Yeni illə bağlı hansı işçilərə mükafat verilir? — Kollektiv, yoxsa fərdi həvəsləndirmə…

2022-ci ilin son günlərini yaşamaqdayıq. İlin sonuna doğru bir sıra qurumlarda, xüsusilə ali təhsil müəssisələrində işçilərə pul mükafatlarının verilməsi barədə məlumatlar ictimailəşir. Qurumlarda işçilərə maaşları qədər və ya digər məbləğlərdə pul mükafatının verilməsi isə bir çox insanlarda maraqla qarşılanır və bu barədə müzakirələr aparılır.

Bəs işçilərə verilən bu pul mükafatları hansı vəsait hesabına formalaşır, kimlərə verilir və ildə neçə dəfə təqdim edilir?

Əmək və maliyyə hüququ üzrə ixtisaslaşmış hüquqşünas Elnur Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dövlət qurumlarında mükafatların verilməsi həmin quruma aid “Xidmət keçmə haqqında” və “Dövlət qulluğu haqqında” qanuna əsasən tənzimlənir: “Bir çox hallarda ildə 3 dəfə pul mükafatının verilməsi nəzərdə tutulur. Bu da müvafiq icra hakimiyyəti orqanının rəhbərinin verdiyi əmrdən asılı olan məsələdir. Məsələn, dövlət qulluqçularına qurumun büdcəsindən ildə 3 dəfə pul mükafatının verilməsi nəzərdə tutulubsa, bu əvvəlcədən nəzərə alınır. İlin əvvəlində büdcə təsdiq olunanda işçilərin sayına uyğun olaraq onlara il ərzində 3 dəfə maaşları qədər mükafatların verilməsi də layihəyə salınır. Bu mükafatların hansı tarixlərdə təqdim edilməsi isə həmin qurumun rəhbərinin səlahiyyətində olan məsələdir. Məsələn, mükafatları 50 faiz-50 faiz hissələrə də bölə bilər, tam da verə bilər. Adətən mükafatın birini ilin sonuna saxlayırlar”.

Vəkil əlavə edib ki, son vaxtlar “Dövlət qulluğu haqqında”, eləcə də bir sıra qurumlarda “Xidmət keçmə haqqında” qanunlarda dəyişikliklər olub. Dəyişikliklərdən sonra mükafatların verilməsi və hesablanması qaydaları da müxtəlif cür ola bilər: “Bundan başqa bir sıra qurumlarda maliyyə sanksiyaları ilə toplanmış vəsaitin 20 faizinə kimi işçilərin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına da yönəldilir. Bu da qanunla tənzimlənir”.

E.Quliyev özəl sektorda mükafatların verilməsinin qanunla tənzimlənmədiyini bildirib: “Özəl sektorda işəgötürənin özünün gəliri çox olarsa, illik mənfəəti yüksək olarsa, özləri bayramlarla və ya digər xüsusi günlərlə əlaqədar mükafat verə də bilər, verməyə də bilər. Bu məcburi şərt deyil. İstənilən halda mükafatlar rəsmi qaydada ödənilir və vergiyə cəlb olunur”.

Azərbaycanda işçilərə mükafatların verilməsi həm də fərdi qaydada mümkündür. Belə ki, Əmək Məcəlləsinin 185-ci maddəsinə görə əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən:

pul və ya qiymətli əşyalar hədiyyə edilməklə;

əlavə məzuniyyət verilməklə;

əmək haqqına fərdi əlavə edilməklə;

daha yüksək məbləğdə fərdi sığorta edilməklə;

sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə;

müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.

İnsan resursları üzrə mütəxəssislər hesab edir ki, 13-cü maaş və ya bayramlarda bütün kollektiv üzvlərinə hamılıqla verilən pul mükafatları işlək mexanizm hesab olunmur. Belə ki, keyfiyyətə əsaslanan idarəetmə sistemində bütün işçilərə verilən stabil pul mükafatındansa, faydalı iş əmsalına söykənən bonus-mükafat sisteminin tətbiqi üstün tutulur. Son dövrlər Azərbaycanda bir sıra dövlət qurumlarında da bonus sisteminin yaradıldığı müşahidə edilməkdədir.

Həmçinin Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici özəl şirkətlərdə yubileyini qeyd edən, uzun illər fəaliyyət göstərən əməkdaşlara yüksək məbləğdə və ya qeyri-adi mükafatların verilməsi barədə də tez-tez məlumatlar yayılır.

Qeyri-adi mükafatlandırma sisteminə gəlmişkən, son illərdə bir sıra qlobal şirkətlər, xüsusilə pandemiya dövründə işçilərini həvəsləndirmək və işgüzar tempi qorumaq üçün fərqli mükafatlandırma-həvəsləndirmə addımları atıblar. Məsələn “Mercedes-Benz” markasının sahibi “Daimler” şirkəti işçilərinə koronavirus pandemiyası ilə əlaqədar çəkdikləri xərcləri ödəmək üçün Almaniyadakı 160 min nəfərə yaxın işçisinin hər birinə 1 000 avro əlavə mükafat verib. Başqa bir şirkət isə hər bir işçisinə bahalı smartfon hədiyyə edib.

Dünyada işçilərinin həyat eşqini artırmaq məqsədilə onlara evlənmələri müqabilində Maldiv adalarına bal ayı turu, övladı olan valideynlər üçün pulsuz dayə hədiyyə edən şirkətlər də var.

Milad və Yeni il ərəfəsində şirkətlərin öz əməkdaşlarına bonus şəklində əlavə ödənişlər etməsi isə geniş yayılmış təcrübədir. Bu təcrübədən texnologiyadan tutmuş media şirkətlərinə qədər müəssisələr istifadə edir. İşçilərə bu bonusların ödənilməsi qanunla tələb olunmasa da, şirkətlərdə bayramöncəsi ənənə halını alıb. Dünyada geniş yayılan bu təcrübəyə nümunə olaraq qeyd edə bilərik ki, ABŞ-nin “St. John’s Properties” daşınmaz əmlak şirkəti bir neçə il əvvəl 198 əməkdaşına 10 min dollar dəyərində bonuslar hədiyyə edib.

“The Wall Street Journal”ın məlumatına görə isə, bu il “Lowe’s Cos” mağazalar şəbəkəsi öz əməkdaşlarına əlavə pul mükafatları ödəmək üçün 200 milyon dollar xərcləyəcək. “Venetian Resort Las Vegas” hoteli isə hər bir əməkdaşına maaşdan əlavə 1500 dollar hədiyyə edəcək.

Nizam Rza

 


Share: