“Yaşlılar rus sonluqları ilə vidalaşmaqda çətinlik çəkirlər”

Deputat Sabir Rüstəmxanlı 2023-cü ildə soyad sonluğundakı “ov”dan imtina olunmasını ilə bağlı irəli sürdüyü təklifə biganə qalan icra orqanlarına çağırış edib.

Kulis.az xəbər verir ki, xalq şairi bu barədə “facebook”da qeyd edib:

“Milli Məclisin ötən ilki son yığıncağında təklif etdim ki, qoy 2023-cü ildə, ilk gündən başlayaraq, ailələrdə doğulan uşaqlara doğum şəhadətnaməsi alınarkən soyad sonluqları “ov”suz, “yev” siz yazılsın. Soyad sonluqlarının milliləşməsi haqqına qərar Azərbaycan parlamentində 1992-ci ildə qəbul edilib.

Lakin icra orqanları buna mane olublar. O vaxtdan həm Məclisdə, həm mətbuatda dəfələrlə bu barədə danışmışıq, yazmışıq, onlarla siyasətçi, ictimai xadim, ziyalı, mətbuat nümayəndəsi bu işin zəruriliyini dilə gətirib. Lakin bu işi həyata keçirməli olan icra orqanları millətin istəyini bu qulağından alıb o biri qulağından veriblər.

Təkcə Vətəndaş aktlarını qeydiyyat idarələri günahkar deyil, burada vətəndaş şüuru, milli heysiyyət, öz hüququnu bilməmək, övladının taleyinə biganəlik kimi amillər də bir əngəldir. Yaşlılar vərdiş etdikləri rus sonluqları ilə vidalaşmaqda çətinlik çəkirlər. Başa düşürük. Onda qoy heç olmasa yeni doğulan uşaqlarımız ilk gündən milli soyad daşısınlar. Əgər buna da mane olacaqlarsa, deməli, burada bir qəsd var…”

Share: