Yazı sildirən, status pozduranların “mənəvi babaları”…

Yazı sildirən, status pozduranların “mənəvi babaları”…

İndi yazmaqdan çox pozmaq, deməkdən çox susmaq, var olmaqdan çox, yox olmaq qazanc gətirir.

İndi görməkdən çox korluq, eşitməkdən daha artıq karlıq sərfəlidir.

Bu gün ən kədərlisi odur ki, daha insanlar üçün suyun zəhərli olmasını demək, onları bəladan xəbərdar etmək, yaxud bütün bunları dilə və yazıya gətirmək, həmin suyun zəhərliliyindən, o suyu içə biləcək yüzlərlə insanın həyati riskindən daha təhlükəlidir. Yəni acı həqiqəti göstərmək, həqiqətin özündən daha qorxuludur.

Ona görə də bu gün sadə bir direktor müavini hansısa saytda, yaxud sosial şəbəkədə tənqid olunanda onun barədəki yazını saytlardan sildirmək, sosial şəbəkədən pozdurmaq üçün yüz yerdən o mətnin müəllifinə, yaxud mətbu orqanın məsul şəxslərinə zəng, xahiş, minnət olunur, bəzən də bu və ya digər dərəcədə təzyiq edənlər tapılır. Sanki nahaqqın havadarları istəyirlər ki, hamı hər şeyi sadəcə öz ürəyində bilsin, vəssəlam.

Bəzən isə həqiqət ürəkdə olarkən onu elə hala salırlar ki, çox zaman həqiqətin dilə gəlib çatmağa heyi, amanı belə qalmır. Həqiqətin ürəyi elə ürəkdəcə üzülür…

Əksəriyyət acı həqiqəti dəyişmək istəmir deyə, çox zaman o acı həqiqətə toxunmadan onu deyənin, yazanın ağzının payını verir. Yəni axırda eləyən yox, görən, törədən yox, törədildiyini deyən “pis adam” olur. Əgər sovet dövründəki demaqogiya yazmağa yönəlmişdisə, indi demaqogiya pozdurmağa, sildirməyə, haqqı aradan qaldırmağa əsaslanır. Bax, əsl buna deyərəm, zəmanənin dəyişilməsi…

Bəzən görürsən ki, kimsə “ağlının dayazlığı” ucbatından hansısa bir həqiqəti deyir, yüzlərlə “ağıl dəryaları” o saatca tökülürlər onun üstünə ki, “həqiqətin qapağını bağla”, qoxusu cəmiyyətə yayılmasın.

Bütün bunları görəndə, ya zəlzələdən, ya vəlvələdən, bu hadisələrə şahidlik edəndə, yadıma Əbdürrəhim bəy Haqverdiyevin “Xəyalat” pyesi düşür. Həmin dramda Mirzə Fətəli Axundovun komediyalarının bir neçə baş qəhrəmanı bir-bir onun, yəni onların surətlərini yaratmış yazıçının yanına gəlirlər və hamısı da bir nəfər kimi şikayətlənirlər ki, nə üçün dramlarında bizi bu kökə salmısan, niyə bizi olduğumuz kimi təqdim eləmisən?! Hətta yazıçıdan qəti surətdə tələb edirlər ki, onlar barədəki əsərlərinə əl gəzdirib yazdıqlarını düzəltsin, yaxud qələmə aldıqlarını silsin. Amma o tənqidə tuş gələnlərdən, haqsız adamlardan heç biri özünü real həyatda düzəltməyə, əməli saleh insan olmağa çalışmır. Sanki sonda, günahkar həmin adamlar yox, elə yazıçının özü olur.

Hətta yazıçı tənələrdən, qınaqlardan elə usanır ki, əlacsız qalıb haqlı ola-ola haramxor, cadugər Dərviş Məstəlidən üzr istəyir. Yazıçının başqa bir qəhrəmanı Hatəmxan ağa onu təhdid edir ki, bu saat səni təkfir elan edəcəm, yəni kafir olduğunun sübuta yetirildiyini camaata bildirəcəm. Guya misi qızıla döndərən fırıldaqçı Molla İbrahim Xəlil Kimyagər yazıçıya söyləyir ki, görərsən, elə edəcəyəm ki, öləndə namazını qılmağa, tabutunu götürməyə bir kimsə gəlməyəcək.

Onlar, yəni özünə güzgüdə baxmayanlar, bu günün yazı sildirən, status pozduranlarının “mənəvi babaları” gedəndən sonra Mirzə Fətəli öz otağında yalqız qalır. Və ürək sıyıran ağrıyla öz-özünə deyir: “İndi mən təkəm və bu təkliyimlə fəxr edirəm”.

Sildirilən yazıları, pozdurulan statusları gördükcə isə mənim də ürəyimdən qara qanlar axa-axa düşünürəm: Daha Mirzə Fətəli Axundov tək deyil, daha tək olan, kimsəsiz qalan əsl həqiqətin özüdür…

Fərid Hüseyn


Share: