Yay transfer dönəminin ən bahalı on transferi – SİYAHI

Avropada 2018/2019 mövsümünün yay transfer pəncərəsi artıq bağlanıb.

Müstəqil.az Oxu.Az-a istinadən aşağıdan yuxarı “Top-10” bahalı transferləri təqdim edir:

Jorjinyo (“Çelsi”)  – İtalyan mənşəli olan braziliyalı dayaq yarımmüdafiəçisi Jorjinyo “Çelsi” ilə beş illik müqavilə bağlayıb. London təmsilçisi bunun üçün İtaliyanın “Napoli” klubuna nə az, nə çox, 57 milyon avro ödəyib.

Fred (“Mançester Yunayted”) – Bu braziliyalı da mərkəz yarımmüdafiəçisidir və İngiltərə nəhənginə keçib. Üstəlik, onunla beş illik müqavilə bağlanılıb. Bunun üçün “Mançester Yunayted” Ukraynanın “Şaxtyor” klubuna 59 milyon avro ödəməli olub.

Alison (“Liverpul”) – O da braziliyalıdır və İngiltərənin digər nəhənginə transfer olunub. “Liverpul” İtaliyanın “Roma” klubuna 62,50 milyon avro ödəyib və Braziliya millisinin qolkiperi vasitəsilə ötən mövsüm qapıda yaşadığı ən böyük problemini həll edib.

Tibo Kurtua (“Real”) – Daha bir qapıçı ən yüksək transferlər siyahısına düşə bilib. Ancaq söhbət dünya çempionatının ən yaxşı qapıçısından gedirsə, Madrid “Real”ının belçikalı üçün “Çelsi”yə 65 milyon avro ödəməsində heç bir qəbahət yoxdur.

Nabi Keyta (“Liverpul”) – Əslində, Qvineya millisinin mərkəz yarımmüdafiəçisinin transferi ötən mövsümün gedişatında razılaşdırılmışdı. O, Almaniyanın “Leypsiq” klubundan 65 milyon avroya “Liverpul”a transfer olunub.

Riyad Mahrez (“Mançester Siti”) – İngiltərənin “Lester” klubu ilə çempion olmuş Fransa doğumlu Əlcəzair millisinin sağ cinah hücumçusu hazırda Afrikanın ən bahalı oyunçusu statusundadır. Onun üçün İngiltərənin son çempionları olan “şəhərlilər” “Lester”ə 67,80 milyon avro ödəyib. O, “Mançester Siti” ilə beş illik müqavilə bağlayıb.

Toma Lemar (“Atletiko”) – Qvadelupa doğumlu Fransa millisinin sol cinah hücumçusu “Monako”dakı üç illik fəaliyyətindən sonra İspaniya klubuna keçdi. Madrid klubu bunun üçün 70 milyon avrosundan keçməli olub.

Kepa (“Çelsi”) – Tibo Kurtuanın mümkün gedişinə görə bu transferi reallaşdıran London klubu onu dünyanın ən bahalı qapıçısı edib. İspaniyalı, daha dəqiqi bask oyunçusuna görə “Çelsi” Bilbao “Atletik”inə düz 80 milyon avro ödəməli olub. Öz ilə isə yeddi illik müqavilə bağlanılıb.

Kriştianu Ronaldu (“Yuventus”) – Heç kimin gözləmədiyi transfer yay transfer dönəminin ikinci ən bahalı transferi ünvanına sahibdir. İtaliya klubu “Real”a bunun üçün 117 milyon avro ödəyib. Əvvəlki klubunda sol cinah hücumçusu kimi çıxış edən Ronaldu indi mərkəz forvardı kimi oynadılsa da, hələlik ümidləri doğrultmur.

Kilyan Embape (PSJ) – Atası kamerunlu məşqçi, anası əlcəzairli sabiq həndbolçu olan, özü isə Fransada doğulmuş Embape dünyanın ən bahalı transferi ünvanına sahibdir. Fransa millisi ilə dünya çempionu olmuş və 19 yaşda mundialın ən gənc yaxşı oyunçusu seçilmiş Embape ötən mövsüm icarədə oynadığı PSJ-yə bu dəfə tam hüquqlu futbolçu kimi keçib. “Monako” 19 yaşlı oyunçu üçün çox fantastik məbləğ qazanıb – 135 milyon avro!

Share: