk ki, “Yeni Yasamal” MTK tərəfindən biz sakinlərə vurulan zərərin ödənilməsi ilə bağlı heç bir irəliləyiş yoxdur.
Artıq 2 ilə yaxındlır ki, biz sakinlər dəymiş maddi zərərin ödənilməsi, hər birimizin mənzillə təminatı üçün hazırda həbsdə olan MTK rəhbərliyinin işi ilə məşğul olan Respublika Prokurorluğu və məsələ ilə əlaqəli digər dövlət qurumlarına dəfələrlə müraciətlər etmişik. Bir müddət öncə bizlərə Nazirlər Kabineti tərəfindən müvafiq torpaq sahəsinin ayrılması və qısa müddətdə “Yeni Yasamal” MTK tərəfindən yeni binada mənzillərin tikilib veriləcəyi ilə bağlı istintaq orqanı tərəfindən inandırıcı vədlər olundu. Təbii ki, biz də şəxsən Sizin nəzarətinizdə olan məsələnin elə Sizin təyin etdiyiniz müvafiq qurumlara rəhbər məmurlar və onların vəzifə səlahiyyətlərinə uyğun, həm də bizim kimi illərdir ki, maddi və mənəvi zərərə məruz qalan, hər cür əzaba dözərək öz imkanları hesabına mənzil sahibi olmaq istəyən vətəndaşların xeyrinə həll olunacağına inandıq.
Amma təəssüf ki, bir neçə ay bundan öncə bu inamımızın da üstündən xətt çəkdilər. Belə ki, bizim üçün yeni mənzillərin tikilməsi ilə bağlı “Yeni Yasamal” MTK-ya ayrılması nəzərdə tutulan torpaq sahəsi, dolayısıyla mənzil təminatımızın “Şərur İnşaat” MTK-ya veriləcəyi ilə bağlı sözlər eşitdik. O MTK ki, özünün kifayət qədər qanunsuz əməlləri var. Öz müştərilərini istismar edən, bizdən də sayca artıq vətəndaşa ziyan vuran bir şirkətə necə etibar edə bilərik?
Amma biz yenə də sadəlövhlük göstərərək şirkət rəhbəri İsfəndiyar Axundovun dəvəti ilə onun ofisinə yollandıq. Təbii ki, o da bizi mənzillərlə təmin edə biləcəyini, lakin bunun üçün bizdən müvafiq bazar qiymətinə uyğun vəsait alacağını dedi. Təbii ki, nə bizim zərə çəkdiyimizi, nə də məhz bizim təminatımız üçün ayrılacaq olan torpaq sahəsindən bəhs etmədi.
Cənab Prezident, əziz Mehriban xanım! Biz mənzil ilə təminatımızı müxtəlif qanunsuz hərəkətləri ilə KİV-in gündəminə çevrilən “Şərurlu İsfəndiyar”dan yox, bizə zərər vuran “Yeni Yasamal” MTK-dan tələb edirik. Biz nə hər hansı yeni şirkətə pul ödəyə, nə də inana bilərik. Odur ki, “Şərurlu İsfəndiyar“ın və onun havadarlarının bu təklifi ilə heç cür razılaşa bilmərik. Təbii ki, bunun bir səbəbi də aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə məxsus evin “Şərur İnşaat” MTK-nın rəhbəri İsfəndiyar Axundov tərəfindən əllərindən alınması faktıdır. Qarabağ şəhidinə qarşı belə ağlasığmaz addım atan bir iş adamına necə etibar edə bilərik?
Odur ki, bizlər birmənalı şəkildə tapdanmış hüquqlarımızın “Yeni Yasamal” MTK tərəfindən bərpasını, müvafiq dövlət qurumlarının icazəsi ilə mənzil aldığımız binanın yaxınlığındakı torpaq sahəsində məhz həmin MTK tərəfindən tikilməsini tələb edirik. Ümid edirik ki, tapdanmış hüquqlarımızın bərpasını təmin edəcək və əlavə heç bir vəsait ödəmədən mənzillərlə təminatımıza dair qərar verəcək, məsələyə laqeyd yanaşan, Sizin “Mən hər bir vətəndaşın Prezidentiyəm” şüarınıza məhəl qoymayan, biz vətəndaşları sizdən incik salmaq istəyən məmurların, güc strukturu əməkdaşların “gücünün” vətəndaşların xeyrinə istifadəsində öz əzmkarlığınızı nümayiş etdirəcəksiniz.
Hörmətlə:
Son ümid yeri kimi sizə pənah gətirən zərəçəkmişlər.
Qeyd: Zərəçəkmiş qismində ifadələri alınan 190-a yaxın vətəndaşın müraciət və imzaları məsələ ilə bağlı dövlət qurumlarında var.

 

Share: