Yazıçılar Birliyinin yeni sədri kim olsun? – Sorğu

Bu ilin yay aylarında Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının keçirilməsi gözlənilir. Qurultay AYB-nin yeni sədrinin kimliyini müəyyən edəcək. Qurumun hazırkı sədri, xalq yazıçısı Anar Rzayevin öz namizədliyini irəli sürüb-sürməyəcəyi isə hələlik məlum deyil.

Bəs siz AYB-nin yeni sədrinin kim olmasını istərdiniz?

Teleqraf.com bu sualla ədəbiyyat adamları arasında sorğu keçirib.

Sorğunu təqdim edirik:

“İki turlu seçki etmək olar”

Yazıçı Səfər Alışarlı: “Otuz ildir Anar bu təşkilatın sədridir. AYB-də idarəçilik prinsipi artıq köhnəlib. Dəyişmək, dəyişilmək zamanı çoxdan yetişib. Ölkənin yaradıcılıq təşkilatlarına kimlərin necə rəhbər seçildiyi mənə məlum deyil. O haqda mənim yalnız güman və şübhələrim ola bilər. Bir şey dəqiqdir ki, onlar zala gətirilmiş adamların mandat qaldırması yolu ilə seçilmirlər. “Seçilən” və təyin edənlər üçün belə rahatdır: biri düşünür ki, ondan istedadlı, ondan təşkilatçı və Azərbaycan ədəbiyyatına ondan sadiq adam yoxdur; o birilərini isə, deyəsən, bu məsələdə tüstünün düz çıxmasından başqa heç nə maraqlandırmır.

Bəs bu barədə çoxminlik Azərbaycan yazıçı ordusu nə düşünür? Bu suala cavab vermək çətindir. Şəxsən mən bir yazıçı kimi düşünürəm ki, AYB-də eyni şəxs iki qanuni müddət 10 ildən artıq oturmamalıdır.

Kimin seçilməsi bir az qəliz məsələ olsa da, yaradıcılıq cameəsi olaraq mütləq bu baryerləri dəf etməliyik ki, ölkənin yumşaq keçidli inkişaf doktrinasına uyğunlaşaq. Məsələn, iki turlu seçki etmək olar. Variantlar və namizədlər çoxdur, təki həqiqi və layiqli seçki keçirməyə ictimai-siyasi iradə olsun”.

“Hələlik dəqiq heç nə yoxdur”

Yazıçı Elçin Hüseynbəyli: “Bu barədə söz demək tezdir. Hələlik qurultayın vaxtı barədə məsləhətləşmələr olmayıb. Qurultayın vaxtı dəqiqləşsin ki, sonra nəsə demək mümkün olsun. Hələlik ortada dəqiq heç nə yoxdur”.

“Anar müəllim namizədliyini irəli sürsə…”

Şair Qulu Ağsəs: “Hələ qurultayın vaxtı dəqiqləşməyib. Bu barədə məndə dəqiq məlumat yoxdur. Qurultayın nə vaxt keçiriləcəyini bilmirəm. Buna Anar müəllimin özü qərar verəcək.

Əgər qalmaq istəsə, işləmək istəsə və namizədliyini irəli sürsə, güman edirəm ki, Yazıçılar Birliyinin üzvləri ona səs verəcək.

Qurultay təxminən 5-6 ay sonra keçiriləcək deyə, hələlik gündəmdə belə məsələ yoxdur. Mənə elə gəlir ki, bu məsələ yayda gündəmə gələ bilər”.

“Dəyişikliyə gedilməlidir”

Yazıçı Qurban Yaquboğlu: “Ad çəkmək istəmirəm. Fikrimcə, Azərbaycan Yazıçılar Birliyi bu qurultayda ciddi dəyişikliyə getməlidir. Bu dəyişikliyi şərtləndirən amillər çoxdan yetişib, onu daha ləngitməyə dəyməz.

Həm zaman, həm konyuktur, həm ümumi atmosfer – bir sözlə, hər şey dəyişikliyi qaçılmaz edib. Yenilənmədən qorxmaq lazım deyil”.

“Belə “həssas vəzifələrə…”

Şair Aqşin Evrən: “Açığı, Azərbaycan Yazıçılar Birliyində rəhbər vəzifələrdə olan şəxslərlə yaxın tanışlığım yoxdur. Buna görə də onların idarəetmə bacarığından, potensialından xəbərsizəm. Ağlıma ilk olaraq Salam Sarvan və Qulu Ağsəs gəldi.

Düşünürəm ki, bu iki şair dostumuzdan biri Yazıçılar Birliyinin yeni sədri olsa, bu qurumda Azərbaycan ədəbiyyatının gələcəyinə istiqamətlənmiş ciddi addımların atılmasını gözləmək olar. Digər tərəfdən, onlar həm də gənclərin dostu, həmyaşıdıdırlar. Gəncliyin yanında olmaq gələcəyin yanında olmaqdır. Bir variantım da var, hansı ki, mümkünsüz görünür: tənqidçi İradə Musayeva. Ümumiyyətlə, belə “həssas vəzifələrə” təkcə savadlı, intellektli yox, həm də mütləq və mütləq şəkildə vicdanlı adamlar gəlməlidir”.

“Onun namizədliyi irəli sürərdim”

Şair Emin Piri: “Gəncliyə daha yaxın, problemlərini həll edə biləcək birinin olması daha məsləhətə uyğun olardı. Daha çox orta yaşın nümayəndələrini qeyd etmək istərdim.

AYB daxilində vəzifə statusu olanlardan Rəşad Məcid, Qulu Ağsəsi bu sıraya aid etmək olar. Ən azı, gəncliyə daha yaxındılar, problemləri ilə maraqlanırlar”.

 

Müstəqil.Az

Share: