“YASAQ SEVGİLƏR”LƏ YAŞAMAQ ÇƏTİNDİR” – Əyyub Qiyas Sara İbrahim yaradıcılığından yazır…

“YASAQ SEVGİLƏR”LƏ YAŞAMAQ ÇƏTİNDİR

 

Mənə görə ədəbiyyat lifti işləməyən çoxmərtəbəli bina kimidir, sadəcə səbr edib, özünü toplayıb, pillələrlə yuxarı qalxmalısan. Aşağıdan baxanda adamın gözləri qarala bilər, amma özündə cəsarət tapanlar, çəkinmədən bu binaya daxil olub, pillələri qalxırlar.

İlk romanı ilə yola çıxan Sara İbrahim hələ bu binanın birinci mərtəbəsindədir, amma özündə cəsarət tapıb, pillələrlə yuxarı qalxır və əminəm ki, bir gün sonuncu mərtəbədən günəşi salamlayacaq. Onun inamlı özünütəsdiqi və axtarışları bu cür düşünməyimə əsas verir. Bir neçə hekayəsini oxuduğum, indi isə ilk romanının redaktəsini bitirdiyim Sara İbrahim güclü müşahidələri və yaratdığı mükəmməl ailə tablosu ilə diqqətimi çəkdi. Ədəbiyyatda müxtəlif ana obrazları ilə tanış olmuşuq, lakin romanın qəhrəmanı Səmanın anası təsadüfən qarşılaşdığımız analardandır və müəllif məhz o ananın obrazını oxucu ilə paylaşmaq isəyir.

“Yasaq sevgilər” bir ailə hekayəsidir. Biz uşaq yaşından sevgiyə həsrət qalan bir qızın faciəsini izləyirik və o qızın bu sevgidən məhrum olmaqda heç bir günahı yoxdur, amma sevgisizlik qızın həyatına ağır zədələr vurur və Səma adlı qəhrəmanımız özünü axarıb tapana qədər, müxtəlif faciəli anlar yaşayır. Müəllif onu bu sevgidən məhrum edən ananı çox ağır cəzalandırıb və bu, gözləniləndir: yenə ilahi ədalət öz sözünü deyir…

Əsəri təhlil etmək fikrində deyiləm, onu dəyərli oxucuların ixtiyarına verirəm, sadəcə bir məqama toxunmaq istəyirəm: bu roman oxucunu addım-addım böyük sevgiyə aparır və sonunda müəllif qarşısına qoyduğu məqsədə çatır. Sara İbrahim öz qəhrəmanlarını cəzalandırmaqdan çəkinmir və bununla həm də özünü cəzalandırır, çünki romanın qəhrəmanı gənc Səma böyük sevgi üçün doğulduğunu bilir və onu da anlayır ki, bu sevgiyə qurbansız çatmaq mümkün deyil. O qurbanları isə Səma üçün Allah seçir! Mənə elə gəlir ki, Sara İbrahimin “Yasaq sevgilər”i sizin maraqlı həmsöhbətiniz olacaq. Nəşriyyat dünyasına yeni qədəm qoymuş və artıq iki ayını geridə qoymuş, maraqlı layihələri ilə diqqət çəkən “Mücrü” nəşriyyatında çap olunan “Yasq sevgilər” romanı dolğun bədii təsvirləri və ziddəytli obrazları ilə maraq doğurur. Qeyd etdiyim kimi roman müəllifin ilk böyük işidir və qüsurları yox deyil, bu da sadəcə Sara İbrahimin müəyyən qədər təcrübəsizliyindən irəli gəlir. Redaktə prosesində təqdimatı oxucuya daha rahat və dolğun çatdırmağa çalışmışıq, üstəlik müəllifin ədəbiyyata olan ciddi münasibətinə, özünə tələbkarlığına arxayın olub, ona tezliklə əvvəldə qeyd etdiyim kimi çoxmərtəbəli binanın yuxarı qatından günəşi salamlamağı arzulayır və bəri başdan deyirəm, əgər günəşi salamlamaq fikrin yoxdursa, yazma! Ədəbiyyat günəşi salamlayanların evidir! Uğurlar!

 

Əyyub QİYAS

 

Share: