Yanvarın 1-də Əvəz Zeynallının 53 yaşı tamam olur…

Mərkəzi ofisi Parisdə yerləşən “Sərhədsiz Reportyorlar Təşkilatı”nın apardığı tədqiqatlara görə, son 20 ildə dünyanın müxtəlif yerlərində 1668 jurnalist qətlə yetirilib. Təkcə ötən il kütləvi informasiya vasitələrinin 57 əməkdaşı öldürülüb, 49-u itgin düşüb və 533 jurnalist müxtəlif maddələrlə azadlıqdan məhrum edilib. 8 jurnalist isə Rusiya-Ukrayna savaşında həlak olub…

Jurnalistlər üçün ən təhlükəli ölkələr- Amerika qitəsində Meksika, Baraziliya və Kolumbiya, Avropada isə Rusiya hesab edilir. Qərbi Avropa üzrə bu sırada Fransa yer alıb. Nəticələr göstərir ki, əsasən hədəfdə korrupsiya və mütəşəkkil cinayətkarlığı araşdıran jurnalistlər olur. Göründüyü kimi, dünyanın hər yerində müəyyən qüvvələr tərəfindən araşdırmaçı jurnalistlərə qarşı mübarizə aparılır…
Əvəz Zeynallı da jurnalisdir. Tənqidi video çıxışları, araşdırma yazıları ilə ölkədə yaxşı tanınır, məşhurdur. Sanki ispan yazıçısı Migel de Servantesin qələmə aldığı “Ağıllı zadəgan Don Kixot” əsərinin baş qəhrəmanı kimi “yel dəyirmanı” ilə döyüşür. Bu onun şəxsi işidir. Nə qədər haqlıdır, nə qədər haqsız bunu zaman göstərəcək. Yeri gəlmişkən, rəsmi məlumatlara görə 2011-ci ildə külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət alma, o cümlədən xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ittihamları ilə azadlıqdan məhrum edilib. 2014-cü ildə isə Prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb…
Əvəz Zeynallı 2022-ci ildə təkrarən həbs olunub. Baş Prokurorluğun mətbuatda yayımlanan məlumatından məlum olur ki,- “Xural Yayınları” MMC-nin baş redaktoru Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin hazırda həbsdə olan keçmiş sədri Rasim Məmmədovun yaxınlarından cəmiyyətdə onun “müsbət imicini formalaşdırmaq məqsədi ilə 2022-ci ilin avqustunda 20 min manat rüşvət alıb”…
Nə isə, sözümün canı odur ki, yeni ilin ilk günündə- yanvarın 1-də Əvəz Zeynallının ad günüdür, 53 yaşı tamam olur. Düşünürəm ki, bu məqamda ən böyük təbrik- ALLAH QAPISINI AÇSIN!- diləyidir. İnanıram ki, möhtərəm Prezident növbəti dəfə də ondan mərhəmətini əsirgəməyəcək. Tezliklə ailəsinə, övladlarına qovuşacaq və növbəti ad gününü azadlıqda qeyd etmək şansı qazanacaq…
Elman Eldaroğlu
Share: