“Yapon kimi ayağımı masaya qoya bilmərəm” — Vüqar Kərəmov

Xəbər verdiyimiz kimi, “Qəbələ” İdman Klubu 3 MMA döyüşçüsü – Vüqar Kərəmov, Tofiq Musayev və Nəriman Abbasovla müqavilə imzalayıb. “Qafqazinfo” xəbər verir ki, imzalanma mərasimindən sonra idmançılar Yaponiyanın Rizin” təşkilatının noyabrın 4-də Milli Gimnastika Arenasında keçirəcəyi “Landmark 7” turnirinə hazırlıqlarından danışıblar.

“Qəbələ” klubunun MMA şöbəsinin müdiri, Nəriman Abbasovun məşqçisi Şəhriyar Abbasov qeyd edib ki, turnirə hazırlıq tam sürətlə gedir. Ağır yüklər mərhələsi keçib, indi çəki salmaqla məşğuldurlar.

Şəhriyar Abbasov Qazaxıstanda “Naiza” təşkilatı adı uğrunda mübarizə aparacaq Nəriman Abbasovun gələcəyindən də danışıb. O, Nəriman üçün Qazaxıstandakı təşkilata keçid geri addım saymayıb: “Biz məğlub olduğumuz döyüşdən sonra Qazaxıstana getdik. İlk döyüşdə o, qalib gəldi, amma sevinmədik. Hər bir idmançı müxtəlif səbəblərdən geriləmə dövrləri yaşayır. Bu hər kəsdə olur. Fərqli təkliflərimiz oldu. Amma maliyyə tərəfi də var. Məsələn, UFC-yə gedərkən öncə çox pis maliyyə şərtləri təklif edildi bizə. Buna baxmayaraq, risk etdik.

Nəriman Qazaxıstana çox yaxşı şəraitdə getdi. Üstəlik, müqavilə hər yeni döyüş üçün nəzərdə tutulub. Hər növbəti döyüş üçün planlar qururuq. Məhz bu şərtlər sayəsində indi “Rizin”də döyüş keçirə biləcəyik. İlk dəfədir ki, Bakıda belə səviyyəli turnir keçirilir. Nərimandan möhtəşəm döyüş gözləyirəm”.

Öz növbəsində Tofiq Musayev yaxşı döyüş nümayiş etdirəcəyinə söz verib: “Yaxşı döyüş göstərmək və tamaşaçıları sevindirmək üçün əlimizdən gələni edəcəyik. Məni güclü döyüşçüyə qarşı çətin mübarizə gözləyir. 2021-ci ildə uduzduğum braziliyalı Roberto Satoşi ilə Bakıda döyüşmək istəyirdim, lakin o, zədə səbəbindən gələ bilmədi”.

Tofiq Musayev tezliklə PFL təşkilatına satıla biləcək “Bellator” təşkilatı ilə bağlı sualı da cavablandırıb: “Bellator” dekabrda sonuncu turnirini keçirəcək. Bundan sonra nə edəcəyimizi menecerlə müzakirə edəcəyik. Bu hələlik sirr olaraq qalsın. Amma deyim ki, PFL maraqlı qurumdur”.

Titullu döyüşçü Azərbaycanda niyə yüksək səviyyəli MMA döyüşçülərinin az olması sualını da cavablandırıb: “Bizim çoxlu potensiallı idmançılarımız var, amma turnirlərin keçirilməsi lazımdır. Əgər inkişaf istəyiriksə, o zaman turnirlər keçirməliyik. Əhəmiyyətli bir məqam maddi dəstəkdir. Tək Azərbaycanda məşq etmək mümkün deyil, təlim-məşq toplanışı keçirib, xaricə toplanışa  getmək lazımdır. Bütün bunlar inkişafa töhfə verir. Hesab edirəm ki, MMA-ya böyük maraq və dəstəyə ehtiyac var. Sonra UFC və digər təşkilatlarda titul uğrunda mübarizə aparacaq döyüşçülərimiz olacaq”.

Nəriman Abbasov qarşıdakı turnirlə bağlı fikirlərini də bölüşərək, rəqibini yaxşı analiz etdiyini qeyd edib: “Noyabrın 4-də bizi vacib döyüşlər gözləyir. Azarkeşləri qələbələrlə sevindirmək istəyirik. Rəqibim dağıstanlıdır. Biz onu təhlil etdik. Maraqlı döyüş gözləyirəm. Biz onun güclü və zəif tərəflərini bilirik. “Naiza” təşkilatına gəlincə, orada titul uğrunda mübarizə aparmalıyam. Sonra xaricdəki təşkilatlara qayıdacağıq”.

“Rizin” çempionu Vüqar Kəramov yapon idmançıların yüksəlişindən narahat olmadığını qeyd edib: “Noyabrın 4-də qələbə qazanıb azarkeşləri sevindirmək istəyirik. Rəqibim “Bellator” çempionu Patrisio Pitbullu məğlub etdi və Yaponiyada yüksələn MMA ulduzu sayılır. Amma mən buna əhəmiyyət vermirəm. Onu məğlub etmək niyyətindəyəm. Rəqibim şou göstərməyi sevir. Mən isə sözümü rinqdə deyirəm. Noyabrın 4-də onu məğlub edəcəm”.

İdmançı həmçinin yerli idmançıların niyə rəqiblərə meydan oxumağa meyilli olmadığı barədə suala belə cavab verib: “Çox şey bizim tərbiyəmizdən, böyüdüyümüz mühitdən asılıdır. Hər kəsin öz xarakteri var. Mən yapon kimi ayağımı stolun üstünə qoyub ora çıxa bilmirəm. Masada oturub yemək yeyirik. Məsələn, Konor Makqreqor şoumendir. Özünü yaratdı. Amma, məsələn, Həbib Nurməhəmmədov da belə davransaydı, çətin ki, buna görə alqışlanardı”.

Qeyd edək ki, noyabrın 4-də Vüqar Kəramov yaponiyalı Çihiro Suzuki ilə, Tofiq Musayev Toji Takeda ilə, Nəriman Abbasov isə dağıstanlı Əli Abdulxalikovla qarşılaşacaq.


Share: