Yazıçı Netflix-i məhkəməyə verdi

Yazıçı Jeff Wilson Netflix yayım platformasını müəllif hüquqlarının pozulmasına görə məhkəməyə verir.

Kulis.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Müəllifin sözlərinə görə, şirkət onun “Kraliça Annanın intiqamı” adlı əsərinin süjetindən “Outer Banks” serialının yaradılması zamanı istifadə edib. Wilsonun kitabı 2013-cü ildə işıq üzü görüb və Şimali Karolinanın xarici sahillərində qəzaya uğrayan gəmidə xəzinə axtarışında olan dörd dostun hekayəsindən bəhs edir.

Yazıçı bildirib ki, Netflix layihəsinin əsas personajları onun əsərinin personajları ilə eynidir və süjet xətləri hədsiz dərəcədə oxşardır. O, kitabının “Discovery” və “History Channel” kimi təşkilatlar tərəfindən “təşviq edildiyini” qeyd edib.

Lakin “Outer Banks” seriyalının yaradıcıları Wilsonun yaradıcılığından deyil başqa əsərlərdən və hekayələrdən ilham aldıqlarını bildirdilər.

Müəllif məhkəmə yolu ilə Netflix tərəfindən yayımlanan layihədən ödənişin bir hissəsinin alınmasını tələb edib, həmçinin yayım platformasında serialın reklamını və yayılmasını qadağan etməyə çağırıb.

Qeyd edək ki, yazıçının həmkarı Kevin Wootenin də 2016-cı ildəki kitabının süjetini oğurladığı üçün Netflix-i məhkəməyə verib. Müəllifin kitabı ilə layihə arasında kifayət qədər oxşarlıq olmadığı üçün iddia rədd edilib.

Share: