Yamadayevlər ailəsinin evləri müsadirə olundu

Çeçenistan güc strukturlarının Qudermesdə dünən keçirdiyi xüsusi əməliyyatın təfərrüatları məlum olub.

“Rosbalt”ın məlumatına görə, Qorki küçəsində aparılan əməliyyat zamanı Yamadayev ailəsinin evləri müsadirə olunub.

Əməliyyatda hüquq-mühafizə orqanlarının bir neçə yüz əməkdaşı iştirak edib. Onlar Yamadayevlərin yaşadığı məhəlləni mühasirəyə alıblar, evlərə girərək axtarışlar aparıblar.

Hadisənin səbəbləri barədə məlumat verilmir. Həmzət adlı biri baş verənlərə etiraz etmək istəyəndə polislər onu döyüblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları İsa Yamadayevin evinin iki saat ərzində boşaldılmasını tələb ediblər. Lakin heç bir rəsmi sənəd təqdim etməyiblər.

Qeyd edək ki, Yamadayev qardaşları Çeçenistanda ən məşhur ailələrdən biridir. 6 qardaş olan Yamadayevlər birinci və ikinci Çeçen müharibəsinin iştirakçıları olub. Sağ qalan İsa və Badruddi Yamadayevlər Çeçenistanın indiki prezidenti Ramzan Kadırovu qardaşları – Rusiya Dövlət Dumasının deputatı Ruslan Yamadayev və “Şərq” batalyonunun komandiri Sulim Yamadayevin ölümündə təqsirli bilirlər.

Share: